YOZUMSAL TƏNQİD

azerbaijan-modern-sher-gecasi-10

 

Oyannews:

 

Hümmət Şəhbazi

Hər bir yaradıcılıq, öz oxucusunu mənimsəyərək, onun marağını qazanır. Oxucunun marağı ilə yanaşı düşüncə də onun yan-yörəsində qurulur. Belə olan halda o, yaradıcılıq haqda düşünməyə və öz düşüncə dairəsini genişləndirməyə çalışır. Oxucu  əsəri çevrəyən bütün alanları o cümlədən: zaman, durum, yaşayışını mənimsəyərək ümumiLəşdirir. Daha doğrusu əsər aracı ilə onun beyninə köçürülən anlayışlar öz yozumunu tapır.  Başqa sözlə desək: əsər özünün yaratdığı anlamla yox, başqasının anlamında qavranılır. Belə olan halda oxucu «roland bart»in dediyi kimi «mətnin ləzzətini» dadır və maraq göstərir.

 

Bir ədəbi yaradıcılıqdan danışarkən, ümumiyətlə yaradıcının köklü və özəl görüşləri nəzərə alınır. Ola bilsin ki: bir sənətkarın psikolojik (ruh bilimçı), toplumbilimçi (sosyolojik) cəhətləri güclü, başqasında  isə, duyarlıq yönləri qabararaq özəlləşdirilsin. Örnək üçün: M.Füuzuli yaradıcılığından danışarkən, onun irfani görüşlərindən, «B.Q.Səhənd»in isə onun özəlləşdirdiyi insanın davranış və düşüncəsindən vaz keçmək olmaz. Beləliklə yaradıcılıqdan danışan bu kimi tənqidləri özəl bir bilimlə bağlamaq olmaz. Buna görə də: tənqid, (başqa quramsal bilimlərdə olduğu kimi) nisbi olaraq, mutləqçı baxışdan qıraqda durmalıdır. Çünkü oxucu çeşidliyi nəticəsində, yozumlar da çeşidli olur. Hər bir oxucunun özəl yozumu olduğundan, yaradıcılıq oxunuşu da çeşidli ola bilər. Ancaq biz burada iki əsas tənqid və oxuma gedişatını nəzərə alaraq, bütün oxumaları da bu çərçivədə yerləşdiririk (yenə də vurğulayıram ki burada  bizim tərəfdən söylənən baxışlar tam mutləq bir baxış deyil. Ola bilsin ki bir başqası, başqa bir görüşlə bunun əleyhinə olsun) . Bu iki tənqid növü aşağıdakılardır:

a) Gələnəksəl Vəsfi Tənqid  

b)  Yozumsal Tənqid (Təhlili Tənqid)

Gələnəksəl Vəsfi Tənqid: mətnin ümumi durumundan danışan bir növ tənqiddir. Oxucu bu növ tənqidlə, mətnin xırdalıqları və detallari ilə yox, ümumi və bir sıra bütüncül (külli) anlayışlariyla tanış olur. Elə bu özəlliyinə görə də, oxucu ilə mətn arasında, bir ilişki yarada bilmir. Çünkü söz qonusu edərək açıqladığı özəllik, mətnin öz içərisində yerləşir; və buna görə bu açıqlama yalnız mətnin yozumu ilə yox, tərcüməsiylə sonuclanır. Başqa sözlə desək yazılan belə bir tənqid, mətndə olanlardan qıraq heç bir şey oxucu anlamına  köçürə bilmir. Buna görə tənqid, mətnin tərcüməsi kimi özünü göstərir.

Örnək olaraq: fars ədəbiyyatında doktor əbdulhuseyn zərrinkubun yazıları -o cümlədən «neyin sirri», «addım addım tanrını özləmək» kimi əsərləri – mövləvinin məsnəvisində olan şeirlərdən qıraq heç bir bilik oxucuya vermir. Burada yalnız mövləvinin şeir biçimində gələn görüşləri, “zərrinkub”un nəsr dilinə çevrilir və şeirin misraları, nəsrin cümləsiylə sonuclanır. Bunu isə, hər bir oxucu nəsrə çevirə bilər. Halbuki doktor mənüçehr murtəzəvinin şirazlı hafiz haqda yazdığı «hafiz məktəbi» adlı əsəri, hafiz şeirinin nəsrə çevirməsiylə yox, onun yozumu ilə sonuclanır. Burada bir şairin yaradıcılığı, başqasının yozumu ilə oxucunun beyninə köçürülür.

