Həbs edilmiş Azərbaycanlı fəalların bəzilərinin adları məlum olub

urmiye tutuqlanarlar

OyanNews: Bu gün səhər saatlarında İranda həbs edilmiş Azərbaycanlı fəallardan bəzilərinin adları məlum olub.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, onların arasında İranın qadın futbolçulardan ibarət yığma komandasının oyunçusu Pəriya Xəlilzadə, anası Məsumə Pərivəj və bacısı Sevda Xəlilzadə də var. Bundan əlavə, tutulanlar arasında Hüseyn və Zəhra Zadqasımlar, Tohid Həsəni, Səid Lütfi, Səid Əbdi və İrfan adlı azərbaycanlı fəal da var. Onlar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiyadakı təcridxanasına aparılıblar. Digərlərinin isə ETTELAAT-ın Təbrizdəki təcridxanasına aparılacağı ehtimal edilir. Bunlar universitet müəllimi Suməyya Əlidust, bloqqer Vəhid Faizpur, Meysəm Azadi, Qulam Qulizadə, Vəhid Nəsibi, Mürtəza Zərrin, Nima və Sina Həsənilər, Sima Sakini və Milad (Sabutay) Kolanidir.

 Qeyd edək ki, iyunun 27-də İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə 36 nəfər azərbaycanlı fəal həbs edilib. Onlardan 8 nəfəri qadındır. Həbs zamanı İran nizam-intizam qüvvələri (polis) ilə azərbaycanlı fəallar arasında qarşıdurma baş verib. Buna səbəb polisin Səhənd dağının yamaclarına getmək istəyən qrupdakı azərbaycanlılardan bir xanımı təhqir etməsi və ona qarşı sayğısızlıq göstərməsi olub. İran polisləri toqquşmanı yatırmaq üçün rezin dəyənəklərdən istifadə ediblər. Nəticədə bir neçə azərbaycanlı fəal yaralanıb, iki nəfər huşunu itirib. Azərbaycanlı xanımlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 Bu arada azərbaycanlı fəalların Səhənd dağına ziyarətinin səbəbləri də bəlli olub. Belə ki, Bu il Güney Azərbaycanda Məhəmmədtağı Zehtabi ilidir. 26 iyun da Ümumdünya İşgəncələr Günü olduğundan azərbaycanlı fəallar Səhənd dağının yamaclarına toplaşmaqla işgəncələrə məruz qalmış mərhum professorun əziz xatirəsini yad etmək istəyiblər. Ancaq İran polisinin Səhənd dağına gedən bütün yolları bağlaması azərbaycanlı fəalların yalnız bir hissəsinin həmin əraziyə gedib çata bilməsinə gətirib çıxarıb.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?