Urmiyənin xilası: Yerevan Tehranı təkzib etdi

Urmu golu

Oyannews:Ermənistanla İran arasında Urmiya gölünün xilası üzrə heç bir rəsmi razılaşma yoxdur.

Bu barədə BBC Azərbaycancaya Ermənistan Təbiəti Mühafizə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Armen Vardanyan bildirib.

Onun sözlərinə görə, nazirlik nəzdində Su Resurslarının İdarə Olunması Agentliyinin rəhbəri Volodya Narimanyan gölün bərpa edilməsində Ermənistanın dəstəyinə dair İran tərəfindən rəsmi təklif almadığını bildirib.

Agentliyin rəhbəri ötən il iyulun ortalarında İranın Ətraf Mühit və Ekologiya naziri Məhəmməd Cavad Məhəmmədzadənin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfəri zamanı da bu məsələnin müzakirə olunmadığını bildirib.

Bundan əvvəl İranın hökumətyönlü Tasnim xəbər agentliyi bildirmişdi ki, İran Urmiyə gölünün xilası üçün Ermənistanın su mənbələrindən istifadə barədə rəsmi Yerevanla razılığa gəlib.

Urmiyə gölünün xilası yeni prezident Həsən Rohaninin seçki kampaniyası zamanı səsləndirdiyi vədlərdən biridir.

Araz çayı

Yüksək vəzifəli İran rəsmisi demişdi ki, hökumət Şərqi və Qərbi Azərbaycan ostanlarında yerləşən duzlu gölün xilas edilməsi planına malikdir.

“Nazirlər Kabinetinin ilk iclasında Urmiyə gölünün xilas edilməsi planı ratifikasiya olunub. Bu planın icrası Energetika Nazirliyi və nazir Həmid Çiçiana həvalə edilib”.

Bunları İran vise-prezidenti, Ətraf Mühiti Mühafizə Departamentinin rəhbəri Məsumə Ebtekar mətbuat konfransında bildirmişdi.

Xanım Ebtekar deyib ki, onun rəhbərlik etdiyi qurum suyu çəkilən gölün əvvəlki durumuna gətirilməsinədək məsələni qiqqət mərkəzində saxlayacaq.

Tasnim agentliyinin ingilisdilli saytında dərc olunmuş məlumatda Həmid Çiçian və Məsümə Ebtekarın Urmiyə gölünün yerləşdiyi bölgəyə baş çəkdikləri xəbər verilib.

Suyun təqribən yarısının çəkilməsinin əsas səbəbi kimi gölə axan çayların istiqamətinin dəyişdirilməsi və yeni körpünün inşası göstərilir.

Agentlik xatırladır ki, bundan əvvəl İran Urmiyə gölündəki suyun əvvəlki səviyyəsinə çatdırılması üçün Araz çayı sularının yarısının bu gölə axıdılmasını planlaşdırırdı.

Tasnim agentliyinin məlumatında deyilir ki, Azərbaycan Respublikasının belə planlara etirazından sonra İran suyun Ermənistandan gətirilicəyi barədə razılığın əldə olunduğunu bildirib.

İndi isə rəsmi Yerevan Tehranla bu sahədə heç bir razılaşmasının olmadığını söyləyir.

Siyasi məsələ

Urmiyə gölünün quruması ilə əlaqədar onun sahillərinin azərbaycanlıların yaşadığı hissəsindəki şəhərlərdə etirazlar aksiyaları keçirilmiş və bu hadisə ekoloji və iqtisadi mahiyyətli problemə siyasi çalarlar qazandırmışdı.

Keçmişdə İran faəlları problemi qaldıranların həbsə atıldığını bildiriblər.

2011-ci ilin avqust ayında 100-dək adam İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək problemə “biganə” qalan Tehrandan gölün xilas edilməsini tələb ediblər. Adətən ictimai yerlərdə çıxışlara icazə verməyən polis aksiyaya müdaxilə etməyib.

İran agentliyi bildirir ki, iki il əvvəl Araz suyunun Urmiyəyə yönləndiriləcəyi barədə qərara Azərbaycan etiraz edib.

Bundan bir il sonra Ətraf Mühitin Mühafizəsi departamentinin sabiq rəhbəri göldəki su səviyyəsinin kritik həddə çatmasının qarşısını almaq məqsədilə Ermənistanla müvafiq razılşmanın əldə olunduğunu demişdi.

Vaxtilə bu problemi şərh edərkən Məhəmməd Cavad Məhəmmədzadə isti və yağmursuz havalar nəticəsində göldəki suyun səviyyəsinin ən aşağı tarixi nöqtəyə endiyini bildirmişdi.

“Vaxtı uzatmaq”

İsveçdə yaşayan və əslən İrandan olan azərbaycanlı hüquqşünas Saleh Kamrani BBC Azərbaycancaya bildirib ki, Urmiyə gölü ilə bağlı problemin mövcudluğu çoxdan bəllidir.

Onun sözlərinə görə, hakimiyyət bundan əvvəl də bu problemi çözmək üçün fəaliyyət göstərəcəyini vəd etmişdi.

Konkret olaraq bildirilmişdi ki, Urmiyə gölünü qidalandıran çayların üzərindəki bəndlərin bir çoxu ləğv ediləcək, lakin bu tədbirlər həyata keçirilməyib.

Başqa bir təklifə görə Urmiyəyə su Xəzərdən gətirilməli idi. Lakin bu layihənin 10 milyard dollardan bahaya başa gəlməsi onu gündəmdən çıxarıb.

Cənab Kamrani deyir ki, bütün bunlara baxmayaraq, hələlik heç bir konkret addım atılmayıb və güman edir ki, Ermənistanla birlikdə görüləcək tədbirlər barədə xəbərlər Tehranın bir daha Araz çayı layihəsinə qayıdışı kimi görünür.

O bildirir ki, Urmiyə gölünün probleminin həlli yeni prezident Həsən Rohaninin azərbaycanlı seçicilərə verdiyi bir neçə vəddən biridir.

Onun fikrincə, hazırda bu məsələnin gündəmə gətirilməsi potensial yeni etirazların qarşısının alınması üçün atılmış önləyici addım təsiri bağışlayır.

Cənab Salehi həmçinin deyib ki, Urmiyə gölü ilə bağlı məsələ prezident Rohaninin azərbaycanlılara daha bir vədini kölgədə qoymaq məqsədi güdə bilər.

Həsən Rohani seçki kampaniyasının gedişində azərbaycanlıların yaşadıqları ərazilərdə təhsilin həm də ana dilində olması üçün imkan yaradacağını vəd etmişdi.

Hüquqşünas bildirir ki, yeni dərs ilinin başlanmasına baxmayaraq, bu vəddən ümumiyyətlə söhbət açılmır.

 

Qaynaq: http://www.bbc.co.uk/azeri/

Yorum yazmaq istəyirsinizmi?