Başqa bir örnəyi: mərhum yazarımız G.Səbahinin Azərbaycan türkcəsində yazdığı «şeirimiz zamanla addimlayır» adlı tənqidi əsərindən verirəm. Səbahi, mədinə gülgündən aşağıdakı şeir örnəyini gətirərək:

yurduma gün doğdu, açıldı səhər

qaranlıq gecədən qalmadı əsər

günəşin şövqiylə dil açdı vətən

qünçələndi güllər, bəzəndi çəmən

bu şeir haqda belə yazır: «[gülgün] dilinin açıldığına, açılmış güllərin başı üzərində bülbüllərin şövqə gəlib, çəhçəh vurduğuna sevinir»

sizcə mərhum səbahinin bu açıqlamasında, oxucu biliyinə şeirdən qıraq bir anlayış artılırmı? Məncə yox, Çünkü burada sözü gedən şeirin düşüncələri yozumlanmır. Tərsinə onlarda olan düşüncə vəsf olunur. Səbahinin açıqlamasını eyniylə Şeir örnəyindən dolayısız da almaq olur. Başqa sözlə şeirdə olan düşüncə ilə, açıqlanan düşüncə arasında heç bir fərq görünmədən, eyni Anlayışı oxucunun düşüncəsinə köçürür. Beləliklə bu növ tənqid, xırdalıqlara varmadan özünü mətnin anlayşında təkrarlayır. Səbahinin yazdığı sözlərdəki anlayış, şeirin özündə vardır. Əgər şeirdə vardısa onu nəsrə çevirməsinin səbəbi nə ola bilər? Axı oxucu  səbahinin nəsr biçimində gətirdiyi tənqidi anlayışı, eyniylə M.Gülgünün şeirindən ala bilir. Daha doğrusu mərhum səbahi şeiri mənzumluqdan çıxararaq nəsrə çeviribdir (arasıra yazılan tənqidlərimiz bu kimi tərcüməçı və vəsfi tənqidlərdir).

gələnəksəl(ənənəvi) oxunuşun başqa cəhətlərindən biri öz oxunuşunun qətiliyinə inanmasıdır. bu baxımdan gələnəksəl oxunuş, bir cura məhkəmə qərarına bənzəyir. belə ki burada olduğu kimi, gələnəksəl oxunuşda da, oxunan hər bir şey qətidir. məhkəmə yozumçuluğunda qəti bir qərar vardır. onlar hər bir oxunuşu, qəti yozuma tərəf yönlətməlidir ki bu yozum, toxunulmaz bir yozumdur, gələnəksəl oxunuş da elə, qəti bir qərardır. “hər bir aşağı yaşlı, yaşlının sözünə baxmalıdır”. bu qəti bir qərardır; və bilirik ki bir gələnəksəl oxunuşdur. indi bu qərarı yeni bir oxunuşla, -hətta sayğiyla belə oxunarsa- onda inciklik yaranacaqdır. yaşlı əgər deyirsə “evlənməlisən” demək bu qəti qərardır. onun sözündən çıxmaq olmaz. Indi bunu yeni bir oxunuşla və yeni durumla uyğun olmadığını vurğulayırıqsa pər-pozanlıq yaranır. çünkü biz gələnəksəl oxunuşun əleyhinə olaraq davranmışıq. buna görə gələnəksəl oxunuşlar qəti oxunuşdur.

