Niyə Bu Gün Azərbaycana Feminizm Gərklidir? / Türkan Urmulu

tu

Gözəl Keçmişimiz, Yaman Günümüz!

 (Niyə Bu Gün Azərbaycana Feminizm Gərklidir?)

Giriş

Eşitlik, bütün gəlişmiş və demokratik toplumların ən tanınmış və vaz keçilməz qavramlarından biridir. Elə ki, qarmaşıq və sorunlu toplumlarda hər zaman öncüllərin millətlərə verdiyi sözlərdə və şüarlarda bu sözcüyün dəstəyi ilə hərəkət etdiklərinə şahidik. Zülm, ədalətsizlik və insanı insandan üstün tutmaq kimi fasid adətlərin bir toplumda yerləşdiyi zaman, o toplum üsyana başlar. Bu zamanda millətləri qurtarmağa çalışan qüvvələr hər şeydən öncə və bütün təməl haqların yanında eşitlik sözcüyünü işlədib bu eşitliyin necə sağlanması haqqında fikirlər və metodlar bəlirlərlər.

Eşitlik, fərqli sahələrdə söz qonusu ola bilər .Örnək üçün iqtisadi eşitlik, kültürəl eşitlik vəya sosyal eşitlik. Bu kimi eşitliklər genəldə toplumun bütününü nəzərə alaraq müzakirə qonusu olur. Hər kəsə ortada olan pastadan bəlirli və yetərli pay vermək sözü verilir. Eşitlik qavramı(məfhum) Toplumdan topluma dəyişir, Misal üçün bir ölkədə hələ ilkəl haqlar qonusunda, məsəla ana dili haqqında eşitlik mübahisəsi getdiyi zaman, bu kimi sorunları aşmış olan və gəlişmiş başqa bir ölkədə tam fərqli qonular eşitlik qonusu ola bilir.

Eşitlik qonusunu daha geniş dartışmadan, bu yazının əsas amacı olan insanların arasında olan eşitlik bəhsinə bu qısa ön sözlə keçmək istəyirəm. Çünki, özəl və bəlli alanlarda qonulara keçmədən, əsas olaraq bir toplumda insanların, insan məqamında eşitliyi sağlanmadığı sürəcə o toplumdaki digər alanlarda sağlanan eşitliklər, o toplumu ideal və insana ruhən huzur verən bir yola götürə bilməyəcəkdir.

İnsan dediyimiz, bu gün bütün dünyada cinsiyyət baxımından təbii haqlara sahib olan, əsas olaraq iki təməl qrupa ayrılmaqdadır (istisnalar xaric): qadın və erkək. İnsani toplumların hər zaman yarısı erkəklərdən və yarısı isə qadınlardan oluşmaqdadır. Yuxarıda da dediyimiz kimi eşitlik qonusu bəlirli sahələrdə incələnmədən öncə, bu qonu insan ilişkilərinin təməlində çözülməlidir. Əks halda o toplumun işıq və uğur üzü görmə ehtimalə mümkün olmayacaqdır. İnsanlıq tarixinə baxdığımız zaman insanın təməl iki cinsi olan qadın və erkəyin eşit durumlarda olmadığı ap aydındır. Bu qonuda diqqət mərkəzinə aldığımız tarixin istisna durumları və istisna toplumları dışında, dartışmanın belə yersiz olduğu qədər aydın bir eşitsizlik durumu ortadadır. Erkək gücü hər zaman qadına höküm sürmüş, qadını yönəltməyə çalışmışdır.

Dünya irəliləyib modernləşdikcə bu durumu dəyişməyə çalışan və eşitlik haqlarını tələb edən üsyanlar və baş qaldırılara şahid olmuşuq. Tarix bu tərpənişlərin 18-ci Yüzillikdən etibarən qərbdə başladığına şahiddir.

Burada da, ölkəmiz Azərbaycanda, eşitlik qonusunu qadın və erkək eşitliyi sahəsində ələ almaq istəyirik.

            Qadınları öz haqlarını tanımaq və zorba güclərin qabağında dayanmaqda erkəklərlə müqayisədə eşitlik açısından nə durumdadırlar? Nə etmələri gərəklidir? Haqlarıyla necə tanış olub, uğurlu bir həyat və gələcək üçün necə addım atmaları bizə görə artıq günümüzün ən önəmli qonularındandır.

