Məhəmməd Əmin Rəsulzadə ilə Səttarxanın tarixi görüşü

Sattar_khan_rasulzade

Oyannews:

 

Faiq Ələkbərov (Qəzənfəroğlu)

AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun böyük elmi işçisi,
fəlsəfə doktoru, dosent

Rəsulzadə-130

XX əsrin əvvəllərində İranda baş verən hadisələri, xüsusilə Məşrutə hərəkatını “İran işləri” başlığı altında silsilə məqalələrlə dəyərləndirən Məhəmməd Əmin Rəsulzadənin bu məsələlərdə açıqfikirli, azadlıqsevər, obyektiv fikirlərini görməmək mümkün deyildir. Belə ki, o, 1906-cı ildə İranda baş verən inqilabi hadisələri müsbət qiymətləndirir və qısa bir zaman kəsiyində İranda “Ədalətxana” məclisinin açılmasını mühüm bir iş kimi qiymətləndirirdi. Onun fikrincə, hürriyyət, azadlıq və sərbəstlik qiymətsizdir ki, İranda baş verən inqilab da bununla bağlıdır.

İranda hürriyyətin baş verməsinə heç kəsin inanmadığını, “çoxları, bu millət öldü dəxi dirilməz” deyib, – durduğu fikrini vurğulayan Rəsulzadə qeyd edirdi ki, əslində İran xalqlarına bu cür yanaşmaq düzgün deyil. Rəsulzadə yazır ki, İrandakı hürriyyət çar Rusiyasındakı hürriyyətə bənzəməsə də, Rusiyanın hürriyyəti, sərbəst və azadlığı kimi olmasa da, yenə də millətin inkişafına doğru bir addımdır. M.Ə.Rəsulzadə İranda da inqilabın baş verdiyini, ancaq çar Rusiyasından fərqli olaraq pərakəndə şəkildə olduğunu göstərirdi.

Bütün bunlarla yanaşı, İranda həyatın ölmədiyini, tamamilə viran qalmadığını, burada da sinfi mübarizənin getdyini əsaslandırmağa çalışan Rəsulzadə “İranda inqilab” adlı məqaləsində yazırdı ki, Rusiya inqilabı iranlıları da ayıltmağa başlayıb: “Rusiya inqilabının İran inqilabı ilə bir çox oxşarlığı varsa da, böyük bir təxəllüfi də vardır ki, o da İran inqilabınnı başında ruhani qisminin olmasıdır. Görünür ki, islamiyyəti abad edən də mollalar olacaqlar – deyilmi?”. Rəsulzadənin bu iki ölkədə baş verən inqilaba verdiyi dolğun, dürüst qiymət, İranda ruhanilərin inqilaba başçılıq etməsi ilə bağlı söylədiyi fikir, olduqca maraqlıdır. İslam dininə bağlılığına baxmayraq, İranda inqilaba ruhanilərin başçılıq etməsinə və mollaların islamiyyəti abad etməsinə sualla yanaşan Rəsulzadənin bu məsələdə, ruhani inqilabçılara etimadsızlığı hiss olunur.

Bu mənada, İrandakı inqilabın Rusiya inqilabından fərqli olaraq başqa bir siyasi rəngdə olmasını yaxşı anlayan və bunu, dəfələrlə vurğulayan Rəsulzadə ancaq ümidini itirmir, burada idareyi-məşrutə elan edilməsini sevinclə qarşılayırdı. Çar Rusiyasından fərqli olaraq İranda qanunların hökumətin deyil, millətin qəbul edəcəyini Rəsulzadə böyük bir iş adlandırır: “Bu günlərdən bəri İran azad bir məmləkət hesab olunur. Azad məmləkətin də azad rəiyyətləri gərək olsun. Rəiyyətlər gərək öz hakimlərinin əhval və vəziyyətlərini miqyasa çəkib hər vaxt gözətçi olsunlar kit, məbadə qəsbkarlar hüquqi-milləti qəsb editb, hürriyyətə zərər vurarlar ki, məbada əmirbahadırlar yenə də meydan edərlər”.
Rəsulzadə doğru olaraq qeyd edir ki, İranın qanunlarını qəbul edəcək Məclisi-Millinin kimlərdən təşkil olunması ən vacib məsələdir: “İran qanuni əsasisi hələ məlum deyil ki, nədən ibarətdir. Çünki onları təyin və aşkar edən Məclisi-Milli olacaq. Əgər Məclisi-Milli hürriyyətpərəstlərdən mütəşəkkil oldu, onda arzu olunan bir surətdə qanun əsası həll olunub qərar veriləcəkdir. Yox  əgər əmirbahadırlar tərəfdarları çox olub istibdadxahlar qələbə etdilər, onda Allah göstərməsin”. Rəsulzadə nə yolla olursa-olsun iranlı inqilabçıları geriyə çəkilməməyə çağırır. Onun fikrincə, əsil mübarizə iranlı inqilabçılar üçün bundan sonra başlayırdı: “Bu günədək əlləşdiniz, idareyi-məşrutə qurulmaq üçün dəst-xətt aldınız. Əsil işləmək bundan sonradır. Zira indi işləməyib məqsudinizi apara bilməzsiniz. Onda sizin hakimləriniz hər bir məşrutə və hürriyyətinizi əlinizdən alıb uca səs ilə küll aləmə deyəcəklər ki: Biz hürriyyət verdik, lakin millət hazır olmadığı üçün idarə edə bilmədi”.