qəti oxunuş, təməlçiliklə (fondamentalizm) sonuclanır. təməlçilik yalnız din və ya xud iqtidar sistemində yaranmır. o ədəbiyyatda da görünə bilər. necəki bizim ədəbiyyatımızda toxunulmaz sənətkarlar vardır. onlara “gözün üstə qaşın var” demək də belə böyük suçdur. əlbətdə təməlçilik bəzən toxunulmazlığı doğru olaraq müdafiyə edir. örnək oçun: dil haqqında sözcükləri qorumaq təməlçilik anlamı ilə eyniləşir. ancaq bu növ təməlçilik düşüncəsi qorunmalı yoxsa danılmalıdır, aydındır ki bu haqda, biz təməlçiliyin tərəfində olmalıyıq. beləliklə təməlçilik hər zaman mənfi anlamda deyil, tərsinə onun qorunmalı olan cəhətləri də vardır. sizcə bunun əks anlamını nəzərə tutarıqsa yəni yeni sözcükləri (hər nə olursa olsun) qəbul edərək onu işlətmək və keçmişdə nə olduğunu danmaq düşüncəsi özü özlüyündə təməlçilik deyilmi? təməlçiliyin köklü ilkələrindən biri hər bir düşüncəni bilimsəl özəklərlə saxtalaşdırmasıdır.

 

Yozumsal Tənqid:

gələnəksəl vəsfi tənqid, oxucu ilə mətnin ölçüsü arasında arbalıq yaradır. burada qavram gedışatında heç bir dəyişiklik olmadan bir şey artırılmır. onları birbirindən fərqləndirən cəhtlər, yalnız birbirindən fərqli sözlərdən yararlanmaqdadır. ancaq son olaraq hər ikisi tək anlamlıqla sonuclanır. belə olan halda isə onların (tənqid və ya mətnin ) biri artıqdır. ya mətn olmalıdır ya da ki tənqid. bu arada, mətndən qıraq heç bir anlam vermədiyi üçün, oduzan bir şey varsa da, oda tənqiddir. halbuki düşündürən tənqid «məmməd arif» demişkən «bir yaradıcılıqdır». yaradıcı olan tənqid isə: mətnin anlayış və biçimini başqa bir biçim və anlayışla əvəz edir. bu isə, tənqiddən daha önəmli olan «yozum» (hərmnütik) anlayışiyla bağlıdır; çünkü Babək Əhmədi nin dili ilə desək: «yozum, sözqonusu olan mətnin arxasında gizlənən bir mətnin axtarışıdır».

Aşağıda H.Sahirin “xəzanlar” şeirini dinlədikdən sonra onun haqda bir yazıya marağınızı şəkmək istəyirəm.

 

xəzan çağı

qızıl günəş odlanıbdır

ağacların yarpaqları

minbir rənglə boyanıbdır…

hər yarpağın bir rəngi var

sövda rəngi

həsrət rəngi

tutğun,tozlu

qürbət rəngi…

xəzan çağı, yel əsərkən

yağır yarpaq

ölgün yarpaq

qalanıbdır qalaq  qalaq

yollar uzaq, göllər dərin

nəsim əsir sərin sərin

dağlar bizim, bağlar sizin

yeriyərkən yarpaq üstə

qalmaz izin…

gün yandırmaz!

Son bahardır

sankı ağac yarpaqları

lacivərdi bir mətndə

naqqışlardır…

bir çox xəzan gəlib, keçdi…

bir çox kərvan qonub köçdü

bir xəzanda

yetim qaldıq

bir xəzanda

sevdalandıq

bir xəzanda

alovlandıq

ən nəhayət

xülyaların havasına

qanadlandıq.

