Kimlik Məsələləri Və Yazarların Kimliyi

iz

OyanNews: Düşüncə otağımızı isindirən son qonulardan biri, yazarların hansı ədəbiyyata məxsus olmaları və kimliyimizi izah etmək mücadiləsi olduğuna görə, bu  barədə düşüncələrimi yazaraq, əziz oxucular və sayın qələmdaşlarla danışığa keçməyi amaclamışam.

Ana Dilində yazmamaq yaxud iki və bir neçə dildə yazmaq məsələsi Batı ölkələrində olduğu kimi Doğu ölkələrində də görünən məsələdir. Güney Azərbaycanda 1360-cı illərə qədər təkcə 5 cild boşqaba qoymalı roman kitabının olmamasının əsas səbəbi Rza Bərahəni, Səməd Behrəngi və Q.H.Saedinin bacarıqsızlığı, laqeydliyi və Ana Dillərinə ” sevgi və şuur ” bəsləməməyin sonucu kimi görmək, İranın çağdaş siyasi-ictimai tarixini yaxşı oxumamaq və bu məsələyə qərəzli və qeyri-elmi yanaşmağın sonucudur, məncə. Yuxarıdakı tarixə qədər (1360-cı ilə qədər) Ana Dilimizdə roman yazmaq istəyən yazıçı Türk dili dənizində dalğıclıq (qəvvaslıq) etməli idi, Amma Pəhləvilərin Ana Dilimizə tutduqları divanın içində roman yazmağa heç bir imkanatın olmaması və Ana Dilimizdə roman kitablarının yoxluğunu unutmamalıyıq. Enis Batur,  “Ana dil, Ögey dil və Ötəki dil” başlıqlı məqaləsində  Dante,  Petrarc, Cioran, Beckett, Pound, Nabokov, Conrad və Kundara kimi (öz Ana Dillərində yazıb-yazmayan, iki dilli və çox dilli yazrlardan danışır) amma,  Güney Azərbaycan yazıçıları kimi yazısından öfkəli bir qoxu duyulmur. Osmanlı dövrü və Çağaş Türkiyə yazarları barədə danışırkən məsələyə ideolojik xarakter verməkdən çəkinir. Güney Azərbaycandan fərqli olaraq hər iki dövrün yazarları (Osmanlı və  yeni Türkiyə dövrü) öz Ana Dillərində təhsil almaq imkanına malik olmaqlarına heç bir şübhə yoxdur (1). Enis Baturun məqaləsini oxuyandan sonra,  ona, Ana Dlində yazıb oxumaqdan məhrum olan insanı və daha dəqiq ifadə ilə desək Ana Dili yasaqlanmış insanı başqa dildə yazdığına görə məhkəməyə çəkmək olarmı sorusunu versəydim, yəqin ki Enis Baturun cavabı ” yox ” sözcüyündən ibarət olacaqdı .

