ƏLİ BƏY HÜSEYNZADƏ RUHUNUN VARİSLƏRİ

mubariz- huseynzade

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

Oyannews:

Dr. Mübariz Süleymanlı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

 

“Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə degil. Biz istəyiriz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın”.

Əli bəy Hüseynzadə

 

Fevral ayının iyirmi dördü mədəniyyət tariximizin ən görkəmli simalarından biri – Əli bəy Hüseynzadənin doğum günüdür. 150 yaşlı dahi mütəfəkkirin üç övladından ikisi – Feyzavər xanım və Səlim bəylə bağlı olan bu yazıları 10 il öncə, “Üç qayəli” düstur müəllifinin 140 illiyi ərəfəsində qələmə almışdıq. Ötən müddət ərzində Əli bəy Hüseynzadənin yaradıcılıq irsinin nəşri ilə bağlı bir sıra təqdirəlayiq işlər görüılmüşdür. Bunlar içərisində “Füyuzat” məcmuəsinin (1906–1907) bütün saylarının (32) transliterasiya edilərək latin əlifbasında (nəfis bir kitab halında) nəşrini və Əli bəy Hüseynzadənin “Seçilmiş əsərləri”nin çapını xüsusilə qed etməliyik. Amma təəssüflər olsun ki, yazımızda haqlarında bəhs etdiyimiz şəxslərin bəziləri artıq dünyalarını dəyişmişlər. Həmin insanlara – “Füyuzat” məcmuəsini və Əli bəy Hüseynzadənin “Seçilmiş əsərləri”ni çapa hazırlayan Ofeliya xanıma, Turanlar ailəsinin ilk övladı Səidə xanıma və folklorşünas alim Sevgi xanıma Allahdan rəhmət diləyirik. Ruhları şad olsun.

Azərbaycan kulturoloji fikir tarixində həyat və yaradıcılığı yеni nəslə örnək olan Əli bəy Hüsеynzadənin milli idеologiyamızda, üçrəngli bayrağımızda ifadəsini tapmış ideyalari, şübhəsiz ki, həm də milli mədəniyyət konsеpsiya­mızın təməl prinsiplərindəndir. Son illərdə Əli bəy Hüsеynzadə ilə bağlı nəşr еdilmiş kitabların və tədqiqat əsərlərinin dəyərinə xələl gətirmədən onu da qeyd edək ki, kulturoloji irsimizin layiqincə təbliği üçün bu dahi şəxsiyyətin yaradıcılığı daha dərindən araşdırılmalı, onun həyatı ilə bağlı hər bir fəaliyyət lazımınca təbliğ edilməlidir. Ona görə də hesab edirik ki, 2004-cü ildə qələmə alınmiş bu yazıları təqdim etməklə Turanlar ailəsi ilə bağlı müəyyən məqamlara aydınlıq gətirmiş olarıq.

 Əlibəy Hüseynzadə  (Salyan şəhər diyarşünaslıq muzeyi, (1989, gips). Heykəltəraş:  Nəriman Məmmədov

* * *

Turanın sonbeşiyi

(Ə.Hüseynzadənin qızı Feyzavər xanımla görüş təəssüratları)

 

İstiqlal ideyalarının carçısı olan mütəfəkkirlərin milli tariximizdəki yerlərinin müəyyənləşdirilməsi, onların irsinin tədqiqi və təbliği, iddia etdiyimiz varisliyin fikirdə, sözdə və əməldə təsdiqi dövlətçiliyimizin ən zəruri  şərtlərindəndir. Qadağa və məhrumiyyətlər dövrü ilə müqayisədə, bu gün mədəniyyət tariximizin araşdırılması və demokratik cəmiyyət quruculuğunda bu irsdən bəhrələnmə dərəcəsi malik olduğumuz imkanlar müqabilində yetərli sayıla bilməz.