Bu yazı əsas olaraq iki bölümə ayrılıbdır. Birinci bölümdə qadın hərəkətinin tarixi gəlişimi və önəmi söz qonusu olacaqdır. İkinci bölümdə isə Azərbaycan qadınlarının tarixi və güncəl durumu ələ alınaraq, niyə bu gün Azərbaycanda qadın hərəkətinə vəya başqa deyimlə Feminizmə gərək duyulduğu dartışılacaqdır.

I. Feminizm Nədir?

Burada olan əsas soruya, yani “Bu gün Azərbaycana Nədən Feminizm Gərəklidir” bölümünə keçmədən öncə fərqli bir başlıq altında ilk öncə feminizmin nə olduğu haqqında genəl bir açıqlama gərəkli görünür.

            Nədənsə bir çox yerdə Feminizm sözcüyü gəldiyində yanlış bilgilər nəticəsində önyarqılamalara və nədənsiz qorxulara şahid oluruq! Sanki, Feminizmin amacı qadınları erkəklərdən ayırmaq ya da üstün tutmaqdır. Bir çox yerdə şahid olduğumuz kimi Feminizmdən danışıldığında onu bir erkək duşmanlığı kimi alqılayırlar. Feminizmi faydasız və gərəksiz bir iş kimi görən qadınlarımızın sayısı da az deyildir. Feminizmi doğru incələdiyimizdə, Feminizmi, erkək düşmanlığı deyil, tam tərsinə erkək dostluğu olduğunu görürük. Eyni zamanda qadın dostluğu və beləliklə insanlıq dostuluğu olduğunu da.

Feminizmdə qorxmalı və çəkinməli heç bir şey yoxdur.

Bir çox yerdə Feminizmdən ya da qadın haqlarından danışıldığı zaman bu axımın sorunları çözmək yerinə özünün bir sorun olduğunu iddia edənləri də görürük. Halbuki, Feminizm teorilərini doğru anlamaq və onun ana xətlərini və ideallarını doğru təqib etməklə bu axımı təqib etməyi və ilkələrinin həyatımızda uyqulandığının yaşamımıza gətirə biləcəyi uğur və işığa şahid olacağıq.

Feminizm sözcüyünün ortaya çıxış tarixi haqqında fərqli görüşlər vardır. Bir görüşə görə bu termin 1872 də Fransada qadın haqları hərəkətini tanımlamaq üçün ortaya çıxıb. Başqa bir görüşə görə isə Feminizm 18-ci yüzillikdə İngiltərədə doğan cinslərarası eşitliyi qadın haqlarının genişlədilməsi ilə sağlamaya çalışan bir toplumsal hərəkətdir.  Feminizm termini ilk olaraq 1890-larda, özəlliklə qərbdə qadınlara səs haqqının tanınması və qadınlara eyitim haqqı qazanılmasından sonra, Feminizm içindəki qamusal alanda erkəklərlə eşit haqlara sahib olma hədəfi ilə ailənin özəl alandakı durumunu yaxşılaşdırmağı amaclayan qadınların, erkəklərdən fərqliliklərinin tanınması istəkləri arasında görülən qalıcı qarğaşa daha da bəlirgin formada ortaya çıxdı. Göründüyü kimi Feminizm Avropa kökənli bir fikir cəryanıdır və bu üzdən də Feminizmin ortaya çıxış nədənlərinin biri Avropa tarixi boyunca qadına yapılan haqsızlıqlar və zülümlərdir. Feminizmin ortaya çıxışının başqa bir səbəbi isə aydınlanma çağı fəlsəfəsi və bu fəlsəfədə də qadının yerini ala bilməməsidir.

