""Səfillər" romanını niyə yazdım?"

313709608_640

Oyannews:

Viktor Hüqo

 

18 oktyabr 1862-ci ilin oktyabr ayında Viktor Hüqo Milanda yaşayan italyan naşiri Daellinin ona ünvanladığı məktubuna cavab verir. Naşir Hüqoya yazdığı məktubunda “Səfillər” romanındakı siyasi və sosial problemlərdə nədən onun həmvətənləri haqda yazmamasından, italyanların problemlərindən, onların səfalətinin göstərilməməsindən şikayətlənib. Hüqo isə ona cavabında bunları deyir: “Mənim yaşadığım iztirablar bəşəridir və üzərimə düşən iş onların acısını azaltmaqdır”. Həmin məktubu kultura.az-ın oxucularına təqdim edirik…

 

Cənab, mənə “Səfillər” romanının bütün xalqlar üçün yazdığımı deməniz çox doğrudur. Bu əsərin hamı tərəfindən oxuna biləcəyini deyə bilmərəm, amma mən onu hamı üçün yazmışam. Bu kitab İngiltərəyə olduğu qədər, İspaniyaya, İtaliya kimi, Fransaya, Almaniya kimi, İrlandiyaya da aiddir. Quldarlıqla məşğul olan respublikalardan tutmuş, kəndli istehkamçılığı olan imperiyalara qədər uzanan bütün rejimlərə ünvanlanır bu kitab. Sosial problemlər sərhədləri aşıb keçir. Bütün dünyada müşahidə olunan bəşəriyyətin bu acılarının, bu böyük yaralarının qarşısını, dünya xəritəsində çəkilmiş mavi və ya qırmızı xətlərlə almaq qətiyyən mümkun deyil. Bütün o yerlərdə ki, insan cəhalət içində yaşayıb ümidini itirir, qadın bir çörək parçası üçün bədənini satır, uşaq, ona bilik verən bir kitabdan və onu isidən komadan məhrum edilir, bax, o zaman “Səfillər” kitabı qapını döyür və deyir: “Açın qapını, mən sizin üçün gəlirəm!”

Yaşadığımız bu sivilizasiyanın hələ də qaranlıq çağında səfil olanın adı insandır. O, iqlimindən asılı olmayaraq, hər yerdə iztirablar içində məhv olur və onun fəryadı bütün dillərdə eşidilir. Sizin İtaliya da eynən Fransa kimi hökm sürən şərdən canını qurtarmayıb. Sizin də elə bu heyrətə layiq İtaliyanızın üzündə hər cür səfalət həkk olunub. Məgər səfalətin bu təcavüzkar üzü olan quldurluq sizin dağlarda məskən salmayıbmı? Az ölkə tapılar ki, bu qədər qadın monastırları dərin bir yara kimi İtaliyanın içini gəmirsin. Açığı, mən də bunun səbəblərini öyrənməyə cəhd etsmişdim. Sizin nə qədər Roma, Milan, Palermo, Turin, Siyena, Mantova, Boloniya, Ferrari, Genuya, Venesiyalarınız, bir qəhrəmanlıq tarixiniz, əzəmətli xarabalıqlarınız, möhtəşəm heykəlləriniz və gözəl şəhərləriniz olsa da, siz də elə bizim kimi yoxsulsunuz. Siz həm gözəlliklərlə, həm də parazitlərlə əhatə olunubsuz. Şübhəsiz, İtaliyanın günəşi daha parlaqdır, lakin, çox əfsuslar olsun ki, bu mavi səma insanın cır-cındır geyimdə gəzməsinə mane olmur. Sizdə də eynən bizdəki kimi önyarğılar, xurafatçılıq, zülmkarlıq, fanatiklik, cahil ənənə və davranışlara yol açan kor-koranə qəbul edilmiş qanunlarınız var. Siz hazırda yaşadığınız dövrünüzə və gələcəyinizə keçmişin tamını  qatmadan, onların dadını heç cür çıxarda bilmirsiz. Sizin də barbarınız, kahininiz və vəhşi lassaroniniz (İtaliyanın Neapol şəhərində dilənçiliklə yaxud təsadüfi qazancla yaşayan yoxsul) var. Sosial problemlər həm sizin, həm də bizim üçün eynidərəcəlidir.

