Xalidə Xalidə görə həbs edilmiş azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb

OYANNEWS: AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidə görə həbs edilmiş tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, İlqar Müəzzinzadə 47 gündür, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbrizdəki təcridxanasında saxlanılırdı. Ona qarşı hansı ittihamların irəli sürülməsi barədə hələlik məlumat yoxdur. Bu məsələyə görə həbs edilmiş və hazırda ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanılan digər azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidi isə hakimiyyət əleyhinə təbliğat aparmaq və bir qrup adamı evində toplamaqla milli təhlükəsizliyə xələl vurmaqda ittiham edilir.

Qeyd edək ki, İ.Müəzzinzadə mayın 8-də Meşkinşəhr (Xiyav) şəhərində həbs edilib. ETTELAAT əməkdaşları onun yaşadığı ata evinə hücum edərək axtarış aparmaq istəyiblər. Lakin azərbaycanlı fəalın qardaşı Ehsan Müəzzinzadə məmurların qanunsuz şəkildə evə daxil olmasına etiraz edib. Bu səbəbdən məmurlar tərəfindən döyülən E.Müəzzinzadə də həbs olunub. Daha sonra ETTELAAT əməkdaşları evdə axtarış aparıb, azərbaycanlı yazara məxsus kompüteri, kitabları və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar. Mayın 9-da isə E.Müəzzinzadə azadlığa buraxılıb.

Xatırladaq ki, Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Onlarla birlikdə Məhəmməd Rəşidi, aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxs də həbs edilib. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar.

Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxsdir.

Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov isə iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər.

Real Cəfərli – APA.

 

Yorum yazmaq istəyirsinizmi?

Back to Top