Rüstəm İbrahimbəyov və Çingiz Abdullayev (hər ikisi də Rus dilində yazmış və dünyada da tanınmış imzalardılar) Quzey Azərbaycan Yazarlar Birliyinin rəsmi üzvü olmaqla bərabər, Azərbaycanın Xalq Yazıçıları ləqəbinə layiq görülmüş insanlardılar. Bu iki yazar Ana Dilimizdə heç bir ədəbi əsər yazmayıbdılar, Amma, bu iki yazıçı Quzey Azərbaycan yazarları kimi tanınırlar. Qırqız ədəbiyyatının ən görkəmli fiqoru, dünya şöhrətli romançı  Çingiz Aytmatov, Rus dilində yazmasına baxmayaraq həmən ölkənin Xalq Yazıçısı olmaqla bərabər, bütün Türk dünyasının ən sevilən yazarlarından birinə çevrilibdir. Türk Dünyası Ortaq Ədəbiyyatı kitabının yazarı  Prof.Ərtoğrul Yaman, Aytmatov haqda yazır ”Aytmatov, yalnız Qırqız Türklərinin deyil, bütün Türk dünyasının adlım yazarıdır. Əsərlərində bütün Türklərə aid Tarix,  mədəniyyət,  gələnək, fəlsəfə və estetiyi anlatmaqdadır (2)”  və  “ Onun əsərləri, Türk düşüncəsini zirvəyə qaldırmış və cahanşumullaşdırmışdır . O , ədəbiyyat  dünyasının abidə şəxsiyyətlərindən biri olmağa layiqdir (3)”. Daha bir örnək verəlim, Güney Azərbaycanın dünya şöhrətli yazarı, sayın Prof.Rza Bərahəninin əsərləri içəriyini qavraya və yaxud qavramaq istəməyənlərin əksinə olaraq , Fransa  ədəbiyyatının” Qadın James Joyce ” adına məşhur olan Helene Sixous , sayın Bərahəninin “Ayazın Cəhənnəmli Günləri” romanını oxuduqdan sonra öz düşüncəsini bu cümlələrlə ifadə etməyə çalışmışdır. “oxumaq həyatında yeni bir əsəri bulmaq, çox çətin və nadir bir hadisədir, bir sevgili ölünün qəbirdən baş qaldırıb dirilməsi kimi bir şeydir.O gün, insan, ədəbiyyatın həqiqi gücünə inanır . Məncə , hər 10 ya da 5 ildə belə bir hadisəyə tanıq ola bilərik. Mən üçün qiyamət günü idi .Ayazın Cəhənnəmli Günləri romanını oxuduğum zaman elə bir günü yaşadım .Cəhənnəmin özünü təcrübə etdim. Əsil Cəhənnəm idi. Belə əsərləri oxumaq mən üçün dözülməzdir. Yazarın iç dünyasından qaynayıb axan əsəri oxumaq , məni işgəncə edir. Bax, Rza Bərahəninin  bu əsəri mənə Cəhənnəmin nə olduğunu yaşatdı. Rzanın Cəhənnəmi gözəl və baxımlı bir saraydır,  İran, Türk və Batı arxivləri ilə doludur. Ensiklopedik  bilgilər və xatirələr yığınıdır, Başlanğıcı Moderndir. Cəhənnəm deməli idim, gözəl Cəhənnəmlər, niyə ki, Rza dünyasının hər  tərəfindən Cəhənnəm alovlanır. Dustaqların şeirini yazır və ailədə baş verən cinayətləri. Rza çox böyük şair və xəyal sevər bir müəllim olmaqla bərabər , ədəbiyyat  insanıdır. O,dünya söz sənəti sehirbazları və yeni azadlıq yaradıcıları cərgəsinə daxildir (4) “. Fransanın böyük femenisti və yazıçısı olan Helene Sixous , Rza Bərahəninin əsərlərində ki Türklük içəriyini sezirsə, nədən, bizim bir sıra yazarlarımız bunu sezə və yaxud sezmək istəmirlər?. Rza Bərahəninin Ayazın Cəhənəmli Günləri romanını Fransada Jean Genet və  James Joyce əsərləri ilə müqayisə edibdilər və tanınmış düşünər Julia Kristeva bu əsəri oxuyanda heyrətə dalıbdır . Bu roman,1349-ci ildə yazılıb bitməsinə  baxmayaraq, Rza Bərahəninin  Təbriz ləhcəsində yazdığı Türkcə nəsri daşımaqla yanaşı, Səməd Behrənginin öldürülməsi mövzusunu da əks etdirməkdədir (Bu roman ikinci pəhləvi dövründə Əmirkəbir yayın evinin nəşriyyatında basıldıqdan sonra bütünü ilə məhv edilmiş və yalnız bir nüsxəsi yazıçının özündə qalmışdır). Bir çox Güney yzarlarının bu kitabı tapa bilmədiklıri üçün Bu romanın (Təbriz ləhcəsində) Səməd Behrəngiyə görə yazılan parçasının qıssa bir nümunəsini verməyi lazımlı görürəm . ”intiqamüvi o quldurlardan alacağam , intiqamüvi  Mahmudun  dırnaxlarınnan eşiyə çəkəcağam! Aş qulaxlarüvi eşit Səməd! Mahmudun ürəyinin başında bir yer var ki mənim qəməmin ucu üçün yaranıb.Mən bir əlli vırmıyacağam bu qəməni, iki əlli, möhkəm,  elə ürəyinin başınan nallıyacağam  ki sinəsində ürəyi qıx yerə bölünsün Səməd. Otuz ildi bu qəməni itildirəm . Dədəmin, dədəmin dədəsinin, dədələrimin, qərdəşlərimin intiqamını Mahmutdan alacağam. Min ildi, nə! Səməd ! iki min ildi, hətta üş min ildi bu götverənlər, bu Ana bacıların sikdixlarım, bizim boynumuza miniblə, deyillə Hin eşşəyim bu yana, Hin eşşəyim O yana. Ağızlar bağlıdi, zindanlar  doludi. Hər ağzın bacasının qabağında , bir quldur, qurumsax qəzzax durub keşik verir. Kaş ölməyəydün  Səməd,  göreydün ki mən bu qəməni nə üçün ititmişəm. Baxdıxcan bu qəmiyə , özümdə qorxuram Səməd”(5).