Rəsulzadə İranda baş qaldıran inqilabın mərkəzində dayanan, Səttarxanın başçılıq etdiyi Təbriz hadisələrinə isə xüsusi dəyər verirdi. O, İranın Məclisi-Millisinə Təbrizdən olan millət vəkillərinin qatılmasını böyük sevinclə qeyd edirdi: “Bu məşrutiyyət ki, eşidirsiz, bu o məşrutiyyətdir. Üləmayi-həqqə qabağa düşüb boyunlarına qanlı kəfən geyib öz canlarını fəda etdilər, tainki bu əqdi-əzmin sadir olmasına, yəni məşrutiyyət verilməsinə müvəffəq oldular. Tehran inqilabından sonra Təbriz hadisələri aralığa düşüb cümlə Azərbaycanı bir həycani-əzim bürüdü. Cəmaət və el təşəbbüsü burada da zühura gəldi. İran millətinin tələbləri müəyyən olunmağa başladı. İran milləti-nəcibəsinin istədiyi, onnu tələb etdiyi müsavat küll olub, bilafərq millət və məzhəb, arvad, kişi hamısının bərabər hər hüquq və ixtiyarda bilafərq olmasıdır.

İndi Təbriz şəhəri bizləri küll Azərbaycandan məbus olaraq seçib, Millət Məclisinə göndərirlər ki, orada onların hüquqi-bəşəriyyələrini mühafizə və müdafiə edək. İndi biz də cəmaət yolunda canımızı əlimizə tutub gedirik və hər müaminə və müqabiləyə müqavimət edib hər bir mühaimət ilə çalışıb vuruşacağız. Siz də müttəhid olub, bizim tərəfimizə durun, ittifaq edin. Müttəhid olun ki, fəqət ittihad və ittifaq ilə oların, müstəbidlərin, zalımların əleyhinə dura bilərsiniz, nuqəti-ittihad ilə məramə çatarsınız!”.

Rəsulzadə Təbriz inqilabına böyük ümidlə baxırdı. Başda Səttarxan olmaqla Təbriz inqilabçılarının, Tehranda toplanmış Millət Məclisinin qərarlarını hökumətin əməl etməyəcəyi təqdirdə, yeni hökumət seçəcəklərini bəyan etməsini, Rəsulzadə təsadüfi hal kimi dəyərləndirmir. Onun fikrincə İranda hürriyyətin mahiyyətini anlayan Təbətəbai kimi ruhani alimlərlə yanaşı, bəzi adlarını alim qoyub, özləri mal, var-dövlət düşkünü, istibdad tərəfdarı olan alimlərdə var: “Xoşbəxtlik buradadır ki, qədrşünas olan əhali əvvəlincilər kimi cəmaət fədailərinin qədrini bildiiyi halda, axırıncıların da cəzasının yaxşıca düşünüb, onları layiq olduqları vəsilələr ilə cəzalandırırlar”.

Rəsulzadə İran inqilabında türklərin böyük rol oynadığını, Təbrizin əsas inqilab mərkəzinə çevrildiyini fəxrlə qeyd edirdi. Onun fikrincə, İran türkləri Rusiyada fəhləlik, hambalıq edərkən hürriyyət və azadlıq ideyalarını da mənimsəyiblər: “Qafqaz vilayətlərində fəhləlik və hamballıq etməklə kəsb-ruzi edən iranlıların əksəri Azərbaycan türkləridir ki, burada Rusiya fəhlələri arasında işləməklə, yoldaşlıq təsiri olaraq, hürriyyət və fədakarlıq işlərinə alışmışlar! “İran bahadırları türklərdir” – demək İran inqilabının əsası ilə, əsasi-elmiyyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə olmaz”.