Son illərdə Ə.Hüseynzadənin həyat və yaradıcılığı ilə bağlı aparılmış tədqiqatlar, əsərlərinin nəşri bizə nə qədər təskinlik versə belə, özümüzü bu fenomenal şəxsiyyətin ruhu qarşısında məsul sayırıq. Öhdəmizə düşən bu vəzifədə taleyin qismət etdiyi heç bir şansı buraxmamağı özümüzə mənəvi borc hesab edirik. İllah da ki, onun ayaq basdığı yerləri gəzmək, vaxtilə yaşadığı mənzilini, bu günsə Qaraca Əhməd məzarlığında uyuduğu axirət evini ziyarət etmək, varisləri ilə görüşmək – bunu müqəddəs ruhlara ehtiram əlaməti sayanlara təsəlli verir.

80-ci illərdən bəri get-gəldə olduğum İstanbulda bir sıra arzularımı gerçəkləşdirsəm də, bu vaxta qədər Ə.Hüseynzadənin həyatının Türkiyə dövrü ilə bağlı xəyallarım reallığı əks etdirməmişdi. Amma nə zamansa Turan romantizminə tuşlanmış xəyallarımın həyat həqiqətləri ilə müqayisəsinə imkan tapacağıma inanırdım. Bu dəfə arzularım çin oldu.

Səfər ərəfəsində Ə.Hüseynzadə irsinin kamil bili­cisi Ofelya xanım Bayramlıya İstanbula gedəcə­yimi bildirəndə, o mənə Ə.Hüseynzadənin qızları Səidə xanımla Feyzavər xanımın telefonlarını verdi. Səidə xanımla 1998-ci ildə Bakıya səfəri zamanı tanış olduğunu dedi. Əsərlərindən də bir neçəsini verərək, görüşəcəyim təqdirdə salamlarını onlara çatdırmağı xahiş etdi (ruhu şad olsun).

Əlibəy Hüseynzadə  (Salyan şəhər diyarşünaslıq muzeyi, (1989, gips). Heykəltəraş:  Nəriman Məmmədov

1

***

Öncə tərəddüd etdi. Sanki görüşdən imtina etmək üçün bəhanə gəzirdi (bu, bəlkə də mənə belə gəlirdi). Atası ilə bağlı bütün bəlgələrin Əli Heydər Bayatda (Ə.Hüseynzadənin Türkiyədəki fəaliyyətini araşdıran alim) olduğunu, vaxtilə ona verildiyini söylədi. Onunla əlaqə yaratmağım üçün telefon nömrələrini verdi. Lakin İzmirdə yaşayan Ə.H.Bayat bəylə görüşümün indilik imkansız olduğunu bildirdim. Sadəcə, Feyzavər xanımın 10-15 dəqiqəlik vaxtını alacağımı, Hüseynzadə Turan (Türkiyədə daha çox bu adla tanınır) ruhu gəzən bir ocağa baş çəkməyə bir azərbaycanlı kimi mənəvi ehtiyacım olduğunu dedim. Fikrimdə israrlı olduğumu, məqsədimin doğrudan-doğruya Hüseynzadə Turanın varisləri ilə görüşü (həmin dövr mədəniyyətinin araşdırıcısı olaraq) özümə bir vicdani borc hesab etməkdən ibarət olduğunu bildikdən sonra – “Məmuniyyətlə buyurub gələ bilərsiniz” dedi.

Səhəri gün səfər boyu mənə həyan olan bir arkadaşımla İstanbulun əzəmətli küçələri ilə dolaşaraq, nəhayət ki, söylənilən ünvana – Osman bəyə yetişdik (nə vaxtsa uzun illər həsrətində olduğu bir görüş məqamlarını yaşayan hər kəs bizim hansı hisslər keçirdiyimizi asanlıqla duya bilər).