Bir xəzanda parlaq qızıl günəş doğdu

bir xəzanda

bulud gəlib günü boğdu…

atladarkən xəzanları

zaman bizi qovaladı…

gəldi zaman, keçdi zaman

ayrı düşdük yurdumuzdan

həsrət qaldıq sərin sərin bulaqlara

gül çiçəkli otlaqlara …

zaman keçdi, biz quruduq

susuz qalan ağaclar tək

təravtdən saldı bizi

bilməm qürbət?…

bilməm fələk?…

həsən ildırım «peyk-e azər» dərgisində, bu şeir haqda yazır:

«şeir [xəzanlar şeiri] üç lövhədən təşkil tapıb, birinci lövhədə xəzan mənzərəsini rənglər, səslər, hislər, birbirinə toxuyub onları canlandırmış ikinci lövhədə birinci lövhənın əsas mutivini ictimai və mənəvi hadisələrlə mənalandırmış onun simbollaşmış surətini dramatik və trajik bir səhnəyə çevirmişdir. Təbiətdəki xəzanın oyatdığı və onun tədaeilər }çağrışım{ sistemi ilə canlanmasını verə bilmişdir. Üçüncü lövhə birinci və ikinci lövhənin sintezi kimi çıxış edir, burada xəyalları, arzuları xəzəl olmuş bir nəslin simasında, yarpaqları tökülmüş, canına qış nəfəsi dolmuş payız bağları ilə üzləşdirib onların gərgin, yuvrək surətlərini ekranlaşdırmışdır…. Xəzanlar şeirində sevda, həsrət, qürbət, intizar … Kimi hislər şairin qaniyla yoğrulur…»

Bu tənqid tərcümə və vəsflə yox, şeirin iç və dış üzünü araşdırdığına görə, bizə şeirdən qıraq biliklər verir. Eyni Halda şeirin özəlliyini də məntiqi dəlillərlə araşdırır. Daha doğrusu yazılan hər bir cümlə boş məna daşımır.

demək olar ki, yozumçuluğun çeşidliyi, çevrədiyi dəlillər və argümenlərlə bağlıdır. bir yozumu gələnəksəl və ya xud yozumsal edən yalnız dəlillərdir. “don kıxot”un oxunuşunda dəlillər vardır. onu o hala gətirib çıxaran da elə oxunuşundakı seçdiyi dəlilləridir. bunu biz onun qarşı tərəfi olan “sanço panza”nın təəccüb edərkən davranışlarından duyuruq. əlbətdə ki o, təəccüblənməlidir. çünkü onunla don kıxotun, olaylar, durum və gerçəkliklər haqqındakı oxunuşları birbirindən fərqlidir. sanço gələnəksəl bir oxunuşda özünü sınırlayır. daha doğrusu don kıxotun çeşidli oxunuşları qarşısında yalnız bir cura düşünürlər. o da, onun oxunuşlarına xəyali və yanlış gözüylə baxmasıdır.

yozum, gizli anlamların açıqlanmasıdır. yozum, dilin sözcüklərində deyil, dilin davranışlarındadır. hər bir körpə, dünyaya gəlmək həmin, dildən və sözcüklərdən yararlanmır, dildə olan davranışlardan yararlanır. yozum da elə sözcüklərdən yaranan, sözcük toplusu deyil, tərsinə, davranışların toplusundan yaranan qavramlar toplusudur. buna görə də biz körpənin danışmadığı zamanda, onun davranışlarını yozuruq. bu davranışlar hər bir oxucu tərəfindən bir cura yozula bilər.

yozumsal oxunuş, xəyali və ardıcıl bir oxunuşdur. hər bir oxunuşun ucunu tutub başqa oxunuşla oxumaq olur. daha doğrusu oxunuş, oxunuş doğurur. buna görə də ədəbiyyat, bir xəyali oxunuşdur.

məhkəmə oxunuşunda iki haqq arasında və ya xud iki yanlış və suç arasında qərar vermək və onun haqqını və suçunu sezmək çətin bir işdir. ancaq hakim onların arasında qəti bir qərar verməyə məcburdur. ədəbiyyatda isə bunun tam əksinədir. ədəbiyyatda haqq ilə batilin, zarafatla ciddiliyin, gerçəklə xəyalin bir yerdə və zamanda uyumlaşma imkanı vardır:

yorğunam

bir xəstə qoca qoz ağacı tək yorğunam

əllərimin isitməsindən

ay da dözümsüz hürkər

qaranlıq da odlanıb göyə qalxar

( vali gözətən, hə, s 134 )

bu qısa şeirdə, özəl rumantizm və realizmlə qarşılaşırıq. ilk iki misra, bir növ xəyalçılıq, uyduruculuqla deyilir. buna görə də romantik ax-vaylarla yanaşıdır. ancaq son üç misrada xulyavi keyfiyyətin yerini konkretlik və gerçəklik alır. bu zaman şair özünün yorğunluğunu yansıdır. ilk iki misrada “şairin yorğunluğu” elə göstərilir ki oxucu onun saxtalığını və qeyri-ciddi olduğunu anlayır; ancaq mövzu, gerçək imgələrlə yozumlanmaqla onun ciddi və gerçək olması aydınlanır.