Təməl bu girişdən sonra deyə bilərik ki, Feminizm təxminən 2 əsr yarımlıq bir tarixə sahibdir. Bu qonu dünyanın ən çox dartışılan gündəm maddələrindən birini təşkil edir və hər zaman dayandığı əsas qonu, dünyanın yarısını təşkil edən, buna rəğmən insanlıq tarixi boyunca sosyal, ekonomik, dini və siyasal həyatdan uzaqda tutulan, uzaq tutulmasa belə, istisnalar dışında dünya tarixində adlarından genəldə söz edilməyən varlıqlar olaraq qadınların yanlızca 250 ilə yaxındır özləri haqda danışmaqda olmaları, qadınlıq aləminin sosyal gəlişimi üçün çox uzun bir sürəc deyildir.

Feminizmdən net bir tərif ortaya qoymaq istərsək belə deyə bilərik: Feminizm, cinsiyyətçilik, cinsiyyətçi sömürü və basqıya son verdirməyi amaclayan bir hərəkətdir. Girişdə genəl eşitlikdən danışdıq, amma Feminizmin əsas qayğısı toplumsal və normal həyatdaki eşitliklərin yanında cinsiyyət eşitliyidir. Bir çox insan cinsiyyətçiliyi anlaya bilməyir vəya anlayırsa belə, bunu bir sorun olaraq ortada görmür. Bir çox insan Feminizmin hər zaman və yanlızca erkəklərlə bəlli alanlarda eşit olmağı amaclayan qadınlardan ibarət olduğunu düşünməkdədirlər. Məsəla Feminizmə qarşı çıxan düşüncələrin bir çoxunun məntiqində, qadınların da erkəklər kimi çalışıb para qazanmaqları vəya eyitim görmələri yerləşir. Bir halda ki, Feminizm məntiqi və amacı bu qonuların yanında daha dərin və ciddi bir sosyal qonunu ələ almaqdadır. Bir çox insan qonunu zatən ataərkil medya yoluyla öyrəndiyi üçün Feminizm haqqında yanlış yorumları mənimsəyir. Məsəla söz qonusu insanlar qadın özgürləşməsini yanlızca kürtaj etdirə bilmə özgürlüyü, lezbiyən ola bilmə, təcavuz və ev içi zorakılığa qarşı çıxmaq kimi qonulara odaqlandığını medya sayəsində öyrənir və bunların yanında eşit ücrət və iş gücü olduqdan sonra da Feminizmi gərəksiz bir olay kimi alqılamağa başlayır.

Feminizm haqqında deyə biləcəyimiz ən önəmli qonulardan biri isə, bir çox insanın yanlış anladığına rəğmən bu hərəkətin sırf qadınlardan oluşmadığıdır. Erkək olmanın bir ayrıcalıq olduğu düşüncəsindən sıyrılmış bir erkək Feminist mucadələdə dəyərli bir yoldaşdır və erkək olduğundan dolayı feminist mucadələsinin bir təhdidi vəya düşmanı sayılmaz. Tam tərsi Feminist hərəkət içinə sızan və cinsiyyətçi düşüncə yaxud davranışdan vaz keçməyən bir qadın bu mucadilənin ciddi bir təhdidi sayılır. Qərb ölkələrində Feminist hərəkəti tanıtdırmaq üçün qurulan bilinc yüksəltmə qruplarının ən güclü müdaxiləsi, bütün qadınlardan öz içlərindəki cinsiyyətçiliklə, ataərkil düşüncə və eyləm ilə qurduqları ittifaqla üzləşmələrini və Feminist eyləmə bağlılıqlarını gözdən keçirmələrini tələb etmələri olmuşdur. Bu müdaxilə bu gün də gərəklidir. Feminist mücadiləyə daxil olmaq üçün sadəcə qadın olmaq yetərli deyildir. Bəlkə bu mucadiləni seçən hər kəs üçün aşılması gərəkən bir maneədir. Öncə öz içimizdəki düşməni öldürməmiz gərəklidir. O düşmənin adı isə cinsiyyətçilikdir. Təhdid və düşmən cinsiyyətçi düşüncə və davranışdır. Qadınlar, öz içlərindəki cinsiyyətçiliyi ələ alıb öldürmədən Feminizmin bayrağını daşıdıqları sürəcə, Feminizm hərəkətin ürəyi xəstələnməyə və yanlış yollara getməyə dəvam edəcəkdir.