 

Qapını özü açdı. Liftlə otaq ara­sın­dakı dəhlizdə bir an duruxduq. İçimdə qəribə və təzadlı hisslər çulğaşırdı. Çox­dan tanıdığım, məhrəm sandığım, doğma bir insanla görüşürəmmiş kimi daxili bir həyacan keçirirdim. Zahirən isə rəsmi etiket normalarına, ədəb qaydalarına riayət etməyə çalışırdım. Bir an çəkən bu qarışıq hisslər ötüb keçdi…

Qarşımızda 60-65 yaşlarında (sonra­dan 1920-ci il doğumlu olduğunu öyrən­dik) sakit, yumşaq təbiətli, son dərəcə nəzakətli və bir az da narahat bir xanım dayanmışdı. Sözsüz ki, qapının kəndarından içəri daxil olan andan Feyzavər xanımın hərəkətlərində, danışığında, hər bir sözündə, hətta otaqlardakı əşyalarda belə bir məna axtarır, hər şeyi genetik kod, irsi cizgi, yaddaş nişanəsi kimi yozurduq. Etiraf edim ki, bəzən Feyzavər xanımın nə dediyini eşitmirdim. İndiyə qədər azdan-çoxdan oxuyub-yazdıqlarımın fərqindəydim. Öz-özlüyümdə bu cızma-qaraların bir dəyər kəsb edib-etmədiyini aydınlaşdırmağa, gəlişimizin nə kimi mahiyyət daşıdığını saf-çürük etməyə çalışırdım (bəlkə də bu, həmin səylərin mədəniyyətimiz üçün zərrə qədər də olsa əhəmiyyət daşıdığına özümü inandırmaq istəyimdən doğurdu). Gah gözümün qarşısında bir əsr öncəki hadisələr canlanır, gah qulağımda milli tariximizin əks-sədası cingildəyir, gah da duyğularımda turançılıq, türkçülük, azərbaycançılıq havası çalınırdı…

Feyzavər xanım danışırdı. Mən isə bütün varlığımla Turan ruhunun “axtarışındaydım”… Bir gözüm Feyzavər xanımda, o biri gözüm divardakı rəsmlərdə idi. Deyim ki, rəssamlıqla məşğul olmasam da, bəxtim elə gətirib ki, tələbəlik illərindən üzü bu yana sıx-sıx ünsiyyətdə olduğum dostlarımdan bir neçəsi rəssam olmuşdur. O vaxtdan – İslam, Azad və Nərimanla tanış olandan sonra vaxtaşırı onların emalatxanalarında yığışar, sənətin müxtəlif problemlərinə dair diskussiyalar açar, imkan düşdükcə sərgilərə gedərdik. Elə bir iş olmazdı ki, (istər rəsm, istərsə də heykəltəraşlıq əsəri) onun “doğuşu” prosesini izləməyim, müzakirələrdə iştirak etməyim, tənqidi rəylərlə maraqlanmayım. Açığını desəm, bununla belə özümü bu sahədə səriştəsiz hesab etmişəm. Amma görünür bunlar zövqümə təsirsiz də qalmayıb, yaddaşımda müəyyən izlər buraxıb. Ata və oğul Turanın əsərlərini seyr etdikcə bunu bir daha hiss etdim. Amma içimdəki təlatüm imkan vermirdi ki, tablolara “müştəri” gözü ilə baxım. Yaşadığım tarixi anlar məni riqqətə gətirirdi. Ürəyim atlanırdı, sevincək olmuşdum. Fikrim-zikrim Ə.Hüseynzadə ideallarının yanındaydı. Yenə də olsun, ata ilə oğulun rəsmlərindəki oxşar cizgiləri sezə bilirdim. Əli bəyin rəsmlərində tamaşaçını cəzb edə biləcək bir təsir gücü vardı. Aydın cizgilər, ustalıqla işlənmiş rəng keçidləri oğul Turanın əsərlərinə də sirayət etmişdir. Təbii ki, Səlim bəyin bir sənətkar kimi yetişməsində atasının hərtərəfli rolu olmuşdur və burada onun rəssamlığının müstəsna təsiri şəksizdir. Bununla belə, bu bənzəyişlər peşəkarlıq baxımından aldanışlı da ola bilər. Çünki, əslində ata ilə oğulun uslublarındakı fərq də inkaredilməzdir.