Qeyd edək ki, Rəsulzadə İranda məşrutiyyətin baş verməsində və onların müəyyən bir yola istiqamətlənməsində Cənubi Azərbaycan türklərinin rolunu xüsusilə önə çəkib. Səttarxanın başçılığı ilə Təbrizdə başlanan inqilaba seyirçi qala bilməyən Rəsulzadə üçün, Bakı ilə Təbriz, Gəncə ilə Ərdəbil və s. birdir,  Bütövlükdə, Azərbaycan anlayışı var ki, burada onun Şimalı ilə Cənubu, Qərbi ilə Şərqi arasında heç bir fərq yoxdur və ola da bilməz. Vətənmizin bir adı var: Azərbaycan. Azərbaycanımızın istənilən bir yerində baş verən hadisə, eləcə də Təbrizdə baş verənlər Rəsulzadə üçün eyni dərəcədə önməli idi. Bu, başqa cür də ola bilməz. Bəlkə də, çar Rusiyasının irticasından, həbsxanaya düşməkdən daha çox, Rəsulzadəni 1909-cu ildə Təbrizə getməyə, burada İran istibdadına qarşı baş qaldıran inqilab olmuşdu. Təbrizdə olarkən inqilabın rəhbəri Səttarxanla görüşən Rəsulzadə bir jurnalist kimi, onun inqilabla bağlı fikirlərini bölüşürdü: “Sərdar (Səttarxan) qayətdə sadə və safdil bir adam olub, öz qüvveyi-bazusinə kəmali-əmniyyətlə inanan bir adam olduğu hər bir hərəkət və kövtari ilə aşkar ediyor. Nə üçün konsulxanada bəstə girdiklərini xəbər aldıqda böyük bir ürək ağrısı və ciddi bir tövr ilə:

- Mən vətənimin istiqlali yolunda bir il tamam çalışdım. Ölüm içində dirildim. İndi əziz vətəndə bir işıq ucu göründüyü kimi, o doğma anam başqa bir həlakətə uğrayır. Asayiş hazırlamaq və rahətlik bərdavam etmək üzrə gəlmiş olan ruslar, hala bir hərəkəti-istilacuyanəyə başlamışlar ki, artıq vətənimizin istiqlalından qəti-ümid edir. Elan olunan əfvi-ümumiyyə inana bilmiyoruz. Zira xaricilər hər kəsi istərlərsə, tutarlar hər nə istərlərsə, edərlər. Məmləkətin hakimləri vəzifə almaq istiyorlar. İştə böylə bir haldə biz nə qayıra bilərik. Artıq canbazlıq meydanına atılıb, müqatilə başlamaq işə keçməz. Çünki burası vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezliklə vilayətimizdən çıxmalarını istəyirik. Mən artıq istərdim ki, bizim millət Osmanlı ilə yaxınlaşsın. İndi bu haldan bir dərəcə mütəşəkkirəm ki, bizi birləşdiriyor. Təmin almaq və bəstə girmək üçün doğrusu burasını müvaifq gördük. Zira, islam məmləkəti və ümdəsi məşrutəli bir məmləkətin nümayəndəsidir…

Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstiliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm ediyor. Bütün hərəkətini, vücudunu, zori-bazusunu millətə sərf etmiş olan bu adam özünü təkrarən bəyan etdiklərinə görə Nəcəf üləması hökmi-müqəddəslərinə tabe olub, onlar nə əmr edirsə, bir an təxir etməsizin icrayə hazırdır.

- Rus və ingilis konsulları yanıma gəldiklərində: məşrutə sənin əlindədir – dedilər. Mən isə cavab verdim ki, siz böyük bir səhv edirsiniz, mən məşrutənin iti işli bir pasibaniyəm. Sahibləri isə Nəcəf üləmayi-əlamdır. Onlar nə əmr edirlərsə, mən o saatdaca icraya hazıram”.