Cinsiyyətçilik qonusu isə başlı başına çox qapsamlı və dartışmalı bir qonudur. Yanlız burada qonunun netləşdirilməsi üçün bəsit bir tərif ortaya qoymaq istərsək belə deyə bilərik ki, cinsiyyətçi bir düşüncədə yerləşən əsas fikir qadını erkəkdən ayırıb bəlli və təmamən fərqli qonumlara yerləşdirməkdən ibarətdir. Bu düşüncədə isə erkəklər daha güclü, hər halda qoruyucu, əzici və özəlliklə sosyal həyatda egəmən bir rola sahibdirlər. Təbii, cinsiyyətçi düşüncə və cinsiyyətçiliyin tərifi sadəcə bundan ibarət deyildir, amma genəl bir açıqlamada tarix boyu bu davranışların hakim olduğuna şahid olmuşuq və günümüzdə də mucadilələr sonucu bəlirgin ayrıcılıqların görünüşdə və bir çox ölkədə qanunlarda belə dəyişdiyini görsək cinsiyyətçi düşüncənin hələ də bütün gücü ilə dəvam etməsinə şahid ola bilərik. Bəlli alanların sadəcə erkəklərə aid olması kimi xüsuslar vəya hətta bəlli yiyəcək ya da içəcəklərin erkək malı olduğundan tutub həyatın ən dərin qatlarına qədər cinsiyyətçi düşüncəyə sahib olan erkək egəmən toplumları görə bilərik. Təbiidir ki, bu düşüncənin və egəmənliyin sonucu uzun sürədə və dərindən dərinə toplumun yarısını yox bəlkə bütününü qadınlı erkəkli xəstəliyə və mutsuzluğa sürükləyəcəkdir.

  II. Niyə Bu Gün Azərbaycana Feminizm Gərəklidir?

 

Bu gün yaşadığımız toplumda yəni Azərbaycanda həm Quzey Azərbaycan və həm İran sınırları içərisində yerləşən Güney Azərbaycanın sosyal durumunu göz önünə alıb incələdiyimiz zaman, artıq çözülməsi gərəkli olan ciddi sorunlarla üzləşə bilirik. Bu gün dünya istadartlarına görə hələ gəlişmək halında bir ölkə olan Azərbaycan, çox da uzaqlara getməsək ən azı keçmiş iki yüz il içərisində bir çox ictimai, siyasi, iqtisadi və kültürəl ziyanlara məruz qalmış bir ölkədir. Elə bir ziyanlar ki bir millət üçün, bunları göz ardı edib görməzdən gəlmək mümkün deyil. Bu gün Azərbaycan milləti daha alnı açıq, özgür və insani bir həyat yaşamaq üçün, tarix boyu almış olduğu bu zərbələrin və bəlkə də qəflətlərin cübranı üçün bütün sahələrdə əlindən gələni etməlidir.

Yazının girişində də bəlirlədiyimiz kimi sağlıqlı bir həyat və sağlıqlı bir toplumun yaranması üçün əsas şərtlərdən biri, o toplumda insanlar arasında eşitliyin sağlanmasıdır. Eşitliyin sağlanması üçün fərqli metodlar və ideolojilər əsas alınaraq, toplumlarda irəliləyib və bu ideolojilərin ilkləri yanlıları tərəfindən uyqulanmışdır. Bu yazının “Feminizm nədir?” bölümündə bu ideoloji haqqında genəl açıqlamaları ortaya qoyduq. Bu bölümdə isə əsas amacımız öz toplumumuzu və sorunlarını ortaya qoyub feminizmlə tutuşduraraq bu axımın bizim üçün niyə gərəkli olduğunu açıqlamaqdır.