Deyim ki, bəzən ifrat üzüyolalıq, ədəb-ərkan gözləmək insana əziyyət də verir, arzusunu ürəyində qoyur. Feyzavər xanımın kitabları arasında atasının çəkdiyi rəsm əsərlərinin albomu olduğunu bildiyim halda, istəyimi söyləməyə ürək eləmədim…

Qısa müddətli görüş əsnasında çox mətləblərə toxunduq. Vaxt qıtlığı üzündən (telefon danışığımızda onun vaxtını çox almayacağımı söyləmişdim) suallara səthi, ötəri cavablarla kifayətlənməli olduq. Ə.Hüseynzadənin və oğlu Səlim Turanın qələm və fırçasından çıxmış rəsmlər (miniatür, yağlı boya və qrafika əsərləri) qarşısında, Feyzavər xanımın iş stolu arxasında fotolar çəkdirdik.

Feyzavər xanım (Alpsar) böyük bacısı Səidə xanımın (Santur) rahatsız olduğunu və bizim onunla görüşümüzün baş tutmayacağını hələ telefon danışığında söyləmişdi. Səlim Turan haqqında isə xeyli yeni məlumatlar öyrəndik (Səlim bəy Turanlar ailəsində dünyaya göz açan ikinci uşaqdır – 1915–1994). 2001-ci ildə onun bütün rəsm və heykəltəraşlıq əsərlərinin həyat yoldaşı Şahika xanım tərəfindən İstanbul Universitetinə bağışlanıldığını və Universitetin rektorluğu yerləşən mərkəzi binasında daimi sərgidə nümayiş etdirildiyini öyrənəndə çox sevindik. Səhəri gün həmin sərgiyə baxmaq da bizə nəsib oldu.

Nəzərdə tutduğumuz proqramda Qaraca Əhməd məzarlığını ziyarət etmək də vardı. Lakin, Əhməd Ağaoğlu və Əhməd Cəfəroğlunun qəbirlərini ziyarət etdiyimiz halda Ə.Hüseynzadənin dəfn olunduğu məzarlığa gedə bilmədik. Ə.Cəfəroğlunun qızı Nazan xanım və Ə.Ağaoğlunun nəvəsi Tektaş bəy (folklorşünas-alim Sevgi xanımla birlikdə) bizi özləri məzarlığa aparmışdılar (bu yerdə bizi Ağaoğlular ailəsi ilə tanışdırdıqları üçün Ərman Aslanoğluna və Cumhur Turana sayqılarımızı bildiririk). Yoxsa, İstanbula nabələd adamın lazımi ünvana yetişməyi bir yana, qəbiristanlıqda məzar axtarmağı lap müşkül məsələdir. Bəlkə də Feyzavər xanıma niyyətimizi desəydik buna da bir çarə qılardı. Amma nədənsə qıymadıq…

Bir şeydə özümüzü daxilən rahatsız hiss etdik. Bilmədik eyni mövzu ilə bağlı çox narahat edildiyindənmi, ya Ə.Hüseynzadə irsinə umduğumuz səviyyədə diqqət yetirilmədiyindənmi (?!), yoxsa ki, həqiqətən əldə material olmadığındanmı Feyzavər xanım atası ilə bağlı bəlgələrin bütünlüklə H.Bayata verildiyini söylədi. Bu narahatçılıq hələ İstanbula getməmişdən yaranmışdı. Ofelya xanım danışırdı ki, beş-altı il əvvəl tədqiqatçı İlham bəy Səidə xanımın evində olmuşdur. O, Əli bəyin əl yazıları ilə maraqlandıqda ona qutulara qalaqlanmış (çox güman ki, əski əlifbada və həm də osmanlıca olduğundan onların nə olduğunu heç özləri də bilməmişlər) xeyli kitab-dəftər veriblər. Görünür ki, baxımsızlıq üzündən həmin yazılar it-bata da düşə bilərdi, hətta atıla da… Allah bilir, hələ bəlkə də nə qədər belə “kəşf edilməmiş” əl yazıları vardır?!

