Səməd Vurğuna sevginin çəlişkisi

samad

OYANNEWS :Səməd Vurğuna fərqli yanaşmaların olduğu bəlli. Kimsə onun iki şeirini əzbərləmiş deyə sevgisi ola bilər. Kimsə milli birisi kimi tanıya bilər. kimsə də Güney üçün şeir yazmış deyə sevə bilər. Mənimsə sevməmək üçün nədənlərim var. Sevgisi olanların da nədənlərində çəlişki( təzad) olduğunu düşünürəm.

Şairmi? şeirmi!?

İlk öncə bu soru ilə qarşı qarşıyayıq. Şeirimi sevmək lazım imiş yoxsa şairi? Biz yaradıcı ilə yaradıcılıq arasında olan sınırı bir çox zaman tanımış deyilik. Şeiri, şairi üçün sevmək vəya şairi şeiri üçün sevmək , şeiri şairini sevmədiyimiz üçün bəyənməmək qədər məntiqsizdir. Sevmədiyimiz birisinin gözəl şeiri ola bilərsə, demək sevdiyimiz şeirin şairi də sevilməyən birisi ola bilər. Bu qədər şeir- şair qopmazlığı düşüncəsi ilə yanaşmaq nəyimizə lazımdır!?

Nazim Hikmətin şeirini sevən Nazimin özünü sevmək məcburiyyətindədirmi? Vəya Nazimi sevmək bütün şeirlərini sevmək kimi bir durumla qarşlaşdırmalıdırmı?

Sənət əsərinə müstəqil varlıq tanımayan düşüncə, əsəri yaradıcısı ilə qopmaz duruma gətirir. Bu da yaradıcı və sənət əsəri üçün olumlu bir durum yaratmayacağı ilk başdan bəlli.

Bizim bir çoxumuzun Səməd Vurğuna yanaşmasında da bu sorun vardır. Səməd Vurğunun hansısa şeirini sevmək, Səməd Vurğuna vurğunluğa aparırsa demək bizim üçün hələ vurğulaması gərəkən önəmli qonular var.  Şeir, insanı özəllikdirsə, şaira aparan sevgi ilə sonuclanması məntiqli sayıla bilər. bir şəxsin şeirləri içindən min bir düşüncə üzə çıxa bilirsə demək insanı özəllik deyil. Bəs nədir bu azğın sevda…

Səməd Vurğunun Güney Azərbaycanda 1946-ci ildə Milli Hökümət dağıldıqdan sonra yandırılan Türkcə kitablara yazdığı şeirinə baxarsaq Səməddən bir milli, insansevər fiqor ortaya çıxar,  Al bayraq sevdasında yazdığı şeirlər fanatik bir komunistin şeirinə ideoloji basqınından başqa bir şey deyil, Hüseyn Cavidin Sibriyə göndərilərək öldürülməsinə sevinərək yazdığı şeir isə Səməd Vurğundan bir qatil fiqorundan artıq bir fiqor üzə çıxarmır. Bu qarğaşanın içində yaradıcıya sevgi axtaranlar, məncə qaranlıqda boş bir axtarışa çıxmışlar. Təbii, insan düşüncəsindəki qurğularının yıxılmasında dirənər. Səməd Vurğun kimilərə olan sevginin zədələnməsinin qarşısında olan dirəniş də bu təvəhhümün yıxılmamasına çalışmaqdır.

 

Çəlişkili Görüş

Güney Azərbaycanda milli düşüncəli bir çox insanın da Səməd Vurğunun “Yandırılan Kitablar” şeirinə görə  Vurğunun özünə baxışları müsbətdir.  Bu da Səməd Vurğunu milli birisi olaraq gördüklərindəndir. Baxmayaraq ki, həmən şeirin də son bəndində Al Bayraq  unudulmur:

“Sür atını, dördnala çap! Meydan sənindir… Ancaq;
Mən görürəm al geyinib gələn bahar fəslini…
Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini”…

Məncə Güney Azərbaycanlıların bu yanaşmada ciddi bir çəlişki var. Bir tərəfdən M.Ə. Rəsuzadənin düşüncə yolunun davamçısı olaraq özümüzü hesab edib, başqa tərəfdən də onlara daim kəsilmiş və onların fiziki olaraq belə yox edilməsində belə rol oynamış insanların şeirlərinə deyil, özlərinə vurğunluq gözü bağlılıqdır. İnsanların tarixə baxışı üçün bir bucaqları olmalıdır.  “Tarixdə kim bizdən olmuşsa yaxşıdır” yanaşması, tarix yanaşmaqda görüşsüzlükdür.

Səməd Vurğun, 1945-ci ildə Güney Azərbaycanda yaranan höküməti, milli bir hökümət olduğu üçün savunmurdu, o ancaq çiynində daşığı “Al Bayraq”la bu işi görə bilərdi. Milli birisi idisə Quzeydəki milli insanların öldürülməsində bu qədər özünü oda suya vurmazdı. Səməd Vurğun Quzey Azərbaycanda milli insanların, aydınların öldürülməsinə təkcə susmamışdı, bəlkə qatil nifrəti ilə şeir adlandırdığı bu boş sözləri də yazmışdı:

Səməd Vurğun 

Hüseyn Cavidə

Sən ey böyük günlərin adına böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşıqiyəm” deyən deilmidin, sən?
Ömründə bir yaxşılıq gəlməmişdi əlindən.
Millətçilər adına dedi böyük sənətkar,
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən Həmidi qoltuğa vurub gəzməyə getdin,
Hərədən bir tük çəkib, kosuna saqqal etdin.
Azərbaycan şairi olsa da qorxaq adın,
Sultanların, şahların sinəsini yaladın.
Utanmadın Vaqifin, Füzulinin üzündən 
………………………………………………………….
O murdar arzuların torpaqlara gömüldü,
Sənin yaratdıqların özündən əvvəlöldü.

Səməd Vurğun qırmızı terrorun dəstəkçisidir. Buna göz yummaq istəyənlər qəddarcasına Sibirdə öldürülən aydınlarımıza qarşı haqsızlığa səssiz qala bilən ruhlardır məncə.

Nədən milli hökümətin dönəmində basılan Türkcə kitabların yandırılmasının dərdini çəkən Səməd Vurğun, bir aydın millətçi nəslinin öldürülməsindən sevinci yerə göyə sığmır? Biz, Səməd Vurğunun Al Bayraqla bitərək bizim milli höküməti komunizmə bağlayan şeirinə möhtacıqmı? Özünü milli düşüncəli adlandıran insan bu olaylara baxışında nədən belə susqun qonumda yerləşir? Bizim keçmişə olan baxışımızda bir qonumumuz olmamalıdırmı?

Mənim Səməd Vurğuna baxışım onun komunist olduğu üçün deyil, davranışında insanlığa qarşı olduğu və yozlaşmış bir insan olduğu üçündür. Fərqli düşünən insanın həzfinə qalxışan doqmatist düşüncə yiyəsi olan insanın yerinin çox bəyənilən bir yer olmayacağını bəlkə Səməd Vurğun özü də anlayacaq zəkaya sahib imiş.

Bütün bunlara görə də şeiri şairə görə, şairi isə şeirə görə dəyərləndirməmək lazım.  Hər şeir özülüyündə söz qonusu ola bilər. Bunlar bir- birindən fərqli varlıqlardır.

Ramin Cabbarlı

Bu yazı üçün yorumları bağlanmışdır.