Azərbaycanlıların döyülməsi Fransa məhkəməsində araşdırılacaq

1579816_10152208249329052_2113958436_n
Oyannews: Mirvari Fətəliyeva: “Onların cəzalandırılmaması xaricdə yaşayan azərbaycanlılar üçün çox böyük bir məğlubiyyət ola bilər.”
“Ötən ilin fevralın 26-da Fransa parlamentində üzləşdiyimiz zorakılıq faktının yenidən araşdırılması, yeni cinayət işinin açılması üçün artıq üç aya yaxındır Paris Ali Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişik. Bu yaxınlarda vəkillə danışığımız əsnasında məlum oldu ki, önümüzdəki həftə ərzində prosesin yenidən keçirilməsi üçün hakim təyin olunmalıdır”.
 Bunu “Gündəlik Teleqraf”a açıqlamasında “Paris Azərbaycan Evi” diaspor təşkilatının rəhbəri Mirvari Fətəliyeva bildirib.
O, qeyd edib ki, Fransada hüquqi prosedurlar uzun çəkdiyi üçün 3 ay əvvəl etdikləri müraciətə indi baxılıb: “Bu baxımdan hələ ki, elə bir yenilik yoxdur. Sadəcə, bu günlər ərzində hakim təyin olunmalıdır. Hakim təyin edildikdən sonra yenidən təhqiqat başlanmalıdır. Başqa sözlə, hər şey yenidən başlanacaq”.
M.Fətəliyeva bildirib ki, bundan öncə onların şikayətinə Paris Jandarmeriyası baxmışdı: “Həmin prosesi jandarmeriya özü aparmışdı. Yəni, vəkillərin heç bir iştirakı olmamışdı. Onların prosesə müdaxilə etməyə hüquqi baxımdan ixtiyarları yox idi. Nəticədə, jandarmeriya əsaslı sübutların olmamasını dəlil gətirərək işə xitam vermişdi. Biz də Paris Ali Məhkəməsinə şikayət etdik. İndi gözləyirik görək nə olacaq”.
Diaspor təmsilçisi əvvəlki vəkillə prosesə davam etdiklərini vurğulayıb: “Sadəcə, indiki təhqiqatın proseduru başqa cür olacaq. Bu prosedur zamanı vəkillər hər bir xüsusatı anındaca izləyə, müdaxilə edə biləcəklər. Amma əvvəlki prosedurda vəkillərin heç nəyə müdaxilə etmək səlahiyyəti yox idi və beləliklə də onlar, əslində, prosesdən xəbərsiz idilər”.
M. Fətəliyeva məhkəmədən obyektiv qərar çıxarmağı gözlədiklərini vurğulayıb: “Gözləyirik ki, proses obyektiv aparılsın və bizə qarşı fiziki zorakılıq edənlər cəzalarına çatsınlar. Ümid edirik ki, əvvəlki istintaqdan fərqli olaraq bu dəfə işə düzgün baxılacaq”.
Müsahibimiz əvvəlki istintaqa erməni diasporu və lobbisinin təzyiq göstərdiyini qeyd edib: “Əlbəttə, mən bu təzyiqin nədən ibarət olduğunu deyə bilmərəm. Ancaq hər halda belə bir təsir və təzyiq olub. Bəlkə də, Fransa və Ermənistan arasında siyasi münasibətlərin korlanmaması üçün məsələni boğublar. Bunu dəqiq demək bir qədər çətindir”. Bu halın növbəti məhkəmə prosesində təkrarlanıb-təkrarlanmayacağına gəldikdə isə, M. Fətəliyeva deyib ki, bunu gedişat göstərəcək: “Mən məhkəmənin obyektivliyini və müstəqilliyini şübhə altına almaq istəməzdim, amma hər halda erməni diasporu və lobbisi sakit dayanmayacaq. Amma qabaqcadan dəqiq bir söz demək mümkün deyil. Əvvəlki cinayət işinin başlanması o demək idi ki, onlar harada istəyirlər, necə istəyirlər, azərbaycanlılarla rəftar edə bilərlər. Mənə elə gəlir ki, bizə qarşı zorakılıq edənlər cəzalandırılmasa, bu, bizim diaspor və ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlılar üçün çox böyük bir məğlubiyyət ola bilər”.
teleqraf

Yorum yazmaq istəyirsinizmi?