Görüşdən duyduğumuz sevincə bir az nisgil də qarışmışdı. Bu, əvvala Turan ailəsinin Səidə və Feyzavər xanımdan sonra varissiz qalacağı fikrindən irəli gələn narahatçılıq idi (orada olduğumuz müddətdə Feyzavər xanıma və təbii ki, onun qonaqlarına 35-40 yaşlarında bir qadın qulluq göstərirdi). Sonra da, bütün həyatı boyu türkçülük və turançılıqla bərabər, yurd həsrətini içində gəzdirmiş Ə.Hüseynzadə ocağında Azərbaycanla bağların zəif və kövrək olması təəssüratı idi. Nə yaxşı ki, bu təəssürat uzun sürmədi, sevinc və təsəlli nisgili üstələdi. Ofelya Bayramlının, Şamil Vəliyevin, Məsməxanım Qubadovanın tədqiqat əsərlərini, Azərbaycan milli musiqisi yazılmış diski, yun xalçaya toxunmuş Azərbaycan xəritəsini və üçrəngli bayrağımızı masa üzərinə düzdükcə, sanki otağın divarlarına asılmış rəsmlər işıqlandı, Feyzavər xanımın nurlu çöhrəsinə təbəssüm qondu, Turanın gəzişən ruhu Azərbaycan adlı sevgisinə qovuşdu…

Budur, artıq Bakıdayam. İstanbuldan döndüyüm iki həftə ərzində xatirəyə dönmüş təəssüratlarımın qaralamalarını sistemləşdirirəm. Üzünü köçürməyə çalışdığım ilk yazı da elə bu oldu. Yenə də Ofelya xanıma təşəkkür edirəm ki, mənə təkidlə bu gün üçün bir material hazırlamağı tapşırdı. Axı bu gün fevral ayının iyirmi dördüdür. 140 il bundan əvvəl (1864–1940) dünyaya göz açmış azərbaycanlı Turanın anadan olan günüdür.

Saat 16°°-da Ofelya xanımla görüşüb Ə.Hüseynzadənin Bakıda yaşayan qardaşı nəvəsinin (Cəmilə xanımın) evinə gedəcəkdik. Təəssüf ki, görüş təxirə salınıb vaxtı dəyişdirildi. Bəlkə də xeyirlisi bu oldu. Yoxsa yazımızın son sətirləri işıq üzü görməyəcəkdi.

Bakıda saat 21°°-dır. İstanbul vaxtiləsə 19°°. Telefonun bir-neçə çağırışından sonra Feyzavər xanım dəstəyi qaldırır. Hal-əhvaldan sonra, atasının doğum günü münasibətilə telefon açdığımı bildirdikdə səsindəki kövrəklik açıqca duyulur. Fəhmim isə göz yaşı hiss edir. Fərəh, sevinc, həyəcan qarışıq tutqun bir ifadə ilə: “Əfəndim, siz çox naziksiniz” – deyir. Səidə xanımı soruşuram. Həyatda qaldığına şükür etdiyini, amma ünsiyyət saxlama halında olmadığına üzüldüyünü bildirir.

Sağollaşıram… Bir xeyli xəyala daldıqdan sonra yazdıqlarımı nəzərdən keçirirəm. Biganəlik, varislik və azərbaycançılıqla bağlı məqamlara əl gəzdirmək istəyi yaransa da fikrimdən daşınıram. Müqayisə nə qədər mübaliğəli olsa da bir gün öncə yazılmış və ilk təəssüratdan doğan xatirəyə toxunmağı “həqiqəti saxtalaşdırma” sayıram.