İllər öncə, Muğanın ədəbi dərnəyində eşitdiyim bir söz yenədə gözlərim önündə qabarmağa başladı. Divan ədəbiyyatımız haqda danışarkən və özəlliklə Füzuli barədə düşüncələrimizi bir-birimizlə bölüşdüyümüz  zaman, bir dostumuz belə bir ifadə işlətmişdi ” O şərəfsiz Füzulidən danışmayın, mən onu Azərbaycanlı şair kimi görmürəm, niyə ki , O Türk dilində deyil , bəlkə Ərəb və Fars dillərində yazıbdır”. Bu sözü söyləyən dostumuz , ədəbiyyata nə tarixi baxımdan və nə də Tənqid aspektindən yanaşmamışdı. O, aşırı millətçilik və Us Dışı bir baxışla Füzulini danmağa çalışırdı. Azərbaycan ədəbiyyatının və Türkcəsinin tarixi gəlişmə sürəcini, Füzulişunaslıqda, Füzulinin tam Azərbaycanlılığı və Azərbaycan Türkcəsində yazmasının mübahisəli olması, siyasi-ictimai və dini məsələləri araşdırmadan bütün Azərbaycan yazarları və aydınlarını satqınlıq və Ərəb-Fars dillərinin qulluqçuları kimi görmək ən gülünc və Us Dışı bir baxış kimi düşüncə və ədəbiyyatımızın gəlişməsinə heç bir pay verməyəcəkdir . Füzuli, Nəsimi, Seyd Əzim Şirvani, Vahid, Axundzadə və başqa klassiklərimizi araşdırmaq üçün” Öz Türkcə”  aspektindən deyil,  bəlkə Tənqid gözlüyü arxasından ədəbi materiyalları tədqiq etməliyik.

Özünü Azərbaycanlı hesab etməyən şəxsi, yazarı və düşünəri Azərbaycanlı kimi tanıtmaq düzgün deyil. Amma, O şəxsin bu həqiqəti danmağına baxmayaraq, O yenə də Azərbaycanlıdır, necə ki, heç bir Almanlı Hitlerin Almanlı olduğunu danmır, biz də Rza Xanın və M.R.Şah Pəhləvinin bir tərəfdən Türk olduqlarını dana bilmərik (6) (Assimilasiya siyasətinə məruz qalmış insanı aydınlatmalıyiq  yoxsa boşlamalı ?) . Məncə, Azərbaycanlı və Türk dilli olmaq öz özlüyündə nə böyük şərəfdir və nə də alçaqlıq. Azərbaycan insanı öz Siyasi – İctimai, Tarixi, Ədəbi və Düşüncə tarixi ilə fəxr edib öyünməlidir, məncə. Yazarın hansı ədəbiyyata məxsus olması da çox mürəkkəb məsələdir. Füzuli, Türk, Ərəb və Fars dillərinin daşıyıcısıdır və eyni halda ondan neçə yüz il sonra  boya – başa çatan Güneyli Yazar,sayın Prof.Rza Bərahənidə Fars, Türk və İngilis dillərinin daşıyıcısıdır. Rəhəmətlik Səməd Behrəngi isə o dövrün diktatorluğu və Anti Azərbaycan siyasətinin qan əmici basqılarına görə Azərbaycan mühitini və folkolorunu (Azərbaycan içəriyini) Fars dilində yazmalı olubdur. Füzulinin bir ayağı Türk ədəbiyyatındadırsa iki ayağı da Fars və Ərəb ədəbiyyatı içindədir. Rza Bərahəni də öyləcə. Bu hesabla “Gərçe canandan dili şeyda üçün kam istərəm, sorsa canan bilməzəm kami dili şeyda nədir? ” (7)–“Eşq sərgəştəsiyəm seyli-sirişk içrə yerim, bir hübabəm ki həvadən doludur pirihənim” –“Dəhr vəqf etmiş məni norəs cavanlar eşqinə, hər yetən məhvəş əsiri xət-o xal eylər məni “- “Qəd ənarəl eşqi-lel uşşaqi minhacəl hüda, Saliki rahi həqiqət eşqə eylər iqtida” (8) -misralarının yaradıcısı olan Füzulini hansı ədəbiyyata daxil etməliyik (bu sorumu Füzuli yaradıcılığına “Öz Türkcə” aspektindən yanaşanlara xitabən veririəm)?. Onun Ərəb və Fars dillərindən aldığı sözcükləri satqınlıq, Fars severlik, Ərəb sevərlik hesabına qoyursunuz  yoxsa  O dövrün siyasi-ictimai , Tarixi , Dini tələbatları və dilimizin tarixi gəlişmə sürəci  hesabına qoymalıyıq ?. ”Dədəm dədəm dədə Qorqud, dedüx, dedüx hamımız, və əl ələ əl ələ verdüx və yolların hamısın bağladux hezar sal ” – “ Bağın dibində sənin əksivi tapanda, o əksi, basanda bağrına gizlin, DİLİM! DİLİM!((deyen)) ey heyf olmuşum, yazığım!  Gözəl dilim, necə bağrımda yandı, lap külə döndü ” (9)  misraların yazarı olan sayın Bərahəninin, ikinci Pəhləvi dövründən bu günə qədər Güney Azərbaycanı və Ana Dilimizi savunub, şeir, roman və siyasi məfkurəsində əks etdirməsinə necə münasibət bəsləməliyik?. Bir çox Fars dilli yazarlar tərəfindən Pan Türkist damğasını ikinci Pəhləvi dövündən bu günə qədər öz alnında daşıyan yazarı necə dəyərləndirməliyik?. Məncə, Prof. Rza Bərahəni yaradıcılığının əsəas ana xəti və özüllərindən birini “HAKİM VƏ MƏHKUM DİLİN RƏVAYƏTİ “ təşkil etməkdədir (bu fikri Güney Azərbaycanda ilk dəfə olaraq mən yazıram və həmən bu fikrimi sayın Bərahəniyə görə yazacağım məqalədə daha ətraflı və geniş surətdə  açqlamağa çalışacağam). Türk dünyasının ilk dramaturqu hesablanan  M.F.Axundov, Ana Dilimizin ilk peys yazarı və  Sekyularisti kimi Azərbaycan peysinin təməlini qoyan yazıçıdır. Eyni halda Axundov əski İran tarixinin heyaranı və Modern  Fars Millətçiliyinin təməlini qoyanlardan biri və ən ünlüsüdür  (10).  Ziya Göyalp Türkçülüyün Əsasları kitabında Türkçülüyün Rusayada kı nümayəndələrini göstərmək istədiyi zaman Axundovu ad aparır. Əcəba! Axundovun siyasi ideologiyasının harasında Türkçülük elementlərini tapmaq olar ? . Ziya Göyalp ya Türkçülük ideologiyasının aspektindən Axundova bu adı verib ya da M.F.Axundovun Ana Dilimizdə yazmasına görə onu Türkçü olaraq dəyərləndiribdir. Elə həmən kitabda Nazim Himkmətin adını da Türkçülərin sırasına əlavə etmişdir (11). Bu Hesabla, yalnız bir etkənlə (Dil ya siyasi ideologiya Etkəni ilə) yazarların hansı ədəbiyyata aid olmalarıni aydınlaşdırmaq əvəzinə bir neçə etkənlə bu məsələni ələ almaq Bütöv Azərbaycan ədəbiyyatı üçün daha əlverişli olacağını düşünürəm.

