MƏMMƏD SADIQ ARANIN “İRAN TÜRKLƏRİ” KİTABINDA GÜNEYDƏKİ ŞAİRLƏRİMİZLƏ İLGİLİ BİLGİLƏRİ

gülarayenisey

Oyannews:

Yrd. Doç. Dr. Gülara Yenisey

 

Məmməd Sadıq Aran deyəndə, gözlərimin önünə yaşamı, yaradıcılığı, inancı, tükənməz gücü və qorxu bilməyən ürəyi ilə tam bir Türk Alpı gəlir. M.S. Aran 1895-ci (1311) ilin Aralıq (dekabr) ayında Qarabağın Zəngəzur qəzasının Sisyan bölgəsində Bazarçay kəndində  doğulmuşdur. Ataları 32 nəsil axund olan Aranın ilk soyadı Axundzadə olmuş, daha sonra Türkiyədə yaşadığı illərdə Aran soyadını almışdır. İlk təhsilini ata evində alan Aran daha sonra Naxçıvan Rüşdiyyəsini bitirmişdir. Sınaqla Bakı Yüksək Pedaqoji İnstitutuna girərək oradan başarıyla məzun olmuşdur. Daha sonralar eyitimini sürdürərək İstanbul Üniversitəsi Ədəbiyyat Fakültəsində 2 il, Helsinki Üniversitəsində də 1 il oxumuşdur. Ərəb, fars, rus dillərini yaxşı bilən, gözəl səsi və bilgisi ilə Azərbaycan klasik musiqisi ilə də yaxından ilgilənən Aran, əski Türk və İslam ədəbiyyatının da gözəl bilicisi idi. Bütün varlığı ilə Türk Ülküsünə bağlı olan M. S. Aran yaşamını Türklük və Azərbaycan davasına adamış, yeri gələndə qələmi, yeri gələndə silahı ilə hər zaman bu davanın ön səflərində olmuşdur. İlk gənclik illərindən doğulub böyüdüyü Zəngəzur bölgəsində  Ermənilərin Müsəlman Türklərə silahlı saldırılarına qarşı 13 kərə savaşa girən Aran, sonrakı illərdə Qaarabağda Rus bolşeviklərinin Azərbaycanı işğalına qarşı silahlı mübarizəsini davam etdirmişdir.  Hələ 1917-ci ildə Azərbaycanın istiqlalı üçün siyasi fəaliiyətlərə girən Aran 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Məclisdə millət vəkili olmuşdur. Bolşevik işğalından sonra Ruslara qarşı ayaqlanmaya qatılmış, Azərbaycan tamamən Rus istilasına uğrayınca dirənişi sürdürmüş, 5-6 yoldaşı ilə birlikə Bakıda bir gizli təşkilat quraraq bütün Azərbaycanı qapsayacaq milli müqavimətin təşkili üçün çalışmışdır. O dönəmdə İstabulda qurulmuş milli Azərbaycan təşkilatı ilə bağlantı qurmaq üçün Batumdan Trabzona qayıqla keçən Aran eyni yolla qayıdaraq bir sürə sonra Tiflisdə Çeka agentleri tərəfindən yaxalanmışdır. Böyük işkənəcələrlə sorğuya çəkilən Aranın ağzından çekistlər heç bir söz ala bilmirlər. İşkəncələr dözülməz boyuta çatdığında Məmməd Sadıq bəy ölümün qurtuluşu olacağını düşünərək yumruğunu var gücüylə sorğuçu çekistin üzünə endirir. Onu yaxalayan o biri çekistlər döyüb sürüyərək apardıqları zaman Çeka başçısı Aranın başı üzerindəki tavana silahıyla 2 kərə atəş edib onu qorxutmağa, sındırmağa çalışır. Bu anda Məmməd Sadıq bəy uca səsiylə bu qoşuğu hayqırır :

Sönməz ruhumdakı coşqun volkanlar!

Saçar fırtınalar, atəşlər, qanlar

Qanımda boğular ağzın düşmanlar…

İstiqlal uğrunda qanlı bir kəfən

Geymişəm; ölsəm de yaşasın Vətən.