İnsan ağlı “həqiqət” deyilən bir şeyi dərk etməyə qadirdirsə, o bu anda özünü şəxsi yozumumda belə əks etdirdi: Hüseynzadə ruhu yalnız Bakı və İstanbul, Azərbaycan və Türkiyə deyil, bütün Turan elini, türklərin mənəvi dünyasını hifz edən, bağlayan ilahi bir sehrdir… Əgər ruhun əbədiliyinə inanırıqsa, deməli, bir əsrlik irsi təcavüzdən qoruyan, keçmişlə gələcək arasında körpü yaradan, milli istiqbala ilham verən də odur. Həmin ruhdan güc alan təəssübkeşlər, Hüseynzadə irsinin ötürücüləri, mənəvi varisliyin daşıyıcıları var olduqca əski Turan övladlarının geni daha da saflaşacaq, qan yaddaşı durulacaq, turançılıq bağları möhkəmlənəcək.

 

* * *

Şərq və Qərb hüdudlarına sığmayan Turan dünyası

(Səlim Turanın İstanbul Universitetində sərgilənən yaradıcılıq irsi barədə)

 

Haqqında azdan-çoxdan bilgim olsa da, əlimdə yeganə yazılı mənbə “Qobustan” jurnalının 2000-ci il, 1-ci sayında dərc olunmuş (Tofiq Abdinin təqdimatında) “Böyük insan olmaq sənəti…” (Ərhan Qaraəsmən, Oğuz Qaraəsmən) və “Səlim Turan ilə bir neçə saat…” (Özay Ərkılıç) məqalələri idi. Bəlkə heç kiçik bacısı ilə görüşümüz də bu yazını qələmə almaq istəyi yaratmayacaqdı. Hər şey İstanbul Universitetinin mərkəzi binasında nümayiş etdirilən daimi sərgiyə baxdıqdan sonra doğdu.

Sərgi barədə məlumatı Feyzavər xanımdan almışdıq. Əslində Səlim Turanın sənətkarlığı ilə çoxdan maraqlanırdım. Ə.Hüseynzadənin həyat və yaradıcılığı ilə bağlı hər bir şeyə maraq göstərdiyimi bilən heykəltəraş dostum Nəriman Məmmədov, əlinə düşən materiallarla məni də tanış etməyi unutmurdu. Həmyerlisi Ə.Hüseynzadənin Salyanın mərkəzində ucaldılmış tunc abidəsinin, onun Salyan şəhər diyarşünaslıq muzeyində saxlanılan büstünün, habelə bir sıra eskizlərin müəllifi Nəriman bəy Səlim Turan haqqında da xeyli informasiyaya malik idi. Görünür sərgiyə baxdıqca həmin məlumatlar və şüuraltı yığıntılar da dadıma çatırmış.

Arzumuza rəğmən adının “tarixə düşməsini” istəməyən bir dostumla saat 13°°-da özümüzü qaranəfəs sərginin yerləşdiyi binaya çatdırdıq (səfərimizin sonuncu günü olduğundan vaxt daralmışdı). Nəzarətçi polislər nahar fasiləsi olduğu üçün bir saat gözləməyimizi xahiş etdilər. Bakıdan gəldiyimizi, bizim də elə vur-tut, olan-qalan 1 saat vaxtımız olduğunu söyləyərək, 5-10 dəqiqəlik olmuş olsa belə sərgiyə baxmağımıza icarə vermələrini rica etdik. Allahtərəfi, xahişimizi eşitdilər və bizi ekskursavoda “təhvil verdilər”. Qızcığaz nahar fasiləsini bizə həsr etdi. Həm də sevə-sevə, maraqla, istəklə, nəzakətlə. Sonda rəylər kitabına ürək sözlərimizi yazdırmağı da unutmadı.