Bir millətin özünü tanıyıb, qoruyub, yaşatması üçün əsas soruşduğu soru hər zaman “biz kimik” sorusu olmuşdur. Bu sorunun cavabı üçün də tanıdığımız o əski bilim, tarixə müraciət edib onun ağ- qara səhifələrini varaqlayaraq kimliyini ortaya çıxartmışdır. Onun haqqında danışıb parlaq yönləri ilə öyünmüşdür. Azəbaycan tarixi və genənlliklə Türk tarixi, parlaq səhifələrlə doludur. İmpratorluqların qurulduğu, qıtalara höküm sürdükləri, qəhrəmanlıqları və fərqli sahələrdə insan və insanlıq üçün etdiklərimizdən yerdən göylərə qədər danışıb öyünə bilərik təbii. Biz Türk milləti olaraq, tarix boyu boynu bükük bir millət kimi tanınmadıq, amma heç bir millətin yer kürəsi üzərində bütün tarix səhifələri altın rəngində yazılmamışdır. Bu bizim üçün də keçərlidir. Qonumuzla bir başa əlaqəli olaraq bu qonunu qadın sorunları bağlamında ələ almaq istəsək qadınlarımız haqqında tarixi öyünclərimizdən çox danışıb, çox yaza bilərik. Bəlkə də digər millətlərdə tayı- bənzəri olmayan örnəklər gətirə bilərik. Misal üçün Doç. Dr.Gülara Yeniseyin Türklərə Feminizm Gərəklidirmi yazısında bu kimi örnəklər gətirilmişdir:

 ”  Tarixi gerçəkləri bilməmiz üçün öncə Türk toplumunu tarix boyu idarə etmiş Türk Törəsini (yüz illərdən bəri adət-ənənlərini, əxlaq və davranışlarını bəlirləyən yazılmamış yasalar), Türk yaşam fəlsəfəsini xatırlamalıyıq. Türk inancı və Türk Törəsi ən əski çağlardan günümüzədək Qadını qutsal bir varlıq  olaraq hər zaman ucaltmışdır. Səmavi dinlərin heç birində qadın din adamları olmadığı halda Türklərdə toplumu idarə edən qadın Qam-Şamanlar olmuşdur (bunun ən son örnəyi Uyğur bölgəsində bir neçə il öncə tapılmış çox əski qadın Qam mumiyasıdır). Ural boyunda, Sibirdə ən ucqar yerlərdə sadə geyimli çox əski qadın-ana heykəlləri vardır. Əski Türklərin yaşam biçimi yarı köçəri elat və əkinçilik olduğu üçün qadınlar hər zaman azad və kişilərlə eşit hüquqa sahib olmuşlar. Herodot Asya çöllərində yaşayan İskitlərdən olan İsadonlar haqqında belə yazmışdır :`Adil insanlar olaraq tanınırlar, qadınları kişilərinə eşitdir,eyni yetkilərə(səlahiyyətlərə)sahibdirlər.` Amazonlarla İskitlərin evlənməsindən yaranan və  Don çayının o biri sahilində yaşayan Soromatların qadınları da əski adətlərini sürdürür, at üstündə ovlanır, ərləriylə birlikdə və ya onlar olmadan savaşa gedir, kişilərlə eyni geyimi geyinirdilər. Coğrafi və iqtisadi şəraitin əski Türk qadınlarına sunduğu azadlıq və kişilərlə eşitlik olanaqları yüzillər boyunca davam etmiş, bəzi Türk bölgərində çeşidli faktorların etkisiylə qadınlar üçün qaranlıq dönəmlər yaşanmış, bazi bölgələrdə isə qadınların toplum içindəki özgürlüyü, özəlliklə oymaqlarda bu günə qədər davam etmişdir. Orta əsrlərdə Türk yurdlarını gəzib görmüş ünlü Ərəb gəzginləri İbn Batuta, İbn Fəzlan vb. Türk topluluqlarında qadının aktiv rolunu bir Ərəb kişisinin çaşqınlığı ilə izləmiş,`Türk qadınları sarayda və ailədə çox güclü və sayğıdəyər qonumdadırlar`cümlələri ilə Türk toplumunun qadına duyduğu ehtiram qarşısında heyrət etmişlər. O dönəmlərdə Türk yurdlarında Sara Xatun, Kebac Xatun,Süyün Bikə və onlarca başqa ünlü Turk Xatunları dövlət idarə etmiş, sənətdə, ədəbiyyatda fəal rol oynamışlar. Türk qadınlarının toplumda bunca sayğın, uca, möhtərəm olduğu bu dövrdə Ərəb kişiləri qadınlara kölə gözüylUə baxır, Avropa kişiləri isə qadınlara `cadugər` deyib tonqallarda diri-diri yandırırdılar. Fars şairi Firdovsi `Şahnaməsi`ndə qadını nifrətlə saçlarından tutub yerdə sürükləyir,qadın üçün `itdən də pisdir` deyərək aşağılayırdı. Nizami isə Türk kişisinin qadına duyduğu sayğı və ehtiramıyla `İskəndərnamə`sində Çinə yürüş sırasında Türk bölgəsindən keçərkən Türk xaqanına `qadınlarınız üzünə yaşmaq tutsun` göstərişi verən İskəndərə `günəşin üzü örtülməz` deyərək Türk ədəbini öyrətmişdir. Bir başqa Türk şairi Mövlana isə qadını bəsitləşdirmək istəyənlərə qarşı çıxaraqO haqq nurudur,sevgili deyil, o yaradandır, yaradılmış deyil` deyərək qadını Tanrı səviyyəsinə qaldıraraq onu qutsal bir varlıq olaraq ucaltmışdır. Böyük Hun imperatoru Atillanın sarayında bütün önəmli işlər onunla görüşülmədən öncə xanımıyla danışılırdı. Avropada insan haqqından, qadın haqqından səs-soraq olmadığı zamanlarda Türk saraylarında bəylərlə, bayanlar yan-yana, çiyin-çiyinə qurultay keçirdib, səs verərək xaqan seçirdilər. Göytürklər əski Türk gələnəyini sürdürərək anası Türk olmayanı xaqan seçməzdilər. Uluğbəy 15-ci yüzildə Səmərqənddə tikdirdiyi böyük mədrəsənin giriş qapısının üstünə `Qadın və kişi bütün Müsəlmanlara elm oxumaq fərzdir` sözlərini yazdırmışdı.  Böyük Türk dövlət adamı Mustafa Kemal Atatürk qadın üçün `dünyada gördüyüm hər şey qadının əsəridir` deyərək qadını Türk kişisinin sayğı və sevgisiylə onurlandırmış, onu dünyanın ən ali məqamına gətirərək qudsamışdır.”