Rəsulzadəyə görə, İran inqilabı iki böyük qüvvətli ruhla ruhlanır: “Biri məmləkəti qanuni bir ölkə edib əsil məşrutiyyət yoluna salma, digəri isə xarici təxti-nüfuzundan çıxıb istiqlali-mülki-milləti bilmərrə təmin etmək”.

M.Ə.Rəsulzadə Tehranda Avropa təhsili görmüş bir qrup İran ziyalısı-Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demo­krat Partiyasının əsasını qoyub. O, bu partiyanın əsas orqanı olan «İrani-no» qəzetinin baş redaktoru olub. Bu qəzetin nəşri ilə M.Ə.Rəsulzadə İranda Avropa tipli jurnal­ist sənətinin əsasını qoyub. M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-”Etidaliyyun”” adlı kitabını çap etdirib. 1911-ci ildə isə Ərdəbildə onun farsca «Səadəte-bəşər» adlı kitabı nəşr olunub.

Rəsulzadə Cənubi Azərbaycanda olduğu müddətdə demək olar ki, bütün şəhərləri, bir çox qəsəbə və kəndləri gəzmişdi. Sonralar Rəsulzadə bunu “İran türkləri” başlıqlı silsilə məqalələrində geniş şərh etmişdi. “İran türkləri» əsərində ayrıca olaraq Güney Azərbaycan türklərinin həyatına və onların mübarizə üsullarına toxunan Rəsulzadə yazır: «… İran türklərini farslara nisbətilə daha müsaid bir halda bulunduran bir səbəb dəxi vardır ki, o da səciyyeyi-zatiyyələridir. İran türkü, başqa türk qardaşı kimi bir az mühafizəkardır. Azərbaycanlı bir türk, Şirazi bir farsdan daha mütəssisibdir, türk fars qədər hürrnədiş deyil, fəqət onun qədər əzimsiz və laübal deyildir. Türk daha mətin və daha səbatkardır».

M.Ə.Rəsulzadə İran inqilabında türklərin daha böyük rol oynadığını, onun istiqamətlərinin müəyyənləşməsində səy göstərdiyini ortaya qoyur: «İran türkləri, inqilabın yalnız maddiyyatını deyil, mənəviyyatını da idarə etmişlərdir. Təbriz adətən İran əfkarı-əhraranəsinin bir nazimi-mütləqi olmuşdur, məşrutiyyətin bir dərəcə istiqrarından və Məclisi-Millinin güdaşından sonra da türklərin həyati-siyasiyyədə əhəmiyyətləri artmış və ədədlərinin nisbətindən fəzlə fəaliyyətləri görülmüşdür. Gərək birinci məclisdə və gərək ikinci Azərbaycan vəkilləri nüfuzu-nəzər və həmiyyət-vətəniyyəcə sair arkadaşalrından daima yüksək bir mövqedə bulunmuşlardır».

Rəsulzadə türk olduğunu İranda, Cənubi Azərbaycanda olanda daha yaxşı anlayır, bununla fəxr edirdi: “Müxtəlif millətlərin arasında bir-birini qanmaq  və qandırmaq üzrə ümumi olaraq türk dili işlənir. Türk dili burada (İranda) beynəmiləl bir dildir. Onu hər kəs bilir. Erməni, kürd, rus, fransız, ingilis, fars, aysor, alman hamısı türkcə danışır. Bu qədər müxtəlif cinsli bir heyətin hamısı ilə danışa bilirəm. Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm”.

Ümumiyyyətlə, «İran türkləri» altı hissədən ibarətdir. Məhəmməd Əmin yeni dövrdə Azərbaycanın Cənubunda yaşayan soydaşları­mız haqqında hərtərəfli məlumat verən ilk mütəfəkkirdir. “İran türkləri” məqaləsində o, Cənubi Azərbaycanın coğrafi quruluşu, suları, əhalinin məşğuliyyəti, ticarət, sənətkarlıq məsələləri, təsərrüfat həyatı, ictimai-siyasi vəziyyəti, İran hakimiyyətində türklərin yeri, mövqeyi,  siyasi vəziyyəti, məşrutiyyətdə yeri və rolu (konstitusiyalı quruluş uğrunda mübarizədə), ədəbiyyatı, dili və s. məsələlərdən bəhs edir. M.Ə.Rəsulzadə İran türklərinin səsini geniş türk dünyasına çatdırmaq üçün əlindən gələni etmişdir.

 

Qaynaq: Modern.az

Yorum yazmaq istəyirsinizmi?