Bütöv Azərbaycan Ədəbiyyatı, Tarix boyunca neçə dildə irəliyə doğru  gəlişibdir. Ərəb ,Fars ,Rus , Azərbaycan Türkcəsi (Türkcə deyenlər də var Azərbaycanca da) və başqa dillərdə bu Millətin yazarları öz sənət əsərlərini yazıb, Azərbaycan Ədəbiyyatı arxivinə qoyubdular. Quzey Azərbaycanın bir çox akademikləri Nizami Gəncəvi, Xaqani və Saeb Təbrizini (Türkcə şeirləri var)  Farscada yazan  Azərbaycan ədəbiyyatçısı kimi görürlər və səhv etmirəmsə sayın Prof.Cavad Heyyət də Nizaminin Türk severliyinə görə bir məqalə yazıb və Nizamini Azərbaycan şairi kimi tanıyır. Bütün baxış fərqliliklərini qəbul etməklə yanaşı, yazarların hansı ədəbiyyata məxsus olmalarını onların Azərbaycanlılığı, Əsərlərinin içəriyi (hər bir dövrün ədəbi əsərlərinin içəriyini də unutmamalıyıq. Örnək üçün,  Füzuli və M.Ə.Sabirin əsərlərinin içəriyi bir birindən fərqlənir) və yazdıqları Dil və yaxud Dillər üzərində araşdırmağı Ədəbiyyatımız üçün xeyirli olacağını düşünürəm. Sosyal Elmlərdə Ədəbi və siyasi-ictimai məsələləri yalnız bir etkənlə araşdırmağın vaxtı çoxdan keçibdir.

Məşrutiyyət devriminin əsas amaclarından biri, Modern Millət tərminini Rəyyət termininin yerinə qoymaqdan ibart olmuşdur. Məşrutə devrimindən sonra daha kəskin və qeyri demokratik şəkildə Modern Millət terminini yüksəltmək və bərpa etmək üçün Birinci Pəhləvinin etdikləri, Gələnək-Modernizm toqquşması kimi təriflənməkdədir. Pəhləvilərin Modern Millət anlayışı əsasən Ayrıseçkilik, Nasionalizm, Sekyularizm, Krallıq Ənənələri, Azad Bazar İqtisadiyyatı, Əski İran Tarixi heyranlığı və Hərbiçilik təməllərinin üzərində durduğu üçün İranın gələnək tarlasına od yaxmaq istəyirdi. Məşrutə Devrimi zamınından bu günə qədər dəyişilməyən bir şey varsa, o da bütün intelektual, siyasi-ictimai, dini və ədəbi şəxsiyyətlərin Modernizm-Gələnək məsələsi üzərində qarşıdurmalarıdır. Bu qarşıdurma, hətta Şiə məzhəbinin o çağ kı öndərlərini də ayrı-ayrı cəbhələrə böldü. Pəhləvi Modernizminin hakimiyyəti dövrü həmən qüvvələrin çaxnaşması kimi görülə bilər, niyə ki İran İslam Devriminin əsas ideologiyası, Pəhləvi Modernizmi proyektinə böyük zərbə vurmaqla, Devrimçi İslam (Şiə) ideologiyası alternativini İrana hakim etdi (Pan-İranizm və Pan-Farsizm ideologiyalarını içərməklə birlikdə). Hüseyn Bəşiriyyə belə düşünür ki, Pəhəvi Modernizmi gələnək, məzhəb və etnik qurupları əritmək və silmək istədiyi üçün çox güclü və köklü bir dirənişlə üz bə üz oldu (12).

