20 Yanvar – Qanlı Tarix və İgidlik Salnaməsi

20

Oyannews:

Doç. Dr. Toğrul İsmayıl

20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin gündə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

 

24 il öncə bu tarixdə Azərbaycan xalqının taleyində də faciəli və qorxunc günlər yaşandı. Xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının zoruna məruz qaldı. Günahsız insanlar gülləboran edildi, milli hissiyyatımız tankların tırtılları altına atılaraq xalqımız təhqir edildi.

 

20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

 

…1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm (bu əhvalı ifadə edən sözlərin sırasını daha da uzatmaq olar) kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil.

 

20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbi gücünün qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində “Qanlı Yanvar”ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib. Lakin təəssüf edilməlidir ki, biz indiyədək bu tarixi dünyaya yetərincə tanıda bilməmişik. Dünya hələ də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda, onun paytaxtı Bakıda nələrin baş verdiyindən xeyli dərəcədə səthi informasiyaya malikdir.

 

…Həmin gün SSRİ rəhbərliyinin əmri və Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi.

 

Axşam saat 19.45 Azərbaycan televiziyasının enerji bloku partladıldı. Gecə saat 00.10 isə SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobud surətdə pozularaq, fövqəladə vəziyyət barədə fərmanı qabaqcadan elan edilmədən Bakıda və digər bölgələrdə dinc əhalinin üstünə əksər qoşun növlərindən və müxtəlif hərbi texnikadan təşkil olunmuş böyük qüvvə yeridildi. Fövqəladə vəziyyət aktına SSRİ Ali Sovetinin razılığı yalnız ordu şəhərə girəndən və qırğınlar törədildikdən 7 saat sonra elan edilmişdir.

 

SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

 

Bakının zəbt olunması DİN-nin, DTK-nin və müntəzəm Sovet ordusunun hissələrilə SSRİ müdafiə naziri Yazovun birbaşa rəhbərliyi altında həyata keçirildi. Heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində, kənarlarında milliyyətindən, yaşından, cinsindən asılı olmayaraq sülhpərvər insanlara atəşlər açıldı. Hətta qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunurdu. Bu fəlakətli gecə sovet əsgərləri yaralılara qarşı da mərhəməti unudaraq, xəstəxanalarda işıqları söndürürdülər, “təcili yardım” maşınlarına atəş açırdılar, ağır yaralıları yerindəcə qətlə yetirirdilər. Qətliam sonrakı günlərdə də davam etdi.

 

Şəhər cəbhə xəttini xatırladırdı. Hər yer əsgərlərlə və zirehli texnika ilə qaynayırdı. Bakının üzərində raketlərlə silahlanmış hərbi vertolyotlar fırlanırdı. Salyan kazarmalarında durmadan güclü atəş səsləri duyulurdu. Heç kimsə orada nələrin baş verdiyini bilmirdi. Deyilənlərə görə Bakı Ali Hərbi məktəbinin müxtəlif milliyyətdən bir neçə yüz nəfər kursantı bu vəhşiliklərə etiraz əlaməti bildirmiş və kazarmada yerləşən hərbi sursat anbarının bir hissəsini ələ keçirmişdilər. Bundan başqa meyitlərin və yaralıların dənizlə başqa yerə aparılmasını eşidən və bunun qarşısını almaq istəyən 50-ə yaxın mülki gəmi və neft tankerləri Bakı buxtasını dövrəyə almışdılar. Buna görə onlar da ara-sıra Sovet Ordusunun hərbi gəmiləri və sahildəki tankları tərəfindən atəşə məruz qalırdılar.

 

Şəhərdə dərman qıtlığı yaranmışdı və rəsmi Moskva yardım üçün göndərilən dərmanların Bakıya gətirilməsinə imkan vermirdi.

 

Hadisədən 24 il ötməsinə “Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik salnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, müxtəlif beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.

 

Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini faciənin ilk günlərində axtarmaq lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi səbatsız siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş etmiş oldu. Verilən hər bəyanatda, atılan hər addımda Moskvaya boylanma, Mərkəzin əhvalının göz önünə alınması aşkar idi.

 

20 yanvara daxili-siyasi konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi. Əksər ölkələr 20 Yanvarın Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın hansısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı. O vaxtkı Azərbaycan rəhbərliyinin bivec və qorxaq siyasəti üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində (SSRİ-nin mövcud olduğu dövrdə) də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı.