daha doğrusu ədəbiyyat bir uzayda (fəza) yaranır ki, iki ziddiyətli anlayış haqda bir qərara gəlir. yәni hər ikisini də seçir və ikisi ilə də yaşamağa qərar verir. ( pol rikur, mətn dünyası s 66 )

bu onu göstərir ki ədəbiyyatda, qəti bir yozum yoxdur. ədəbiyyatın hər bir oxucusu qədər yozumu da var və hər bir oxunuş yeni bir oxunuş doğura bilir. bunun ən mükəmməl örnəyini “don kıxot”da görürük. don kıxot, yalnız oxuduğu kitabın əsasında “don kıxot” romanında olan olayları yaradır. o, şüvaliyə kitablarını oxuyur və onlarda yaşamaq istəyir. bunun əsasında o, oxunuşunun ucunu “don kıxot” romanında tutur. beləliklə “don kıxot” romanı bir oxunuşun ip ucunun davamıdır. o oxuduqlarını, dolayısız bizlərin beyninə köçürür.

yozumsal tənqid sorğu yaradır. doğrudur vəsfi tənqid, mətndə olan anlayışı təkrarlayır. Başqa sözlə: mətndən qıraq bir söz deməməsinə görə, oxucunu da düşündürmür. Oxucunu düşündürən tənqid, yalnız mətnlə ilgili düşüncə yaradaraq mətnin anlayışını sorğulayır; və bu sorğular yalnız məntiqi dəlillərlə açıqlanan zamanda, bizi də  mətndən qıraq düşündürməyə məcbur edir. Ümumiyətlə sorğuluğun nədənliyi, oxucuda düşüncə yaradır. Roland Bart hekayə uslubunda olan «olay» (hadisə) haqda, «olayların quruluşu» adlı yazısında bu haqda bir örnək verir. o yazır: «gündəliklər yazırlar: məhkəmə küşkünün içərisini süpürdülər. Bu bir olay deyil. Ancaq deyəndə ki: yüz il idi onu süpürməmişdilər,  burada «olay» ilə tuşlaşırıq».

Mən bart”ın bu örnəyindən öz yazımın xeyrinə yararlanaraq vurğulayıram ki: mətni araşdırarkən, mətnə yuxarıdaki örnəklər kimi heç bir yenilik artırmadan kağaz üzərinə köçürməkdə heç bir «olay» yoxdur. Yalnız sorğu yaradıb və bu sorğuların nədənini araşdırmaqla bizim tənqidimiz bir «olaya» çevrilir. Roland Bartın örnəyində: «yüz il» sözü həm sorğudur, həm də sorğunun açıqlanması.

«yozumsal tənqid», yazı və mətnin quruluşunu önəmsəyərək dəyərləndirir.

«Yozumsal tənqid» mətn və ya xud tənqidçinin görüşü ilə uyğun neçə baxımdan araşdırılır, başqa sözlə: oxuma gedişatı:

a) Mətn

b) Oxucu vəya Dinləyici

c) Müəllif

faktorları bucağından yozumlana bilər.

Bu çərçivədə yozumlanan oxuma gedişatının ikisi (mətn və oxucu), yozumsal tənqidin əsas qayəsi və o biri isə (müəllif) yalnız tarixi tənqid (özəlliklə ədəbiyyat tarixi) çərçivəsində araşdırılır. Çünkü oxucunun yozumu yalnız müəlliflə ilgidə yox, mətnin anlamı ilə ilişkidə olaraq oluşdurulur.