Bəlkə sizin ölkədə aclıqdan ölənlərin sayı bizdəkindən biraz az olsun, sətəlcəmdən ölənlər isə ola bilsin bizdən biraz çox olsun, bunun elə bir fərqi yoxdur. Yəni, sizin sosial gigiyenanız bizimkindən hansısa üstünlüyü ilə seçilmir. İngiltərənin protestantları ilə İtaliyanın katolikləri cahillikdə elə eyni sifətdədirlər. Sadəcə öz dillərində adları fərqlidir; biri vescovo (italyanca yepiskop), digərinki isə bishop (ingilis dilində yepiskop) adlanır. İkisi də eyni cür cahil və təqribən eyni keyfiyyətdədirlər. “”Bibliya”nın pis izah et və ya Yevangiliyanı yaxşı anlama”, biri o birinin tayıdır.

Bu mövzunu davam etmək nəyə lazım? Məgər bu kədərli, acılı paralelliyi daha tam şəkildə açmağa yenə də ehtiyac varmı? Bir aşağı baxın! Yoxsullarınızı görmürsünüzmü? Bəlkə parazitləriniz yoxdur? Bu dəfə isə yuxarı baxın! Bir gözü səfalət, digəri isə müftəxorluqdan ibarət olan bu iyrənc tərəzi əzabverici tarazlığı ilə həm sizin, həm də bizim qarşımızda eyni cürə yellənmirmi? Bəs hardadır sizin o məktəb müəllimlərindən ibarət ordunuz, sivil dünyanın qəbul etdiyi o yeganə ordu? Hardadır sizin pulsuz və məcburi təhsiliniz? Məgər Dante və Mikelancelonun vətənində hər kəs yazıb-oxuya bilir? Hərbi kazarmalarınızı hərbiçi uşaqlar üçün ali məktəblərə çevirə bildinizmi? Məgər sizdə də eynən bizdəki kimi müharibələrə iri həcmdə, təhsil üçün isə gülünc və miskin büdcələr ayırılmırmı? Sizdə də elə insanların passiv itaəti asanlıqla əsgər-savaş oyununa çevirilmirmi? İtaliyanın canlı ləyaqət nümunəsi olan Qaribaldi kimi bir şəxsə atəş açmağa əmr verən sizin bu militarist qüvvələriniz deyildimi? Gəlin bu əsəri necə varsa eləcə də götürək və onu olduğu kimi sizin sosial quruluşunuzda sınaqdan keçirək, onun qadın və uşaq haqda necə hayqırtıyla nalə çəkdiyinə baxaq. Sivil dünyanın səviyyəsi məhz bu iki zəif varlığı əhatə edən hərtərəfli müdafiə dərəcəsiylə ölçülür. Neapoldakı fahişəliyin səviyyəsi Parisdəkindən dahamı az əzab verir? Sizin qanunlarınızdan çıxan həqiqətin, məhkəmələrinizdən çıxan ədalətin payı görəsən nə qədərdir? İttiham, sürgün, cəllad, ölüm hökmü….deyin görüm, guya siz bu zülümkar sözlərin mənasını bilmirsizmi? Bizim üçün də elə hər ikisi italiyalı olan Bekkaria (Çezare Bekkaria Bonesano – ölüm hökmünə qarşı çıxan məhşur italyan hüquqşünası və marifçisi) öldü, Farinaççi (Prosper Farinaççi – orta əsr İtaliyasında öz qəddarlığı ilə seçilən, tanınmış hüquqşünas və prokuror) isə hələ də yaşayır.

İndi keçək sizin dövlət maraqlarınıza. Sizin mənəvi və siyasi kimliyi anlaya, onları fərqləndirə biləcək hökumətiniz necə, varmı? Var, sadəcə ölkənin qəhrəmanlarını həbs edib, sonra onları əfv etməklə! Biz də Fransada buna bənzər nələrsə etdik. Amma gəlin indi bu səfaləti, bu iztirabları nəzərdən keçirək. Burada hərə öz acısını daşıyır və siz də elə bizim kimi səfalətlə zənginsiniz. Sizdə də elə eynən bizdəki kimidir, cəmiyyətinizdə iki cür ittiham növü var; biri keşiş tərəfindən yağdırılan dini lənət və qarğışlardır, digəri isə hakim tərəfindən elan edilən sosial lənətlər. Ey əzəmətli İtaliya xalqı, sən necə də böyük Fransa xalqına bənzəyirsən! Maləsəf! Qardaşlar, siz də bizim kimi “Səfillər”siniz.

