ZEHTABİNİ ANDIQ

seyfeddin_altayli_201009

“Millətin azadlığı birlikdədir,
Bəndəliyi, zilləti təklikdədir.
Zillət, ölüm, bil bunu, mən-məndədir
Kim desə “mən”, “biz” deyənə bəndədir”.

Prof. dr. Məhəmməd Taqi Zehtabi
OYANNEWS: 2013-cü il Güney Azərbaycan:::da Zehtabi İli elan edilib. Yaxşı, kimdir bu Zehtabiə Şəbüstərdə dünyaya gəlib. İbtidai məktəbi kənddə oxusa da təhsilini maddi imkansızlıqlar səbəbiylə davam etdirə bilməyib, Təbrizə köçüb. Orda həm işləyib, həm də özəl məktəblərdə ərəbcə, Katolik kilsəsində də fransızcanı öyrənib.
Pişəvəri və silahdaşları tərəfindən yaradılan Azərbaycan Milli Demokratik Cümhuriyyətinin 1946-cı ildə Təbrizdə açdığı universitetin ədəbiyyat fakültəsinə daxil olub. Ancaq bu cümhuriyyət Sovetlər Birliyi ilə İngiltərə-ABŞ üçlüyünün əlbirliyi ilə məhv edilib, on minlərlə Türk qətlə yetirilib, Türkcə kitablar meydanlarda yandırılıb, on minlərlə Türk dədə-baba yurdundan didərgin düşüb, əksəriyyəti də Qüzey Azərbaycana üz tutub. Zehtabi də 1948-ci ildə Araz çayını o yana adlayıb ki, yarımçıq qalan təhsilini davam etdirsin, xalqına, vətəninə layiq bir kadr olsun. Çayı keçib, ancaq sərhədçilər tərəfindən tutulub və saf niyyətini onlara inandıra bilmədiyindən Sibirə sürgün edilib. Üç il türmədə yatıb, üç il də Tacikistanın paytaxtı Duşənbədə məcburi şəkildə iqamət edib, burada da axşam məktəbinə gedərək orta təhsilini davam etdirib. Cəllad Stalinin o dünyalıq olmasından sonra Azərbaycana, Bakıya köçüb. Universitetə daxil olmaq istəsə də orta məktəb diplomunu yanıca gətirmədiyindən təkrarən orta məktəbi oxumalı olub və diplomu alan kimi də Azərbaycan Dövlət Universitetinə mərhum alimimiz, rektor Yusif Məmmədəliyevin əliylə 33 yaşında daxil olub. Məktəbi bitirəndən sonra Şərqşünaslıq fakültəsində 15 il ərəb dili və ədəbiyyatı sahəsində dərs deyib. 1971-ci ildə Bağdada köçüb, Türkmən gənclərini yetişdirib. 1979-cu ildə Şahın taxtının çevrilməsindən sonra doğma şəhərimiz Təbrizə köçüb, xalqını ziyalandırmaq yolundakı fəaliyyətlərini burada davam etdirib, lakin xalqının ziyalanmasından ürkən və özü kimi tələbələri yetişdirməsindən bərk qorxuya düşənlər onu 1998-ci ildə qətlə yetirib. İki cildlik “İran Türklərinin əski Tarixi”, “Pərvanənin Sərgüzəşi”, “Hüseyn Xan Bağban” kimi əsərlərin müəllifi olan Məhəmməd Taqi Zehtabinin qısa tərcümeyi-halı belədir.
Antony Smith millətçiliyi, “Millətçilik yalnızca bir inam sistemi deyil, lakin bir mədəniyyət şəkli, dinin növlərindən biri kimi də qəbul edilə bilər. Millətçiliyi müəyyən siyasi ideologiyalardan bir xəyli fərqləndirən, münasibətilə də onu saf siyasi ideolojilərin narahatçılıqları və əsasları haqda edilən tənqidlərə qarşı dözümlü edən də bu yönüdür.”, tanınmış sosioloji alimimiz Ziya Göyalp isə, “Vətənsevərlik, millətçilik elə bir günəşdir ki, digər əqidələr ancaq onun işıqları ola bilər” deyib.
Mərhum elm, siyasət və ədəbiyyatşünas alimimiz Zehtabi də millətçiliyə bu prizmalardan baxıb. Onun millətçilik anlayışında milli kimlik, milli birlik və milli müstəqillik əsas şərtlərdir. O, ölənə kimi məzlum xalqının övladlarına öz milli kimliyini aşıladı, onlara Tanrı tərəfindən özənə-bəzənə yaradılan Türk millətinin şəxsiyyət sahibi insanları olduqlarını başa saldı, onlara ruh yüksəkliyi verdi. Güney Azərbaycanlı qardaş-bacılarımızın bu ili Zehtabi ili kimi elan etməsi həddən artıq qədirşinaslıq və vəfalılıq nümunəsidir.
İzmirdə təşkil olunan Zehtabini anım mərasimi üçün Hadi Sultan Qərayi adlı həmvətənimiz Amerikadan durub gəlmişdi. Ankara, əskişəhər, Bursa və digər şəhərlərdən İzmirə axışan Güneyli gənclərlə Zehtabi günündə tapışdıq. Onu andıq, fikirlərini bölüşdük, belə bir şəxsiyyətimiz olduğuna görə öyündük. O, yenilməz bir Türk oğlu idi.
Türkiyənin banisi Atatürk, “Türk yenildi desələr inanmayın, məğlub olan komandandır” deyib. Səksən yaşına yaxınlaşarkən belə onun varlığı bir imperiyanın kürkünə birə daraşdırmağa kifayət edirdi.
Ona görə onun cismani bədənini aradan götürdülər, ancaq Zehtabinin yandırdığı məşəl hər ötən gün gurlaşaraq yanır və yanmağa da davam edəcəkdi. Onun əkdiyi toxum artıq öz bəhrəsini verib. Bunu da 2013-cü ilin Zehtabi ili kimi elan edilməsi hadisəsi sübut edir.
Bu yolda yorulanlara, əmək verənlərə səmimi qəlbdən təşəkkürlərimi bildirirəm.
Seyfəddin Altaylı,
Ankara,altaylı_s@yahoo.com
adalet.az

Yorum yazmaq istəyirsinizmi?