Yazıma qüvvət olaraq aşağıda eyvaz tahanın «şeir varlığın evidir» başlıqlı kitabı haqda yazdığım yazının bir bölümünü verirəm:

«yozum, mətnlə oxunuşun yoğrulmasından yaranır. Yozumla oxunuş anlayışı, bir birindən fərqli anlayışlardır. Yozum, oxunuşdan qat-qat yuxarı səviyədə olan bir anlayışdır. Oxunuş həm papolar və həm də profsiyonal mətni çevrəyir; Halbuki profsiyonal mətnin oxunuşu yozumla sonuclanmırsa, onda bizim oxunuşumuz papolarlaşır. Bu oxunuş təkcə mətni qavrayan çağda profsiyonallaşır. Bəzi oxucular, gündəlik oxunuşlarında, neçə profsiyonal mətnlər oxuyurlar, ancaq yozum bacarıqsızlığı ucbatından söz qonusu olan mətndən qırağa çıxa bilmirlər. Başqa sözlə bu kimi oxucular, oxunuşun ən ilkin durumu olan «anlamın kəşfini», qavraya bilsələr də belə, “G. H. Gadamer”in düşündüyü kimi mətnin yozumunda «anlam yaratma» durumunu qavraya bilmirlər. Gadamerə görə, yozum, «anlamın kəşfi» mənasında yox, «anlam yaratma» mənasındadır. Bunu bir örnəklə açıqlamaq olar: tamaşaçı ana dilində olmayan və onun heç bir sözünü qavramayan bir filmə baxan çağda, onun baxışı sadə (papolar) bir oxunuşdur. Burada tamaşaçı, olaylar və hərəkətlərin yardımı ilə azacıq anlam qazanırsa da, başqa yöndən filmin dilini qavraya bilmədiyindən onu yoza bilmir. Daha doğrusu: yalnız yozum və qavram bacarığı ilə, filmin mətninin anlamı yozulur.

Yozum qonusunda anlam yaratma gedişatı, oxucunun bədii-estetik düşüncə və dil biliyindən asılıdır. Bunu bəziləri o cümlədən «volfgang ayzer», «oxucunun strategisi» adlandırır. “oxucu strategisi”: V. Ayzer, hans-robert yass, stənli fiş tərəfindən irəli surulur ki bu qurama, Alımlama estetikası deyilir.

Tənqid bir növ yozumdur. Tənqidçinin məqsədi isə danışmaq yox, bir yozumçu kimi düşüncə yaratmaqdır. Buna görə də onun yozumu qavram ilə ilgidədır. Sadə oxucu hər şeyin üz qabığını və mətndəki dilin səsini, gramatikasını (sərf və nəhvini) görür. Beləliklə onun qavramı yalnız «vəsf» ilə maraqlanır; ancaq profsiyonal yozumçu bonları nəzərə alaraq, mətnin anlam və iç dünyasını da yozur. Buna görə də mən deyərdim ki yozum, elə mətnin özü qədər dəyərlidir. Burada hətta mətnin zahiri görünüşünə də belə, sadə yozumçuluqla yanaşılmır, tərsinə hətta dil və yazı qaydalarına olan baxış da belə, mətnin araşdırmasına yardım edir. Bu kimi yozumlara yalnız «düşünər yozumçu» yanaşa bilir və bu mənada «tənqid yaradıcılıqdır».

Konkret olaraq, vaxtiyla mərhum G.Səbahinin «qartal» hekayəsi haqda yazdığım «vicdan təmizliyi» başlıqlı tənqidi yazımdan iki örnəyi qarşı qarşıya qoyuram. Bu örnəklərdə,  söz qonusu olan iki tənqid növünü görürük:

Birinci örnək:

«qartal qaragünlükdən, uğürsuzluqdan qaçır və özünü dustaqda görür. Dustaqda isə hamı öz qarnının fikrindədır. o dustağa girməklə oğurluq, pislik, əyriliyin bütün cığırlarını öyrənməklə, adlım bir oğru və topluma zid yırtıcı bir adama çevrilir. Hətta ona «qartal» ləqəbini də verirlər. Beləliklə o, bütün əlaqəsini toplum və həyatdan qırır…»