Kimlik məsələsini hər tərəfli şəkildə izah etmək, daha geniş və daha böyük məqalə yazmağı tələb edir. Güney Azərbaycanda kimliyimizi yalnız Tarixi və Milli aspektdən araşdırığımıza görə bu məsələ hələdə münaqişəli olaraq qalacaqdır, Niyə ki kimliyimiz hələlik Dövlət Kimliyinə sahib olmayıbdır (Güney Azərbaycanı nəzərdə tuturam). Bu məsələ ilə əlaqədar Dr.Branda Shiffer, Sınırlar və Qardaşlıq kitabında Quzey Azərbaycan ziyalılarının öz kimlikləri və dillərinin adını aydınlaşdırmaq mücadilələrini xranolojik bir baxışla açıqlamağa çalışıbdır. Həmən yazılara istinadən bizim milli və tarixi kimliyimiz Müsəlman, Azərbaycanlı, Azərbaycan Türkü və Türk arasında enişli-yoxuşlu bir yol keçibdir (13). Bayrağımızda kı , üç Milli və Tarixi rəng isə M.Ə.Rəsulzadənin Türkləşmək, İslamlaşmaq və Müasirləşmək düşüncəsinin məhsuludur. Məncə, Qatqısız və xalis kimliyi axtarmaq əbəs və anlamsız bir şeydir . Güney Azərbaycanlı Filosof  Dariyuş Şayqan demişkən bizim kimliyimiz qırx yamaqlı bir kimlikdir, bu kimlik Tarix sürəci boyunca formalaşıbdır və başqa millətlərdə olduğu kimi qatqısız və xalis kimlik yoxdur. Daha dəqiq ifadə ilə desək,  biz Azərbaycan Türkü olmaqla yanaşı,  bir tarixi yaddaşın daşıyıcılarıyıq. Bu Tarixi miras bu günə qədər bizim kimliyimizi formalaşdırmaqdadır və yenə də bu sürəc öz axarında davam edəcəkdir. İslam dini kültürü, Şiə inancı və yaşam biçimi, Fars, Ərəb, Rus, Anadolu Türkcəsi dilləri, Batı kültürü, ümum şərq kültürü, İran kültürləri və Quzey Azərbaycanın Avropalılaşmaq siyasəti və Rus mədəniyyəti, Güney və Quzey Azərbaycanı çulğalayan qloballaşmaq dalğası və başqa etkənlər dünəndən (Tarix boyunca) bu günə və sabaha qədər bizim kimliyimiz və dünya görüşümüzü öz etkisi altına alan etkənlərdəndir. Quzey Azərbaycan, Türkiye və Güney Azərbaycanlı Aydınların kimlik məsələsi üzrə çox paradkosikal və ziddiyətli fikirləri vardır. Cəmil Meriç, Batıya Qaçış başlıqlı yazısında Türk Yurdu dərgisinin tanınmış yazarlarından biri və “üç mədəniyyət” kitabının müəllifi olan Əhməd Ağaoğlunu aşırı batıçılığına görə tənqid atəşinə tutur. Ağaoğlu, Türk uşaqlarına və gənclərinə Türk ədəbiyyatı yerinə Avropa ədəbiyyatının öyrədilməsinin daha təsirli olacğını düşünürmüş . Ağaoğlunun bu düşüncələrini qəbul etməyən Meriç, Əhməd bəyi ömrünün sonuna qədər Türk Ədəbiyyatını öyrənə bilmədiyi üçün tənqid edərək onu Türk İslam Mədəniyyətni və Osmanlı dövrünü tanımamaqda ittiham edir (14).

Millət tərifini hansı amillərə dayanaraq açıqlamağa gəlincə bunu deməliyk ki, Millət tərifini açıqlamaq, Siyasət Bilimində hansı siyasi fəlsəfənin bulağından su içməyimizdən nəşət alacaqdır. Böyük Fransa devrimindən sonra “vahid bir dövlətin yasaları və ərazi içərisində yaşayan insani topluluğa  Millət adı verildi ” . Alman Siyasi Fəlsəfəsinin o zaman kı öncüllərindən sayılan Fiştə və Novalis isə Milləti əsasən ortaq Dil və Kültür mütəvisində izah etməyə çalışmışdılar. Bu arada üçüncü bir baxış kimi ortaya qoyulan bir baxış da var, bu baxış yuxarıda kı hər iki baxışı içərməklə birlikdə Ernest Renanın ortaya qoyduğu baxışdır. Renana görə Millət adlana biləck xalq, əsaən birlikdə yaşamaq iradəsinə sahib olan və ortaq dərdlərin daşıyıcıları kimi tanınanlardır. Renanın baxışı yuxarıda kı hər iki baxışı ihtiva etməklə, üçüncü baxışı önərməyə çalışmışdır (15).

