İranda tanınmış azərbaycanlı fəal sürgünə göndərilib

ferdin

OYANNEWS : İyunun 18-də 40 aylıq həbsdən sonra Təbriz mərkəzi həbsxanasından şərti azadlığa buraxılan tanınmış azərbaycanlı fəal sürgünə göndərilib. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Fərdin Muradpur iyunun 19-da Xuzistan vilayətinin İzə şəhərində bir il sürgün həyatı yaşayacaq. İran qanunlarına görə, azərbaycanlı fəal İzə Şəhərinin Polis İdarəsi tərəfindən müəyyənləşdirilmiş müddət ərzində imza verməlidir. F. Muradpur iyunun 1-dən etibarən həbs müddətinin 2010-cu il iyunun 13-dən deyil, 2011-ci il aprelin 30-dan hesablanmasına etiraz olaraq aclıq aksiyası keçirib. Bu da öz nəticəsini verib və azərbaycanlı fəal şərti azadlığa buraxılıb.

Qeyd edək ki, F. Muradpur 2009-cu il mayın 22-də Təbrizin Elgölü parkında həbs edilib. Hakimiyyətin əleyhinə təbliğat aparmaq və ictimai asayişi pozmaqda günahlandırılan azərbaycanlı fəal 6 il həbs cəzasına və Xuzistan vilayətinin İzə şəhərində sürgün həyatı yaşamağa məhkum edilib. Azərbaycanlı fəal 2009-cu ildə may hadisələrinin ildönümündə polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan F. Muradpur 13 gün xəstəxanada müalicə alıb və tam sağalmamış gecə saatlarında həbsxanaya aparılıb. Azərbaycanlı fəal uzun müddət təkadamlıq kamerada saxlanılıb, ağır işgəncələrə məruz qalıb, aclıq aksiyası keçirib və səhhətində ciddi problemlər yaranıb.

Real Cəfərli – APA.

Yorum yazmaq istəyirsinizmi?