            Hə, tariximiz gözəl, adını çəkə biləcəyimiz Xatınlarımızın da sayı çoxdur. Təbii bu tarixi öyünc və Türk qadınlarının tarix boyu sosyal həyatlarının necə olduğunu araşdırmaq da bu genəl dəyərləndirmələrdən ayrı, öz alanında dəqiqcəsinə incələnib araşdırılmalıdır. O başqa qonu. Amma keçmişimizdə və törəmizdə belə, hər şeyin qadınların həyatı baxımından sorunsuz və gözəl olduğunu var saysaq da, bunun günümüz üçün və bu çağda yaşadığımız sorunlu və dərdli həyat üçün nə işə yaradığını düşünməliyik!

            Bu gün yaşadığımız toplumda yəni Azərbaycanda və özəlliklə də səsi və suyu ilə oralı olduğum üçün dərin qatlarına qədər tanıdığım Güney Azərbaycanda, Qadın sorunu deyə bir gerçəklik ortadadır. Nədənsə hər zaman bütün qadınların istər eyitim görmüş və sosyal həyatda aktiv olan qadınlar vəya yanlızca ev qadınlarının genəl bir dərdi var. O da bu toplumda Qadın olaraq dünyaya gəlməkləridir! Bu şikayət sınıf, eyitim, iqtisadi və kültürəl durum nəzərə alınmadan genəl olaraq toplumun bütün qadınlarının dilindədir. Təbii, ürəkdən qadın olduqlarından dolayı narahat olmasalar da, yalnız bəzi durumlarda bəlkə bu etirazın boyası, boyutu və şiddəti fərqli ola!

Çağdaş həyat və dünyada, insanların özgürlük üçün ən çox dartışdığı və odaqlandığı bir qonu var: “İnsan Haqları”!