Dilimizin adına gəlincə Füzuli , Axundov , Şəhriyar , Sabir , Cəlil Məmmədquluzadə , Cavid və başqa yazarlar Türk dili deyiblər,Azərbaycanca deyil. Doğrudur Quzey Azərbaycanda 19-cü yüz illiyin ikinci yarısından başlayan Kimlik Sorunu Mücadiləsi , yazarlar, Düşünərlər və Qəzetçilər arasında neçə baxış ortaya qoydu. O dövrki yazarların siyasi ideologiyaları açısından Ana Dilimiz Türkcə və Azərbaycan Türkcəsi dili kimi adlandırlmışdır və bir sıraları yuxarıdakı adları anlamdaş (sinonim) adlar kimi də istifadə edirdilər. O zaman dilimizin Anadolu ağzına yaxınlaşmasını təklif edən yazarlar və Siyasi- İctimai xadimlərimzində sayı az deyil idi. Sovet dövründə isə bizim Ana dilimizə , Türk , Tatar , Azərbaycan və Azərbaycan Türkcəsi adları verilmişdi. Rəhmətlik Əbülfəz Elçibəy zamanıda Ana Dilimizə Türk adı verildi. Kimlik məsələsi, Siyasi İdeologiya və dövlət düşünürləri etkisindən uzaqda qalmadığı üçün onu tərəfsiz araşdırmaq çox çətinləşmişdir. Rəhmətlik Elçibəydən sonra rəhmətlik Heydər Əliyev dilimizin adını dəyişdirərək Azərbaycan dili terminini yenidən siyasi-ictimai ortama gətirdi (bu adı Quzey Azərbaycan xalqı refrandomda seçdilər) və bu arada öz siyasi görüşləri aspektindən dilmiz üzərində fikir yürütməyə başladı. Bu arada Azərbaycan Türkcəsi, Azərbaycanca və Türk dili adını müdafiə edən aydınlar və yazarlar da az deyil idi. Bu məslə o dərəcədə buruşuqdur kı 1994-cü ildə Azərbaycan Türkcəsi, Azərbaycan Türk dili və Azərbaycan Türk Milləti terminlərini müdafiə edən sayın Prof. Nizami Cəfərov , sonralar  Dövlət ideologiyasının (YAP-Partiyasının Azərbaycan Dili və Azərbaycan Milləti terminini nəzərdə tuturam) rəsmi təbliğatçısına çevrilmiş və Aərbaycan Dilini ətraflı şəkildə izah etməyə çalışmışdır. Buna baxmayaraq kı sayın Prof. Nizmai Cəfərov 1994- cü ildə yazdığı  “Azərbaycan, Azərbaycan Türkcəsi və Türk dili”  başlıqlı məqaləsində Azərbaycan Dili və Türk Dili terminini tənqid edərək Azərbaycan Türkcəsi və Azərbaycan Türk dili terminini bəlli dəlillərə söykənərək müdafiə etmiş və Türk Dili (Türk Milləti və Dövləti) və Azərbaycan Dili (Azəbaycan Milləti və Dövləti)  terminlərinin problemlərini açıqlamağa çalışmışdır. Sayın Nizami Cəfərova görə Azərbaycan Dili termini Sovet hakimiyyətinin o çağ kı Azərbaycan Dil Qurumuna diktə etdiyi addır və 1930-cü ildən etibarən Sovet İdeologiyası tərəfindən Quzey Azərbaycan dilçilərinə təklif  və diktə edilmişdir (16). Sayın Nizami Cəfərovun1994-cü ildə yazdığı məqaləsini oxumağı bütün dostlara təklif edirəm , niyə ki, sayın Nizami Cəfərovda bu məqaləni yazandan bir neçə il sonra Sovet İdeologiyasi yerinə YAP İdeologiyasının təbliğatçısına çevrilmiş və həmən məqaləsində ki bütün fikirləri təmami ilə dəyişdirmiş yaxud dəyişdirməyə məcbur olunmuşdur.

