Əskişəhərdə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş tədbir keçirilib

apa

OYANNEWS: Bakı. Real Cəfərli – APA. Türkiyədə Əskişəhər Azərbaycanlıları Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. Əskişəhər Azərbaycanlıları Dərnəyinin başqanı Cavid Məmmədov APA-ya bildirib ki, tədbir Əskişəhər 2013-cü il Türk Dünyasının Kültür Başkəndi Agentliyinin dəstəyi ilə keçirilib: “Əskişəhər Polis Evində keçirilən tədbir yerli vaxtla 19:00-da başladı və üç saat davam etdi. Tədbirdə Əskişəhər valisinin müavini Ömər Faruk Günay, Əskişəhərin keçmiş valisi, hazırda təqaüddə olan Kadir Çalışıcı, Əskişəhər Türk Ocaqları başqanı, professor Nədim Önal, Əskişəhər Ülkü Ocaqları başqanı Kadir Bıyık, Balkan Köçmənləri Federasiyasının başqanı Zihni Çalışkan, Əskişəhər Dərnəyi başqanı Güral Yer, YUDER başqanı Musa Karataş, hazırda təqaüddə olan prokuror Ənvər Oğan, Əskişəhərdə təhsil alan azərbaycalı tələbələr, dərnək üzvləri və başqaları iştirak etdilər”.

C. Məmmədov deyib ki, tədbirdə Əskişəhər Azərbaycanlıları Dərnəyinin başqanının müavini Sirac Yaquboğlu çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, qısa müddət ərzində gördüyü işlər və s. ilə bağlı qonaqlara məlumat verib: “Daha sonra tədbir bədii-əyləncəli proqramla davam etdirildi, xalq mahnıları ifa olundu və qonaqlar milli musiqi sədaları altında rəqs etdilər”.

C. Məmmədovun sözlərinə görə, Əskişəhər Azərbaycanlıları Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş daha bir ədəbi-musiqili tədbir keçiriləcək: “Əskişəhər Yunus Əmrə Kültür və Sənət Mərkəzində yerli vaxtla saat 19:00-da keçiriləcək tədbirdə Azərbaycan şeirləri səsləndiriləcək, xalq mahnıları ifa olunacaq. Eyni zamanda 1918-ci il mayın 28-də yaranmış hökuməti yaxından tanıtmaq üçün fotosərgi də təşkil ediləcək”.

Yorum yazmaq istəyirsinizmi?