Oxtay Rəşidi azadlığa buraxılıb

OyanNews: Məhəmməd (Oxtay) Rəşidi Azərbaycanlı fəal azadlığa buraxılıb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Məhəmməd (Oxtay) Rəşidi 56 günlük həbs həyatından sonra iyunun 25-də 100 milyon tümən zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından məhkəməyədək müvəqqəti sərbəst buraxılıb. Artıq azərbaycanlı fəalın istintaqı yekunlaşıb. Hakimiyyət əleyhinə təbliğat aparmaq və bir qrup adamı evində toplamaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərməkdə günahlandırılan M. Rəşidinin məhkəmə prosesinin nə vaxt keçiriləcəyi məlum deyil. Azərbaycanlı fəal İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbrizdəki təcridxanasının təkadamlıq kamerasında 43 gün saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülmüşdü.

 Bu məsələyə görə mayın 8-də həbs edilmiş tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə də hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanılır. Ancaq ona qarşı hansı ittihamların irəli sürülməsi barədə hələlik heç bir məlumat yoxdur.

 Qeyd edək ki, Məhəmməd Rəşidi, Xalidə Xalid, sürücüsü Şamxal Hüseynov aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxs aprelin 30-da gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən saxlanılıb. Onlar azərbaycanlı fəalın ata evində Məhəmməd Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə toplaşmışlar.

 ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə  naməlum istiqamətə aparıblar. Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxsdir.

 Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov isə iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?

Back to Top