Bu durumu görən çekistlər onun işkəncələr sonucu dəli olduğunu düşünərək dəlixanaya salırlar. Buradan qaçmağı başaran Aran 1923-cü ildə İrana keçmiş, 1924-cü ildə də Türkiyəyə getmişdir. Türkiyəyə yerləşdikdən sonra M. S. Aran gücünü daha çox dergi yayınçılığı və dərnək fəaliyyətləri işinə sərf etmişdir.  Aran, M.Ə. Rəsulzadənin qurmuş olduğu Azərbaycan Milli Mərkəzinin Baş Katibliyini 15 il boyunca üstlənmiş, Ankarada qurulmuş olan Azərbaycan Yardımlaşma Dərnəyinin 7 il başqanı olmuşdur. Azərbaycandan və Türküstandan olan uşaqlara oxuma imkanı sağlamaqla birlikdə öz yaşamında böyük maddi sıxıntılar içində olan Məmməd Sadıq bəy özəlliklə Güney Azərbaycandan olan gənclərə maddi, mənəvi yardımlar etmiş, onları Türkiyədəki oxullara yerləşdirməyi başarmışdır., 1924-cü ildə Aranın başqanlığında qurulmuş olan “Azəri Türk Gənclər Birliyi” təşkilatında da çalışmışdır. “Yeni Kafkasya” dərgisinin sorumlu müdürü olaraq başladığı yayınçılıq həyatına daha sonra “Azəri Türk” dərgisinin sorumlu müdürü olmuşdur. Sonrakı dönəmlərda qısa sürə çıxmış “Yeşil Yaprak”, “Ergenekon Yolu” və “Türk Yolu” dərgilərinin sahibi və sorumlu müdürü olmuşdur. 1930-cu illərdə mühacirətdə olan bir çox Azərbaycan aydını kimi Aran da keçici olaraq Finlandiyaya getmək zorunda qalmışdır. Finlandiyada yaşayan Tatarların orada nə ana dilində oxulu, nə də bir yayını olmadığını görən Məmməd Sadıq bəy qısa zamanda  İdil-Ural Türkləri üçün oxul açır. Bu oxulun müdürü və öyrətməni görəvini üstlənir. 1932-ci ildə birlik yaratmaq amacıyla qurunlmuş olan “Turan Ocağı” dərnəyinin başqanı olan Aran ayrıca, orada 1931-33 illəriində “Yeni Turan” adında Fincə-Türkcə qəzetini də yayınlamışdır. Türkiyəyə qayıtdıqdan sonra yayın fəliyyətlərini sürdürür. 1935-ci ildə Aranın “Ergenekon Yollarında” şeir kitabı basılmışdır. 1936-cı ildən başlayaraq “Çığır” dərgisində Azər Türk Şairləri yazı dizisini yazmağa başlayır. Şah İsmail Xətaidən başlayaraq Əhməd Cavad, Almas İldırıma qədər olan bir çox adlım Azərbaycan şairlərinin əsərlərindən örnəklərlə yaradıcılığı tanıdılır.  Daha sonra Azərbaycan şairləri ilə ilgili bu yazılarının bir bölümü “İran Türkləri” kitabında “İranda Türk şairləri” adı altında bir bölüm olaraq yayınlanmışdır. 40-cı illərdə “Çınarltı”, “Ötüken” və Türkiyədə o dönəmdə yayınlanan bütün Türkçü dərgilərdə yazıları çıxmışdır. 1930-cu illərdə Türk Ocaqlarının bağlanması və Türkiyədəki Türkçü yayınlara qısıtlama gətirilməsinin ardından çeşidli yaş və peşədən olan Türkçü aydınlar bir araya gələrək 1939-cu ildə Ankarada “Kitab Sevənlər Qurumunu” qurmuş, başqanlığa da M.S. Aran gətirilmişdi.  I Dünya Savaşından öncə 2 il boyunca “Cumhuriyet” və “Ulus” qəzetlərinin təmsilçisi olaraq İranda işləmişdir. 1938-41 illəriində “Ulus” qəzetində “İran Mektupları” adlı yazı dizisini sürdürmüşdür.  1942-ci ildə “İran Türkləri” kitabı basılmış, 44-cü ildə isə “Türkün Altın Kitabı, Kutadgu Bilig” adlı risaləsi yayınlanmışdır. Aran 1946-cı ildə İstanbulda üniversitet gencləri tərəfindən qurulan “Türk Kültür Çalışmaları” dərnəyinin fəaliyyətlərinə qatılmış, bir dönəm başqanı olmuşdur. Ömrünün son illərində “Türk Kültürünü Araştırma Enstitüsünün” qurulması üçün çalışan Aran bu qurumun əsli üyəsi olaraq Enstitüdə görəv almışdır. Dərnək, yayın çalışmaları ilə birlikdə M. S. Aran Türkiyənin Ankara, İstanbul, Kayseri, Samsun, Ərzincan, Ərzurum, Qars vb. şəhərlərində çeşidli qonularda toplantılar düzənləmiş, konfranslar vermişdir. Güney Azərbaycandakı və gənəl olaraq İrandakı olaylar hər zaman Aranın diqqet mərkəzində olmuşdur. Hələ 1928-30 illərində yayınlanan “Yeşil Yaprak” dərgisindəki kəskin yazılarıyla Türklərə qarşı irqçi tutum sərgiləyən İran rejimini qınamış, bu yazılar öz etkisini göstərmiş və daim Azərbaycan İstiqlal davasını baltalamaqla məşğul olan “Ayəndə” dərgisi bağlanmışdır. Bunun ardından Türklərə qarşı irqçi tutum sərgiləyən İran rejimini qınamış, bu yazılar öz etkisini göstərmiş və daim Azərbaycan İstiqlal davasını baltalamaqla məşğul olan “Ayəndə” dərgisi bağlanmışdır. Bunun ardından o dönəmdə İranın İstanbul Baş konsulu olan Məmməd Xan Səidülvüzəra, Aranı konsulluğa dəvət edərək yazarın öz yazılarında haqlı olduğunu bildirərək, Arandan üzr istəmiş  və bir daha yazışmamasını rica etmişdi, cünki Güney Azərbaycandakı Türklərin milli haqlarını savunan bu yazılar İran hökümətini rahatsız edirdi.

