Təbriz səfərinin 12 məqamı

tebriz
Bu böyük şəhərdə yolu soruşana niyə “Sağa rədd olarsan” deyiblər?
 
1-ci məqam: 
 
Təbrizə neçə kilometr qalıb
OYANNEWS : “Quql”da axtarış verirəm. Çox təəccüblüdür, Bakı ilə azərbaycanlıların mənəvi paytaxtı sayılan Təbriz arasında məsafəni göstərən adi məlumat tapmaq müşkülə çevrilib. Doğrudur, səhihliyi şübhə doğuran və xəsisliklə yazılan adda-budda məlumatlara rast gəlmək olur. Amma, bunların içərisində Türkiyənin kackm.com saytında yazılanlar, məni  özünə daha çox inandırır. Deməli ,Bakıdan Təbrizədək olan məsafə:
Uçuş məsafəsi: 401.84 km – 249.69 mil
 
Quru yol məsafəsi: 585 km – 363.6 mi
Təyyarə ilə Təbrizə uçuş müddəti 1 saat davam edir. Avtomobillə isə bu yolu 8 saat yarıma qət etmək mümkündür.
Qısa arayış: Bu yaxınlarda parlamentdə çıxış edən millət vəkili Qənirə Paşayeva Qarabağ bölgəsində işğal olunmuş rayonlar haqda yol nişanları quraşdırılmasının vacibliyini bildirirdi. Onun bu bəyanatı toplumda ən çox dartışılan mövzulardan birinə çevrildi. Düşünürəm ki, Bakı-Astara və Bakı-Biləsuvar yollarında Təbrizədək olan məsafənin uzunluğunu göstərən yol nişanları   quraşdırılmalıdır. Bu cür yol nişanlarını görmək hər bir azərbaycanlıya xoş duyğular bəxş edə bilər…
Axı, Təbriz bizim mənəvi paytaxtımızdır.
2-ci məqam: 
 
Aşura həyəcanı
Şəhərdə Aşura qabağı həyəcan yaşanmaqdadır. İşdən çıxan insanlar məscidlərə tələsirlər. Bütün satış yerlərində, alış-veriş mərkəzlərində mərsiyələr eşidilməkdədir, İmam Hüseynə xatir xütbələr oxunur. Onun Cəməl və Siffeyn döyüşlərində göstərdiyi igidliklər yada salınır, gözəl əxlaqından nümunələr gətirilir. Televiziya, radio kanalları büsbütün Aşuraya həsr olunub. Təbrizdə həyat matəm libasına bürünüb.
3-cü məqam: 
 
“Bakılılar” “Dumanlı Təbriz”də
Təbriz otellərində günün axşam saatlarında yer tapmaq əməlli-başlı müşkül məsələyə çevrilib. Şəhərin Şahnaz adlanan küçəsində çoxlu sayda otellər var. Yerlərin qiyməti bizim pulla 7-15 manat arasındadır. Otellərdə yer sifariş edənlərin əksəriyyəti Şimali Azərbaycandan Təbrizə şəfa arxasınca həkimə gələnlərdir. Bizimkilərin hamısına Təbrizdə ucdantutma “bakılılar” deyirlər. Yadıma inqilabçılardan bəhs edən “Bakılılar” filmi düşür.
Bəli, Təbrizdə əsl təbabət inqilabı baş verməkdədir. “Bakılılar” “Dumanlı Təbriz”də müalicə olunurlar… Bizimkiləri İran səhiyyəsinin xidmətlərindən istifadə etməyə sövq edən səbəblər qiymətlərin ucuzluğu və həkim məsləhətlərinin daha etibarlı olmasıdır.
4-cü məqam: 
 
Süpürgəçi Qabil
Təbrizin sirli və qaranlıq axşamları məni qoynuna alıb. Təbriz xiyabanlarını dolaşıram. Sakit, əyri dalanlardan birinə dönürəm… Qulağıma süpürgə xışıltısı gəlir. “Arxadan vurulan zərbə” filminin qəhrəmanı vahiməli və yazıq görünən Fəttah kişidən  fərqli olaraq süpürgəçi Qabilin üzündə nikbinlik var.
Onu da ərz edim ki, təbrizlilər son dərəcədə xoş xasiyyət və istiqanlı insanlardır. Hazırcavabdırlar, amma təkəbbürlü deyillər. Süpürgəçi Qabil də belə insanlardan biridir. Qabil hər axşam işə gəlir, əynini dəyişir və Təbriz küçələrini süpürür…Yadıma Vaqif Səmədoğludan bir bənd düşür:
Dəlixanada axşamdır,
Dəli Qabil yer süpürür.
İnsan hər yerdə insandır,
Ölməyibsə ömür sürür.
Bizim təzə tanışımız da dəli-dolu insandır. Ruhludur, enerjilidir. Bizim pulla ayda 300-350 manat maaş almasından həvəslə söz açır. Amma yeganə körpə qızı Nərgizin tez-tez xəstələnməsini özünə yaman dərd edib.
- Neçə yaşın var, ay Qabil?
- 40 yaşın içindəyəm, ağa.
- Necə oldu süpürgəçilik eləməli oldun?
- Peymankar əvvəllər yaxçi muzd verirdi, qurban olaram (Peymankar-belə demək mümkünsə bizdəki “JEK” müdiri anlamına gəlir).
- Bizdə xiyabanları qadınlar süpürür.
- Biz ağa, qadına burda ərdiş edərik. Bəs kişilərin qeyrəti necə götürür ki, küçələri qadınlar təmizləyir ?
- Daha o mətləbləri mən qana bilmərəm, Qabil.
Qabil mənimlə söhbət edə-edə küçənin ortasında süfrə salır və axşam azuqəsini hazırlayır. Süfrəsi olduqca sadədir. Lavaş çörəyi, baş soğan və bir tikə pendir. Məni də qonaq etmək istəyir. “Çox sağ ol” deyib uzaqlaşıram.
 5-ci məqam: 
 