Bu örnəkdə, mətndən qıraq heç bir anlayışı görmürük; Çünkü oxucu, tənqid adiyla yazılan bu yazıları, mətnin (hekayənin) özündən yaxşıca izləyib oxuyur. Yəni, hekayədə: «qartal öz elindən didərgin düşərək başqa bir çevrədə (tehranda) oğurluq edir; və adlım və yırtıcı bir oğru olur və buna görə ona qartal ləqəbini verirlər» bunu biz səbahinin çox gözəl və axıcı qələmi ilə mənimsəyirik. Və burada yazılan bu «vəsfi tənqid» yalnız oxucunun vaxtını almaqla sonuclanır.

Ancaq yuxarıdaki örnəyin son cümləsindən başlayaraq yazıda daha vəsfi tənqidlə yox, əsərin yozumu ilə tanış oluruq. Burada əsərdən qıraq bilgi və yozumlar bizi mətnin anlayışı haqda düşündürməyə çağırır. Daha doğrusu burada yalnız hekayədə gedən hekayəçilik gedişatından yox, oxucu beyninə köçürülən anlayışdan danışılır. Bu yozumsal tənqid aşağıdakı sıravı saylarla özətləşən yozumlarla özünü göstərir:

«1. Şəxs ilə toplumun zdidiyəti, qartalın varlığında duyulur  2. Toplumla kütlələr arasındakı ziddiyətlər, hekayədə olan obrazların məcburi yaşayışlarını qabarıq biçimdə göz önünə gətirir 3.Obrazlar bütün çətinliklərə qatılır. Ancaq onlar, insanlıqlarını itirmirlər… Çünkü insan öz halından çıxarsa, onda gerçəkçiliyə (realizm) doğru yox, tərsinə doğalçılığa (naturalizm) doğru yönələn bir əsərlə uzləşəcək  4.Nərgizin (qartalın analığı) həyatında olduğu kimi, qartalın da obrazında bir növ «icbarlıq» (cəbər) anlayışı duyulur; beləki qartalın ölümündən belə çıxır ki qartal və onun yaşayışına oxşar adamlar, sonda: dirilik və yaşamaq qabiliyyətlərini və şanslarını əldən verirlər …»

Burada bu yozumları qarşı qarşıya qoymaqdan məqsəd, sözü gedən iki növ tənqidin necəliyini aydinlatmaq idi. Yəqin ki «servants»ın «don kıxut» romanının obrazlariyla (don kıxut  və sanço panza) tanışsınız. Yersiz olsada o iki növ tənqidi, bu obrazlarla muqayisə etmək istərdim. Don kıxut bir uydurucu (xəyalpərvər) obrazdır. o gördüyü, eşitdiyi və duyduğu hər bir şeyi doğru sanır. Onun dünyasında hər şey öz yerini taparaq mümkünsüzlükləri rədd edir . Ancaq sanço panza (don kıxutun xidəmətçisi) isə, onun hər bir uydurmasına şübhə ilə yanaşır . Vəsfi tənqid, don kıxut dünyasına bənzəyir. Çünkü burada (don kıxut da olduğu kimi) tənqidçinın beyninə gələn bütün vəsflər dilə gətirilərək vəsf olunur. Ancaq yozumsal tənqid, sanço panza kimi mətnlər haqda şübhələnir. Bu şübhələr, tənqid və yozum yaxasını mutləqçilikdən qurtararaq duzgun anlayış verməyə yönəldir.