Doğrusu, əvvəlcə sərgi barədə yalnız təəssüratlardan doğan düşüncələrimi yazmaq fikrindəydim. Elə ki, gümanım gələn qəzet və jurnal səhifələrini vərəqlədim, onda fikrimi dəyişdim. Məqaləmizin əvvəlində adı çəkilən yazılar istisna olmaqla, Səlim Turanla əlaqəli elə bir mənbə tapmayınca, buraya bioqrafik məlumatları da daxil etməyi lazım bildim.

Hüseynzadə Turanın Türkiyədəki fəaliyyətini araşdıran Ə.H.Bayatın verdiyi məlumatdan da aydın olduğu kimi, Əli bəyin 9 iyul 1912-ci il tarixində evləndiyi həyat yoldaşı Ədhiyə xanımdan (1890–1944) Səidə (1914) və Feyzavər (1920) adında iki qızı və Səlim (1915–1994) adında bir oğlu olmuşdur. Səidə xanım (Santur) Lyon Universiteti Fizika-Riyaziyyat (1938), Səlim bəy İstanbul Gözəl Sənətlər Akademiyası Rəsm Bölümünün məzunudur. Feyzavər xanım (Alpsar) isə, evliliyi səbəbindən Gözəl Sənətlər Akademiyasının son kursundan ayrılmışdır.

Səlim Turan öz qələmindən çıxan tərcümeyi-halında yazır: “1915-ci ildə İstanbulda doğulmuşam. Tibb Fakültəsi professoru Dr. Hüseynzadə Əli Bəyin və Ədhiyə xanımın oğluyam. Birinci sinfə Bəyaziddə Nümunə Zükür məktəbində başla­mı­şam. Qalatasaray Lisəsinin son sin­fin­dən İstanbul Gözəl Sənətlər Akademiyasına keçmişəm. 1937-ci ildə xarici ölkələrə səyahətə çıxaraq bir sıra Qərb ölkələrində rəsm və sənət tarixi ilə bağlı tədqiqatlar aparmışam. Akademiyanı bitirdikdən sonra – 1938-ci ildə İstanbulda dəyişik orta təhsil müəssisələrində müəllimlik fəaliyyətinə başlamışam. Həmin illərdə müxtəlif sərgilərə qatılmışam”.

Bu illərdə Səlim Turan özünü Türkiyə miqyasında tanınmış bir rəssam kimi təqdim etməyə nail olur. Hətta, 1941-ci ildə ilin rəssamı seçilir. Bu adı o, xalq evlərinin 10 il dalbadal Anadoluya göndərdiyi rəssamların əsərlərindən ibarət sərgidə qazanır. Sayı 20-yə yaxın olan həmin əsərlərdə rəssamın qarış-qarış gəzdiyi yerlərin təbiət mənzərələri, xalq həyatı tərənnüm edilmişdir. Adət-ənənəni, insanların məişətini əks etdirən əsərlər içərisində “Tütünçülər”, “Dəvəli peyzaj” kimi bir-birindən fərqli mövzular yer tutmaqdadır.

Folklora, ənənəyə söykənən işlər sırasında rəssamın “Sarı qız” əfsanəsindən ilhamlanaraq yaratdığı tablolar diqqəti daha çox cəlb edir. Ümumiyyətlə, 40-cı illərdə Türkiyədə rəsm sənətinin xalqa sevdirilməsi və xalqa tanıdılmasında Səlim Turanın özünəməxsus xidmətləri olmuşdur.