Biz də, siz də zülmətin dibindəyik və buradan siz də elə eynən bizim kimi Ədən cənnət bağının parıltılı və uzaq qapılarını aydın görə bilmirsiz. Keşişlər bu qapıların bizim arxamızda olduğunu dedikdə çox yanılırlar, bu qapılar bizim qarşımızdadır. Qısaca onu deyim ki, “Səfillər” adlanan bu kitab bizim üçün olduğu qədər, sizin üçün də bir gözgü kimidir. Bəzi adamlar, bəzi kastalar bu kitaba qarşı üsyan edirlər. Mən onları anlayıram. Gerçəklikləri ifadə edən bu güzgülər nifrətə layiq ola bilərlər, amma bu onların yararlı olmağına mane olmur.

Mənə gəldikdə, mən bu əsəri ölkəmə olan dərin bir sevgiylə yazsam da, onu hamı üçün yazmışam. Ancaq Fransaya aid qayğılarım hansısa başqa bir xalqa olan narahatlığımdan heç də üstün olmayıb. Həyatımda irəli getdikcə, sadələşir və daha çox bəşəriyyətin patriotuna çevrilirəm. Bu, eyni zamanda bizim indiki dövrümüzün istiqaməti və Fransa inqilabının işıq saçan qanunudur. Sivilizasiyanın belə sürətlə genişlənməsinə cavab vermələri üçün bu kitablar, yalnız fransız, italyan, alman, ispan, ingilis olmaqda deyil, ümumavropa, daha da irəli gedib deyərdim ki, ümumbəşər əsərlərə çevirilməlidirlər.

Burada incəsənətin yeni məntiqi və bəzi yaradıcılıq zərurəti hər şeyi dəyişməli, hətta keçmişdə dar çərçivədə olan zövq və dil şərtləri də qalan hər şey kimi genişlənməlidir. Fransada bəzi tənqidçilər mənə irad tuturlar ki, bəs nə var nə var mən “fransız zövqü” adlandırdıqları cərəyandan kənar qalmışam və düzü, buna sevinirəm, çox istərdim bu tərifə layiq olum. Bir sözlə, bacardığımı etməyə çalışıram, yaşadığım iztirablar, əzablar bəşəridir və mənim üzərimə düşən iş də onların acısını azaltmaqdır. Ancaq əlimdə olan yalnız yetərincə güclü olmayan insandır və mən hamıya üzümü tutub hayqırıram: mənə kömək edin!

Cənab, məni bütün bunları sizə deməyə vadar edən sizin məktubunuzdur. Mən bunu sizə və sizin ölkənizə üz tutub deyirəm. Mənim bütün bunları belə təkidlə yazmağıma tək səbəb məktubunuzdakı bir cümlə oldu. Siz yazırsınız: “Bir çox italyanlılar deyirlər ki, bəs “Səfillər” romanı fransız kitabıdır və bunun bizə heç bir aidiyyatı yoxdur. Fransızlar bu kitabı sadəcə həyat hekayəsi kimi oxuyurlar, biz isə roman kimi.” Maləsəf! Bir daha təkrar edirəm, istər fransız olsun, istər italyan, səfalət bizim hamımıza aiddir. Tarix yazılmağa, fəlsəfə düşünməyə başladığı dövrdən səfalət bəşər övladının libasına çevirilib. Nəhayət, elə bir vaxt gələcək ki, insan bu köhnə geyimini üstündən cırıb atacaq və İnsan-Xalq öz çılpaq qalmış bədən üzvlərini keçmişin miskin cır-cındırıyla deyil, sübh tezdən gün işığının saçdığı çəhrayi rəngli gözəl bir libasla əvəz edəcək.

Cənab, əgər bu məktub sizin üçün uyğundursa və bir neçə beyini aydınlatmaqda, hansısa önyarğıları dağıtmaqda yardımçı olacaqsa, o zaman onu çap etdirə bilərsiz.

Sizdən mənim dərin hörmət və ehtiramlarımı qəbul etmənizi xahiş edirəm.

Sizin Viktor Hüqo

Tərcümə etdi: Fuad Qulubəyli

Kultura.az

Yorum yazmaq istəyirsinizmi?