Bir sıra çağdaş quramçılar (o cümlədən: Tzvotan Todorov, Roland Bart, Pol Rikur) mətnin tək səsli və yaxud tək anlamlılığına inanmırlar. Onların fikrincə, hər dəfə mətni oxuyarkən, ondan yeni bir anlam və məna əldə edilir. p.Rikur mətn ilə oxucu dünyası arasında olan diyalektikdən oxunuş çeşidliyinin yaranmasını vurğulayır (mətn dünyası, s 64)ş buna əsaslanaraq demək ilar ki hər bir mətni neçə aşıdan oxumaq olar. Hər bir bədii əsər (mətn), özünün oxucu dairəsi qədər yozulur; buna görə hər bir mətn, özü ilə yanaşı, neçə neçə yozumla açıqlana bilər. Belə ki əgər bir yazı və mətn, bir tənqidçi tərəfindən yozumlanırsa, o yozumu birinci və son bir yozum kimi qəbul etməməliyik. Çünkü yazı, öz gedişatında, uslub və dil aracı ilə, çeşidli yozumları əldə edərək, çeşidli gerçəklik yaradır. Əgər yazı, yalnız bir yozumuna güvənirsə, onda başqası tərəfindən yozumlanmağa imkan yaratmayan bir mutləq və dəyişilməz tənqidlə tuşlaşacağiq. Halbuki yaşayış haqda çeşidli yozum olmaqla yanaşı, ondan yaranan yazı da elə çeşidli yozumlarla uzləşə bilər; Çünkü ədəbiyyat (və ümumiyətlə hər bir mətn), yaşayışı planlaşdırmaqla yox, onu yozmaqla məşğul olur. Əgər ədəbiyyat, yaşayışı planlaşdırırsa onda sözü gedən o plandan qıraq bir şey ola bilməz. Yaşayışın çeşidli yozumuna inandığımız halda, ondan yaranan yazı və mətn haqda da çeşidli yozum olmasına inanmalıyıq. «Çeşidli» sözündən məqsəd, tənqidin nisbiliyinə inanmaqdır. Çünkü yuxarıda dediyimiz kimi mutləq tənqid və mutləq bir yozum yoxdur. «Şkspir»in «məkbes» adlı əsərində, «məkbes»in dili ilə deyilən bir söz var: «hədsiz inam, ölümcül insanın an böyük düşmənidir». Bu sözdən öz xeyrimə yararlanaraq, bir yozuma kifayətlənərək ona inam bəsləmək: həm oxucu, həm müəllif, və həm də tənqidçinin ən böyük düşmənidir– deyirəm. Mən indicə yazdığım elə bu mətni və yazını müdafiyə edə bilərəm, ancaq onun nisbiliyinə də inanmalı və onun haqda hər bir məntiqi və qandırıcı başqa yozuma da sayğı ilə yanaşmalıyam. Başqa sözlə: hər bir yazı özünün mutləqliyinə şübhə ilə yanaşmalıdır, Çünkü şübhə ilə yanaşmaq, başqa yozumlara qapının açılması deməkdir. Yeri gəlmişkən deməliyəm ki dilimizdə yayımlanan hər bir yazı və əsəri, dilimizin yasaqlığına görə onu bir qənimət kimi sanıb, gərəksiz və yararsızlıqlarının üstünü basdırmamalıyıq əksinə məntiqi dəlillərlə onun yararsız olduğunu göstərməliyik belə olmayan halda, yazı və mətnlərimizin qarma-qarışıqlıq binövrəsinin köklənməsinə yol açacağıq.

Bütün bonları nəzərə alaraq:

Yozumsal tənqid üzrə yozumlarımızı yazarıqsa onda daha da yazı düşüncəmiz yığcam və tutarlı olaraq düşüncəsizlikdən uzaqlaşacaqdır. Çünkü dediyimiz kimi, yozumsal tənqidlə, yazının bütün boyutları və yönləri, yozumçu düşüncəsindən yayınmayır. Burada yazının, anlayışı sirlərindən tutaraq, yazarlıq uslubu, yazı qaydaları, deyim uslubu, oxuma, görüntülü və eşitməli simgələr və səs quruluşuna qədər yozumlanır.

Bax belə bir tənqid, əsil yozumsal tənqiddir və indiki tənqid durumumuz belə olan halda dirçələ bilər.

 

Qaynaq: Ban dərgisi

Yorum yazmaq istəyirsinizmi?