Həkimlər və bakılılar
Bir daha xatırladım ki, xeyli müddətdir, Təbriz bizim vətəndaşlar üçün mənəvi paytaxt deyil, nəhəng xəstəxana anlamını daşıyır. Bu isə həm də orda işləyən taksilərin, otellərin və xırda şirniyyat dükanlarının iş həyatına xeyli dərəcədə canlanma gətirib. Bir sözlə, hamı razıdır.
Azərbaycandan olduğumu bilən hər kəs həkimə gəldiyimi düşünür. Bakıdan gedən xəstələrin hesabına Təbriz xəstəxanalarında böyük növbələr yaranıb. Bakılı xəstələri həkimlərə aparmaq, analizlərin cavablarını almaq, bu xəstələri otellərdə yerləşdirməklə bağlı müraciət olunarsa xüsusi şəxslər məşğul olurlar. Bu da bir biznes növünə çevrilib.
Yerli pasiyentlərin içərisində bəziləri hesab edir ki, “bakılılar”ın Təbrizə ayaq açması yerli həkimlərin maddi durumunu yaxşılaşdırıb, onlar artıq yerlilərə bir qədər ögey münasibət bəsləməyə başlayıblar.
Çünki bizimkilər tamamilə arxayın olmaq üçün təbrizli həkimlərə əlavə hədiyyələr verməkdən də özlərini saxlaya bilmirlər. Bu münasibətlər həkim-pasiyent müstəvisindən kənara çıxır. Bu sətirlərin müəllifi şəhərin Bəstəni Vahid xiyabanında yerləşən xəstəxanalardan birində belə bir dialoqa şahid oldu.
- Qadan alaram, mənim bu “padarka”mı götür. Hələ Bakıya gəl gör qardaşın səni haralara gəzməyə aparacaq. Saa bir kabab qonaqlığı verim ki… Özü də bizim qoyunların kababı çox dadlı olur.
- Qurban olaram. Əmrin olsun. Sən bir Bakıda öyrən gör təzə binalarda evin qiyməti neçəyədir, qurban olaram.
6-cı məqam: 
 
Retro Azərbaycan
Təbrizi dinməz-söyləməz gəzmək, onun İçərişəhər və Şəki küçələrinə bənzər qədim əyri küçələrini dolaşmaq adamın yaralı ruhuna sanki sarğı bağlayır. Küçələrin əksəriyyətindən bişmiş lavaş və ədviyyat qoxusu gəlir. Təbriz özü Retro Azərbaycan deməkdir. Adama elə gəlir ki, Təbrizin bugünkü simasını əldə etmək üçün Bakının İçərişəhərini, Gəncəni, Şəki və Ordubadı bir qəlibə salıblar. Sivilizasiya küləkləri bu şəhərə təsir edə bilməyib sanki.
7-ci məqam: 
 
Təbriz insanı
Qərbli səyyahlardan birinin sözüdür. Şərqi yaxından tanımaq istəyirsinizsə, bazara gedin. Təbriz bazarında istənilən bir əşyanın qiymətini soruşduqda, almasan belə onların malına diqqət göstərdiyin üçün uşaq kimi sevinirlər.
Təbriz bazarında yalnız satılan mallar deyil, insanlar da rəngarəngdir. Ümumiyyətlə, Təbriz olduqca rəngarəng və özündə sanki mübhəm sirlər gizlədən şəhərdir. Təbrizlilər duyğusal insanlardır. Feodal təfəkkür və ümumiyyətlə, mühafizəkarlıq güclüdür bu şəhərdə. Əsl Təbriz insanını görmək arzusuna düşsəniz Təbriz bazarlarına baş çəkin.
Təbriz insanının sifətində sanki zamansızlıq var. Məsələn, İstanbulda elə deyil. Orda insanlar zamanla boğuşur, zamanı üstələməyə çalışır. Təbrizli isə öz alış-verişindədir, zamana kinayə edir.
Təbrizlilər olduqca şirindil və hazırcavabdırlar. Bu şəhərdə ən çox istifadə olunan söz və ifadələrə baxaq:
- Ağa, əmrin olsun.
- Qurban olum, ağa.
- Ağa, nökərinəm.
- Ağa, xahiş edirəm.
- Ağa, güzəşt elə.
Təbrizli danışanda elə gülümsəyir ki, elə bil bahar çiçəkləri bu dəqiqə tumurcuqlayacaq.
8-ci məqam: 
 