 İnsan Haqları isə sırf qadınlara aid olan Qadın haqları adında önəmli bir qolu var. Sırf qadın və qadın haqları ilə uğraşan bir ideoloji isə bildiyimiz kimi Feminizmdir. Mən, şəxsən qadın haqları və insan haqları ilə uğraşan bir qadın olaraq, Azərbaycan kimi bu gün Ataərkil qaydaların və ilkələrin höküm sürdüyü bir yerdə, yəni erkək cinsiyyətinin üstünlüyü və gücü ön planda olub qadının ikinci və zəif bir cins kimi görüldüyü nöqtədə feminizmi və ilkələrini incələdikdən sonra bu gün onun uyqulanmasını bu rəzalətlərdən qurtulmaq üçün ən yaxın və etkili çıxış yolu görürəm. Genəl kültürü ataərkil olan Azərbaycanın niyə bu günə gəldiyi özü başqa bir sosyolojik alanda dartışma qonusudur. Bu gün ortada olan gerçək durum bundan ibarətdir. Gələnəksəl qurallar və bəlkə də gələnək- görənək halına gəlmiş qurallar, amillərin biri ola bilər.

Bu gün bizim əsas vəzifəmiz öz alanımızda sorunları bəlirləyib çözüm yollarını tapmaqdır. Eşitlik və qadınların özgürlüyü üçün nə etməliyik? Hansı yolu seçməklə uğur qazana biləcəyik? Dönüb tariximizi tanıyıb, Türk mitolojisindəki qadınları örnək alaraqmı? Bu nədənsə mənə bir əfsanə kimi gəlir. Hər şeydən öncə çağ fərqliliyi və dünyanın artıq əski dünya olmadığı söz qonusudur. Bu gün, bu dünyanı yönətən bəlli qurallar, insan haqlarını qoruyan uluslararası orqanlarda masaların üzərindədir. Özgürlüklərinə qovuşmağa çalışan bütün millətlər durmadan irəliləyirlər. Özgürlük çabasında olan bir millət olaraq bu gün Azərbaycan milləti gününə və ehtiyaclarına uyğun yollar seçməlidir. Seçdiyi və əsas aldığı məktəbləri və ideolojiləri isə yaxşıca oxuyub, anlayıb, incələməlidir. Aşırılığa və radikalizm xətərinə düşmədən savaşmalıdır. Azərbaycan qadınlarının sorunları bu gün bir zamanlar qərb ölkələrində yaşayan və sitəm altında olan qadınların sorunlarına bənzəyir. Eşitsizlik, ataərkil toplumun qurallarına qarşı çıxmaq, qadınların öz haqlarını tanıyıb, özləri öz yaşam qurallarını bəlirləyərək qadın ruhundan və ehtiyaclarından xəbərsiz olan erkəklərin bəlirlədiyi qurallarla yaşamamaq! Bu sorunların bu gün bir çoxuna feminizm ideolojisində çözüm yolları bulunmaqdadır. Bu gün gəlişməkdə olan ölkələrdə qadın hərəkətləri və qadınların özgürlük yolunda verdikləri güclü mucadilələrə şahidik. Azərbaycanda isə durum fərqli deyil, həm Quzeydə, həm də Güneydə bəzi sahələrdə fərqli olsa da hələ bir özgürlük mucadiləsi getməkdədir. Qadınların sorunları isə ortada.

Bəzən qadınlarımızla keçirilmiş bəzi söyləşilər gözümə dəyir. Qadın hərəkəti ya da feminizm haqqında düşüncələri məni şaşırdır doğrusu! Genəl mənfi cavab da bu olur ki, yox bu gün bizim qadınlı erkəkli bir ortaq dərdimiz var, “milli dərd”, biz hələ bu dərdi çözməliyik və enerjimizi boş yerə xərcləməməliyik! Burada ciddiyətlə bəlirtmək istəyirəm ki, qadın hərəkəti və feminizm ilkələri, bizim milli istəklərimizlə çatışmamaqdadır və ortaq dərdlərimizi çözmək yolunda heç bir zaman bizi geridə saxlayan bir məsələ deyil. Əgər biz bu gün bir millət olaraq gələcəyimiz üçün özgür və fərah bir yaşam istəyiriksə bunun yolu eşitlikdən, ədalətli davranışdan keçər. Özgürlüyə çalışan və zülmlərdən özünü arındırmaq istəyən Azərbaycan və Özəlliklə Güney Azərbaycanın bu aşamasında, əsas olaraq bu gün haqlarımızı tanımanın və birləşmənin zamanıdır. Əgər toplumun yarısı olan Azərbaycan qadını bu gün, özü qadın ruhu və qadınlığa özgü olan dəyərləri ilə bütün meydanlarda hazır olub söz sahibi olmazsa gələcəkdə bu gündən daha böyük sorunlar yaşaya bilər. Bəlkə bir dərdimiz çözülər, amma bizə yaraşan o ideal həyata qovuşmaq üçün digər sorunlarla illər boyu boğuşmaq zorunda qalacağıq.