S.C.Pişəvərinin siyasi-ictimai düşüncəsinin formalaşması sürəcini izlədiyimiz zaman da onun Quzey Azərbaycanda olduğu illərdə Türk Proletarı, Türk Dili, Türk Ədəbiyyatı, Müsəlman Türk Qadınları terminlərinin işlətdiyinə tanıq olmağımıza baxmayaraq, Pişəvərinin Güney Azərbaycana geri döndüyü zaman Azərbaycan Dili terminini işlətdiyini görürük. Pişəvəri, Quzey Azərbaycanda yaşadığı zaman bu cümlələri qələmə almışdı ” o vəqt Türk ədəbiyyatında sansor qorxusundan Çar və Çar hökümətini Şeytan adlandırardılar  .(17) “”Yoldaşlar! artıq vəqtdir ki , İslam qadınları, Türk Analarıda öz hüquqlarını düşünüb, qadınlığın insanlığın bu günkü tələbini istəsinlər “(18). ” Hətta, rəsmi Türkcə Azərbaycan qəzeti də etidalını əldən verib mütərədid qalmışdır ” (19). ” Biz onun şeirlərinə sinfi nöqteyi-nəzərdən yanaşırıq, Bakı Türk əmələrinin tarix inkişafının bir qismini onun şeirlərində aramaq istəyirik ” (20) . S.C.Pişəvərinin Güney Azərbaycana geri döndükdən sonra yuxarıdakı terminləri işlətməkdən imtina etmişidir. Onun bu seçiminin bir neçə səbəbi ola bilər bizcə. Birincisi Quzey Azərbaycanda dilçilər və Sovet ideologiyası tərəfindən dəstəklənən Azərbaycan Dili termini ilə səsləşmək. İkincisi siyasi nöqteyi nəzərdən Pişəvəri bu seçimi etmədəyi halda, yəni  Azərbaycan Milləti və Azərbaycan Dili terminləri qarşısında başqa terminləri qondarmalı idi, bu da Milli Hökümətin Quzey Azərbaycanla münasibətinə kölgə salmaqla yanaşı, yeni Millət və Dil termini qondarmaq baxımından zərərli sonuclara gətirib çıxara bilərdi. Üçüncüsü isə Türk Dili və Türk Milləti terminindən istifadə etdiyi təqdirdə Türkiyəçilik və Türkçülük də suçlana bilər və Quzey Azərbaycanla toqquşacaq məqamlara yaxınlaşardı.

Güney Azərbaycanda “Az”  sözünə yaranan həssasiyyət də Əhməd Kəsrəvi, Pəhləvi və Pəhləvi sonrsaı dövlətlərin ideolojik təbliğatları nəticəsində yaranıbdır deyəsən, niyə ki rəhmətlik Prof. Dr. Məhərrəm Ərgin, Azəri Türkcəsi tezini yazanda heç bir Güneyli və yaxud Quzeyli onu Pan İrançılıq və Pan Farsçılıqda  ittiham etməyibdir və ya Ziya Göyalp Türkçülüyün Əsasları kitabında Azəri Türkcəsi deyən zaman heç bir Türk, onu Pan İrançı və Pan Farsçılıqda suçlamamışdır. Az sözü (Pan İranizm və Pan Farsizmin bu terminə veridyi siyasi anlamdan uzaqda) Orxun Yenisey Abidelərində də işlənmişdir (Eçümüz apamız tutmış yir sub idisiz bolmazun tiyin Az budung itip yaratıp). Bu cümləni Gög Türkcəsindən Anadolu Türkcəsinə çevirən Prof. M. Ərgin belə tərcümə etmişdir ” Əcdadımızın tutmuş olduğu yer, su sahibsiz olmasın deye Az millətini tənzim və tərtib edib ” (21). Kül Təkinə Az Milləti terminini işlətdiyinə görə Pan İrançı damğasını vuran olaçaqmı görəsən ?. Azərbaycan dili və Azərbaycan Milləti termini ilə əlaqədar deylən sözlərdən biri də bu terminlərin əski qaynaqlarda çox az və nadir hallarda işlənməsi faktıdır. Güney yazarları və siyasi ictimai xadimlərinin yazılarını izlədiyimiz də Azərbaycan Milləti, Güney Azərbaycan coğrafiyasi və Azəbaycan Türkcəsi terminlərini gördüyümüz zaman Türk Dili, Türk Milləti və İran Türkləri terminini də görür və oxuyuruq. Türk Dili və Türk Milləti və İran Türkləri deyənlər, Azərbaycan Coğrafiyası və Güney Azərbaycan Coğrafiyasını danmaqla, bir başa İrançılıq bataqlığına sürüklənirlər. Bu durumun yaranmasında bir neçə qüvvənin təsiri olmuşdur. Pan- İranizm və Pan-Farsizm düşüncəsi Azərbaycan coğrafiyası, Azərbaycan Milləti, Azərbaycan Türkcəsini məhv etməyə qalxışmışsada eyni halda Türk dili, Türk coğrafiyası və Türk Milləti terminlərini də məhv etməkdə böyük canfəşanlıq göstərir. Buna görə Güney də  gedən prosesləri diqqətlə izlədiyimiz halda, getdikcə bu terminlərin yaxınlaşıb sinonimləşməsinə tanıq olacağıq. Azərbaycan Türkcəsi, Azərbaycan Türk Milləti və Güney Azərbaycan coğrafiyası ortaq məxrəcə gəlmək üçün ən əlverişli terminlərdilər. Kimliyimizi araşdıranların bir sıraları isə Quzey Azərbaycanda formalaşmış Azərbaycan Dili, Azərbaycan Milləti terminlərinə göstərdikləri laqeydlik, siyasi və strateji nöqtəyi nəzərdən Güney Azərbaycanı daha mürəkkəb problemlərin burulqanının içinə sala bilər. Kimliyimizi araşdıranlar bu məsələni diqqətə almalıdılar kı, bir Millətin iki fərqli adı və iki fərqli Dil adı heç də milli, siyasi və tarixi baxımdan  xeyirli olmayacaqdır. Güney Azərbaycanda Türklük kimliyinə artan marağın bir tərəfi Pan-İranizm və Pan-Farsizm ideologiyalarına reaksiya kimi ortaya qoyulubsa, bir tərəfdən də Modern Türkiyə Dövlətinin günü gündən artan siyasi-ictimai, iqtisadi, ədəbi və mediya gücünün təsiridir. Bunu da söyləmək lazımdır kı, bütün baxış ayrılığının olmasını normal qəbul etmək, demokratiyaya gedən yolun xəritəsinə ayaq basmaq anlamındadır.