“Sağa rədd olun”
Təbrizdə küçə ilə gedirik. Qarşıma çıxan iri bığlı, cüssəli bir şəxsdən Beybut xəstəxanasına aparan yolu soruşuruq. Həmin şəxs həvəslə yolu izah etməyə başlayır:
-Ağa demax, müstəqim (düz) gedirsiniz, yaxçi? Qarşınıza böyük çardax (meydan) çıxacaq. Həmin çardaxı buraxın, əlli qədəm qabağa gedin. Əlli qədəmdən sonra sağa rədd olun.
“Rədd olmaq” ifadəsi Şimali Azərbaycanda təhqir mənasında işlənsə də, Təbrizdə bu normal qarşılanır, çünki “getmək” mənasını bildirir.
9-cu məqam: 
 
Rəngarəng Təbriz
Təbrizin mərkəzi küçələrində ara-sıra repçi stilində geyinmiş uzunsaçlı oğlanlara rast gəlmək mümkündür. Onlar şalvarları bir-birinə dolaşa-dolaşa daim harasa tələsir və polislə üzləşməyi arzulamırlar. Divarlarda da gənclik şıltaqlıqları özünü göstərməkdədir: Müxtəlif saytların ünvanları və görüş çat məkanları.
Qadağalar çox olsa da şəhərdə insanlar enerjili və ruhlu görsənirlər. Bir də  puldan danışmağı çox  sevirlər.
10-cu məqam: 
 
Xorla çəkilən sulu qəlyan…
Təbriz çayxanaları… İnsanlar bu yerlərə dərdini ovutmaq üçün gəlirlər. Bu məkanlarda ən sevimli məşğuliyyət sulu qəlyan çəkməkdir. Özümü elə çayxanalardan birinə verirəm. Əsl şərq insanı və əsl azərbaycanlı siması görmək istəyənlər Təbriz çayxanalarına baş vursunlar.
İçəridə hər şey doğmadır. Hamı sözləşibmiş kimi xorla sulu qəlyan çəkir. Müştəridən soruşan yoxdur nə istədiyini. İçəri daxil olanın dərhal qarşısına bir stəkan çay qoyurlar, halını soruşurlar, xoş rəftar göstərirlər…
Nəhəng və  üzü tüklü bir şəxs özünü içəri dürtür. Hamı bir ağızdan səslənir:
- Ay Şükür, xoş gəlmisən, necəsən?
- Arvadına ərdiş edirsən, Şükür? Onu söyürsən? (Yəni sevirsən?)
- Daralmısan, genəlmisən.Nə yeyirsən, kökəlmisən? Arvad səni yaxın buraxmır yəqin.
Şükürün üzü gülür. Bir nəfər ona şirin çörək verir. Sonra  çay gətirirlər…
11-ci məqam: 
 
Eynalının qucağı
Səhər saatlarında bələdçim Qulamrza bəyin köməkliyi ilə Eynalı dağının ətəklərinə qalxırıq. Buradan əl içi kimi görünən Təbriz isti ana qucağında mışıl-mışıl yatan körpəyə bənzəyir. Şəhərdə yaşıllıq demək olar ki, yox dərəcəsindədir.
Aşağıda saysız-hesabsız gecəqondular nəzərə çarpır. Bu damsız gecəqondularda fəqir-füqaralar yaşayır. İstər fəqir evi olsun, istər varlı evi – fərq etməz, Təbriz evlərinin damı olmur.
12-ci və sonuncu məqam: 
 
Təbriz mənim dostumdur
Demə, təkcə insanların deyil, şəhərlərin də timsalında dost qazanmaq mümkünmüş. Mən sevinirəm ki, özümə Təbriz kimi dost qazanmışam.
Çalışacam sənin xeyrinə-şərinə yarayım, Təbriz. Bu mürəkkəb, amma etibarlı şəhərdə təkəbbürlü harın insanlar qarşıma çıxmadı. Səhər saatlarından axşamadək hamı işləməyə və yaşamağa tələsir. Kimi çuğundur bişirib satır, kimi də artıq bişmiş lavaş çörəklərini sınıq-salxaq velosipedində harasa daşıyır.
 Teymur Mahmudov
QAYNAQ: teleqraf

Yorum yazmaq istəyirsinizmi?