 

20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi.

 

Hadisənin həmən sonra yanvarın 21-dən 22-nə keçən gecə Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası keçirildi. O sessiyada xalq hərəkatının fəalları da iştirak edirdi. İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və digər ziyalılarımızın buradakı fəaliyyəti çox dəyərli olmuşdu. Həmin sessiyada hadisəyə hüquqi qiymət verildi, Bakıda və ətraf rayonlarda fövqəladə vəziyyət elan olunmasının qeyri-qanuniliyi birmənalı şəkildə göstərildi. Qeyd olundu ki, bu addım Azərbaycanın, həmçinin SSRİ-nin konstitusiyası nəzərə alınmadan atılıb. Ali Sovet yaranmış vəziyyəti işğal vəziyyəti kimi qiymətləndirərək, ona son qoyulmasını tələb etdi. Bildirildi ki, Moskva qoşunları Bakıdan çıxarmayacaqsa, Ali Sovet Azərbaycanın SSRİ-nin tərkibindən çıxması istiqamətində proseduralara başlayacaq. Bu, çox güclü, prinsipial həm hüquqi, həm də siyasi bir qiymət idi. Bundan sonra elə həmin iclasda yaradılmış istintaq komissiyası da xeyli araşdırmalar apardı, həqiqətlərin əksəriyyətini əldə edə bildi. Lakin Azərbaycanın o zamankı siyasi rəhbərliyi komissiyanın rəyinin cəmiyyətə təqdim olunması ərəfəsində həmin rəyi redaktə edərək, bəzi adları oradan çıxartdı.

 

O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən ən güclü etirazlardan biri də Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmiş bəyanat idi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı.

 

Ciddi bəyanatlardan biri də Moskvada yaşayan Heydər Əliyev tərəfindən verildi. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn H.Əliyev sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı etdiyi bu zorakılığı pisləmiş, bunu bütöv bir xalqa qarşı həyata keçirilmiş qəsbkarlıq və cinayətkar hərəkət adlandırmış, təcavüzə kəskin etirazını bildirmişdir. O öz çıxışında hadisələrə siyasi qiymət vermiş, bu faciəni törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməli olduğunu bəyan etmişdir. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.

 

Həmin günlər Azərbaycan xalqı əsil həmrəylik nümayiş etdirirdi. Harada yaşamasından asılı olmayaraq azərbaycanlılar öz etiraz səslərini ucaldir, yürüşlər edirdilər. Moskvada yaşayan və təhsil alan soydaşlarımızın yürüşü buna ən gözəl sübutdur. Bakıda isə yanvarın 21-də minlərlə qadın bütün qadağalara baxmayaraq şəhərin küçələrində etiraz yürüşü etdilər. Azərbaycan xalqı isə öz həmrəyliyini şəhidləri üçün yas saxlayaraq 40 günlük tətillə nümayiş etdirdi. Yanvarın 22-də isə milyonlarla insan şəhidlərini öz çiynində son mənzilinə uğurladı.

 

SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı (?) verməklə münasibət bildirmişdi.

 

Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməllərdən biridir. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

 

20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycan türklərinin tarixini olduğu kimi dərk etsin. Bu aksiyanın Azərbaycan üçün, onun beynəlxalq imici üçün heç də formal olmayan əhəmiyyəti var…

 

Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz! Çünki hər bir şəhid – istər yaşlı, istər gənc, istərsə də körpə – bizim hər birimizin vüqarıdır.

 

Hər il faciənin ildönümü ərəfəsində və ümumxalq hüzn günündə 20 Yanvarda törədilmiş tarixi cinayətə dünyanın gözü qarşısında milyonlarla insanımızın öz şəhidlərini ziyarət etməsinin, canilərin lənətlənməsinin özü də zaman adlı ədalətli və amansız hakimin verdiyi sərt cəzadır. 20 Yanvarda xalqın qəhrəmanlığı, əyilməzliyi, igid oğullarımızın rəşadəti, Vətənə qurban gedən şəhidlərin parlaq timsalı isə qürurumuzu artırır, ulu torpağımızı ucaldır.

Yorum yazmaq istəyirsinizmi?