M. S. Aran Güney Azərbaycana olan ilgisini sonrakı illərdə də sürdürmüş, 1942- ci ildə “İran Türkləri” kitabını yayınlamışdır. 1952-ci ildə Aranın “Aras” dərgisində “İran Türklərinə qarşı mezalim” adlı məqaləsi çıxmışdır. M.S.Aranın “İran Türkleri” kitabı İstanbulda Cumhuriyet Mətbəəsində  San’an Azer taxma adıyla basılmışdır. 44 yarpaqlı kitabda rəsmlər və xəritələr vardır. Kitabın giriş bölümündə “Birkaç söz” başlığı adı altında “Tebrizli Kardeşlerime” xitabən odlu-alovlu qısa bir müraciət vardır. Onun ardından İran coğrafiyasında yaşayan Türklərin tarixi, yaşamı, yaşadığı bölgələrlə ilgili qısa anlatım verilmişdir. Kitabda bundan sonra son bölüm olaraq “İranda Türk Şairleri” bölümü yer almaqdadır. Bu bölümdə Aran öncə sözlü xalq ədəbiyyatından, Dədə Qorqud hekayələrindən, aşıq ədəbiyyatı örnəklərindən söz edir. Türkülərdən, gözəlləmələrdən, alqışlardan, bayatılardan örnəklər verir. Bu gözəllikləri gözlər önünə sərərək “Farsçıların üzü qızarsın” deyir. Beləliklə, Türk dilinin gücünü, üstünlüklərini görməyənləri acı bir dillə qınayır. Daha sonra Güney Azərbaycanda çeşidli dönəmlərdə yaşamış adlım şairlərin adlarını, yaşamlarını, əsərlərindən örnəklər verir. Kitabın son bölümündə sırası ilə Hacı Mehdi – Şukuhi, Əbu Qasım Nəbati – Qaracadağı, Məmməd Bağır Xalxali, Məmməd Əli – Saib Təbrizi, Şah Xətai – Şah İsmayıl Səfəvi, Qövsi, Sərraf və Raci ilə ilgili bilgilər yer alır.

Məmməd Sadıq Aran Türkiyədə  çıxan bir çox dərgilərdə  sürəkli yazılar, şeirlər çap etdirmişdir. Aranın  “Bozkurt”, “Kızılelma”, “Aras”, “Toprak”, “Önasya Mecmuası” vb. dərgilərdə  yayınları olmuşdur. Ömrünün son illərində  daha çox “Türk Kültürü” və  özəlliklə  “Ötüken” dərgisində  çeşidli qonularda yazıları çıxmışdır. Dəyərli aydın və böyük mübarizə adamı, bütün ömrünü Azərbaycan və Türklük davasına adamış olan Məmməd Sadıq Aran 1971-ci il 28 May günündə, həsrəti ilə yaşadığı bağımsız Azərbaycan Cümhuriyyətinin quruluş günündə gözlərini dünyaya yummuşdur.

 

Qaynaq: Ban dərgisi

 

Yorum yazmaq istəyirsinizmi?