Bu gün Azərbaycana Feminizm axımı tanımayıb, qadın hərəkətinə gərəksiz bir iş kimi baxanlar və bunu  yersiz enerji xərcləmək kimi görənlər vardır. Məncə bu Feminizm axımını və qadınların gerçəkdən qadın kimi yəni özlükləri ilə, öz sözləri və ruhları ilə, bir erkək rolu oynamadan, özgürlük meydanlarında olmaqlarının gərəkliliyi və gələcəyimiz üçün nə dərəcədə önəmli olduğu ciddi şəkildə düşünülməlidir. Bu gün sorun sadəcə qanunlarda və kağazlar üzərində biz qadınlara haq tanımaq deyil, sorun bir qadının sadəcə çalışıb para qazana bilməsi vəya bir erkəkdən məqam olaraq daha üstün bir mövqedə olması da deyildir. Bu gün həm sosyal, həm özəl yaşamda bizim əsas istəyimiz, insana qadın və erkəkliyin fərqi olmadan insan kimi baxa bilən və insanın ruhuna, duyğularına və mənəviyyatına cinsiyyətçi bir baxışla deyil, bəlkə tam fərqsiz insani bir baxışla yanaşan sağlıqlı bir toplumun yaranmasıdır.

 Sonuc

Bütün dünya insanları əzəldən bəri hər zaman bir- birilərindən öyrənmişlər. Türk millətindən tarix boyu başqa millətlərin bir çox şey öyrəndiyi kimi, biz də başqa millətlərin ortaya çıxardıqları və özlüyümüzü unutmadan bizə gərəkli olan olumlu düşüncələrini və denəyimlərini öyrənə bilərik. Bu düşüncə və denəyimlərdən biri bu gün ana xətlri ilə aşırılığa və yanlışlıqlara yol vermədən feminizm ideolojisidir.

Kimsənin kimsəyə hökm etmədiyi bir dünyada yaşadığımızı düşünək. Qadınlarla erkəklərin bir- birilərinə bənzəmədiyi, amma ilişkilərimizi formalaşdıran yaşam fəlsəfəsinin qarşılıqlı əsası üzərinə inşa edildiyi bir toplumda yaşadığımızı düşünək. Hər birimizin özümüz ola bildiyimiz bir toplumda, içsəl barış olanaqlarının var olduğu bir toplumda yaşadığımızı düşünək. Feminizm devrim, tək başına belə bir dünya yaratmaz təbii, yanlız feminizm özünü bütünü ilə gərçəkləşdirmiş qadın və erkəklər olaraq özlədiyimiz toplumu yarada bilməmizi mümkün qıla bilər. Özgürlük və ədalət xəyallarımızı gerçəkləşdirə biləcəyimiz hamımızın eşit yaradıldığımız həqiqətini gerçəkləşdirdiyimiz bir toplumda həp birlikdə ideal yaşama qovuşa biləcəyik. Qadınlı erkəkli insani bir həyat üçün bu gün Azərbaycana feminizm gərəklidir. Feminizm hər kəs üçündür.

 Avqust. 2012

Qaynaqlar:

-          Bell HOOKS, Feminizm Herkes İçindir. BGST yayınevi, ikinci basqı, İstanbul 2012

-          Emine Öztürk, Feminist Teori ve Tarihsel Süreçte Türk Kadını. Rağbet yayınevi, İstanbul 2011

-          Josefhin DONOVAN, Feminist Teori. Çevirənlər: Aksu Bora, Meltem Ağduk Çevrek, Fevziye Sayılan, İletişim yayınevi. 6-cı baqı, İstanbul 2010

-          Necati GÜLTEPE, Türk Kadın Tarihine Giriş.Ötüken yayınevi, İstanbul 2008

tu

Yorum yazmaq istəyirsinizmi?