Qaynaqlar:

1-Enis Baur, Babil Kulesi (Ana dil, Üvey dil, Öteki dil), kitablık dergisi (aylık edebiyyat dergisi), mart 2004,

2-3.Türk Dünayası Ortak Edebiyatı,Ertuğrul Yaman,genişletilmiş 2.baskı.Türkiye diyanet vakfı yayınları.Ankara 2004.

4-Baxın rəhmətlik Rza Seyd Hüseyninin Etimad qəzetində yazdığı Ayazın Cəhənnəmli Günləri romanı haqda “bir neçə söz” adlı qıssa yazısına.

5-Cunune Neveştən,Bərqozideye Asare Rza Bərahəni,Ruzqare Duzəxiye Aqaye Ayaz,Qole Əvvəl. 100-cü səhifə(1349-cu ildə birinci bölümü yazıb bitiribdir).

6-İran beyne do enqelab, Ervand Abrahamian, tərcomeye Əhməde Qolmohəmmədi və Mohəmməde Ebrahim Fəttahi, çape 19, nəşre Ney,Tehran 1391, səhfeye 147.

7-Leyli və Məcunun,Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı,Bakı-1958-ci il,tərtib edəni və redaktoro Prof.Həmid Araslı,Ərəb Əlifbasında.

8-Divane Torkie Fuzuli,Enteşarate Fəxr Azər,Ba Moqəddəmeye Həmid Araslı,Çape Dovvom 1370.

9-Xetab Be Pərvaneha və Çera Mən Digər Şaere Nimai Nistəm?,Reza Bərahəni,Nəşre Mərkəz,Çape Əvvəl 1374.

10-Məktubat,M.F.Axundov,PDF.

11-Türkçülüyün Esasları, Ziya Gögalp, PDF.

12-Əql Dər Siyasət, Hoseyn Bəşiriyye,  nəşre neqahe moaser, çape 3,1386, səhfeye 796-797.

13-Mərzha və Bəradəri,Branda Şifer,Tərcomeye Yaşar Sedqiyani Azər,Naşer Ulus,Çape Əvvəl 1385.

14-Bu Ülke,Cemil Meriç,İletişim Yayınları,Bütün Eserleri 2 , 36-cı baskı 2011,istanbul.

15-Amuzeşe Daneşe Siyasi(məbaniye elme siyasəte nəzəri və təsisi), Hüseyn Bəşiriyyə,nəşre neqahe moaser,çape həştom 1386.

16-Nizami Cəfərov,seçilmiş əsərləri 1-ci cild,YYSQ – Milli Virtual Kitabxananın e-nəşri N 66 (2011), Redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov) – yazar-kulturoloq, YYSQ – Milli Virtual Kitabxana, Bakı - 2011

17-M.C.Pişəvəri, seçilmiş əsərləri, Ağa Hüseyn Rəsulzadənin şeirləri həqqində rəy, Azərbaycan ruznaməsinin nəşriyyəsi, Bakı 1924-cü il,1344 H.Ş 1965-ci il.533-cü səhifə.

18. M.C.Pişəvəri, seçilmiş əsərləri, zəhmətkeş qadın yoldaşlar! 103-cü səhifə.

19- M.C.Pişəvəri, seçilmiş əsərləri, əhvali hazirə, 117-ci səhifə.

20. M.C.Pişəvəri, seçilmiş əsərləri, Ağa Hüseyn Rəsulzadənin şeirləri həqqində rəy, Azərbaycan ruznaməsinin nəşriyyəsi, 534-cü səhifə.

21-Orhun Abideleri,Prof.Dr.Muharrem Ergin,Boğaziçi Yayınları,44-cü baskı 2010 istanbul.14-cü və 15-ci səhifə.

 

Elshen Boyukvend

Yorum yazmaq istəyirsinizmi?