Çexiya Parlamenti də Xocalı soyqırımını rəsmən tanıdı

f79a0ab480_736412915

OyanNews: Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olub.

Vətəninfo.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, fevralın 7-də ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edib.

Qəbul edilmiş sənəddə qeyd olunur ki, “bu qırğın haqqında dünyanın bir çox kütləvi informasiya vasitələri məlumat yaymış və bu hadisə “Human Rights Watch/Helsinski” təşkilatı tərəfindən erməni hərbi qoşunlarının münaqişə zonalarında dinc əhaliyə münasibətdə beynəlxalq hüququn adi normalarının pozulması kimi bəyan edilibir”.

Sənəddə xüsusi vurğulanır ki, “insanlığa qarşı törədilən bu cinayəti bir çox dünya hökumətləri də pisləmişlər”.

Qəbul edilmiş sənəddə o da qeyd edilir ki, “Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalına son qoyulmasına çağıran BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri indiyədək yerinə yetirilməmişdir. BMT Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyası öz qətnamələrində Azərbaycan Respublikasının Dağlıq Qarabağ da daxil olmaqla suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər”.

Nəhayət, yekdilliklə qəbul edilmiş qətnamənin sonuncu paraqrafında deyilir: “Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, qırğın və soyqırımı hallarını törədilmə vaxtından və yerindən asılı olmayaraq pisləyir. Bütün bu cür aktları pisləyən, qəbul edilmiş qətnamələrin ardıcıllıqla yerinə yetirilməsinə çağırırıq. Bu kontekstdə Xocalıda törədilmiş qırğını insanlığa qarşı cinayət hesab edərək, onu pisləyir və rədd edirik. Bununla həmin faciənin 21-ci ildönümünü anır və Azərbaycan xalqına başsağlığı veririk”.

Beləliklə, Çexiya parlamenti Avropa İttifaqında Ermənistanı Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə pisləyən ilk qanunverici orqan olmuşdur. Çexiya bu qətnamə ilə Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının tərkib hissəsi kimi, Ermənistanı isə bu ərazini işğal etmiş, Xocalıda ən ağır cinayətin törədilməsində təqsirkar olan dövlət kimi tanıdığını bir daha rəsmən təsdiq edib.

Vətəninfo

 

Yorum yazmaq istəyirsinizmi?