Səlim bəyin 1947-ci ildən sonrakı sənət həyatı Parislə bağlıdır. O, 1950-ci illərdə abstrakt üslubda çoxsaylı əsərlər üzərində çalışır. Sonrakı illərdə portret və peyzaj janrındakı yaradıcılığı üstünlük qazanır. İşləri Türkiyə və Fransa ilə yanaşı digər ölkələrdə də sərgilənir. İlk sərgisi 1950-ci ildə Britaniya Qalereyasında açılır. Burada rəssamın yalnız abstrakt janrda yaratdığı işləri nümayiş etdirilir. 1956–1958-ci illərdə Qravin Qalereyasında Səlim Turanın (yenə mücərrəd əsərlərindən ibarət) daha iki sərgisi açılır. Bu sıralarda o, Ronson Akademiyasında həm idarə işlərində çalışır, həm də dərs verir. Yaxın dostları və tələbələrindən ibarət beş nəfərlik, təşəbbüskarlığı ilə fərqlənən qrup yaradıb, müxtəlif işlərdə çalışırlar. Cürbəcür eksperimental sərgilər təşkil edirlər.

1960-cı illərdən sonra heykəl və memarlıq məkanını düzənləmə çalışmaları ilə məşğul olan Səlim Turan məktəb binalarının və yaşayış evlərinin həyətlərini bəzəyən divar pannolarının tərtibində də uğurlu işlər görür. O, yuxarıda sözügedən qrupla birlikdə, sifarişli qaydada Fransanın ayrı-ayrı şəhərlərində məktəblərin giriş yerlərini, koridorlarını, konfrans zallarını və yeməkxanalarını rəsmlərlə bəzəyir, bağçalara qoyulmaq üçün heykəllər işləyir. Habelə, metal heykəllər düzəltmək məqsədilə Marsilyaya gedir, bir tələbəsi ilə birlikdə Lillə Texnik Universitetində çalışır. Daha sonra İtaliyaya səfər edərək mərmər heykəllər sahəsində təcrübəsini zənginləşdirir. Mərmərdən hazırlanmış işləri burada daha çox dəyərləndirdiklərindən o, Carlar yaxınlığındakı Pietra Santa qəsəbəsində məhz bu fəaliyyətə üstünlük verir. Burada hazırladığı heykəlləri sifarişdə nəzərdə tutulan yerlərdə qoyur.

Göründüyü kimi, Səlim Turanın yaradıcılığı janr müxtəlifliyinə görə rəngarəng olduğu kimi, onun əsərlərinin yayıldığı ərazilər miqyas baxı­mın­dan da genişdir. Nümunə üçün onu deyə bilərik ki, təkcə Fransada onun 20 şəhərdə əsərləri vardır.

1975-ci ildə Fransadakı Prieure de Vivoin Kültür Mərkəzi Səlim Turanın 40 illik yaradıcılığını əhatə edən retrospektiv bir sərgi təşkil edir. Burada rəssamın 250 işi nümayiş etdirilir. Bunlar içərisində abstrakt janrlı işlərlə yanaşı müxtəlif mövzulu heykəl, portret, peyzaj əsərləri də tamaşaçıların diqqətini cəlb edir. Həmin sərgi münasibətilə buraxılan kataloqda Madelein Russo, Robert Virinat, Gindertahal Qlande və Rivere Vessel kimi tanınmış sənət tənqidçilərinin Səlim Turan yaradıcılığına dair fikirləri, məqalələri, habelə, Albert Marçhaisin ona həsr olunmuş şeri çap edilmişdir.

Səlim Turan yaradıcılıqla yanaşı, həm də 1953–1955-ci illərdə Parisdəki Academie Ransonda pedaqoji fəaliyyətə başlayır. Bu işi Ecole d’Art de Fontainebleauda davam etdirən rəssam, daha sonra Academie Goetzdə müəllimlik edir.

Hartunq, Manassier, Bazin, Nerbin, Sulage, Piqnon, Lui Araqon kimi məşhur rəssamlarla tanışlığı, Avropa həyatının dolanbaclarında bəzən mənəvi məhrumiyyətlərlə, maddi sıxıntılarla üzləşən Səlim Turana həyan olmuşdur. Pikasso ilə mehriban yoldaşlığı, yaradıcılıq ünsiyyətində olması, bir rəssam kimi Səlim Turan sənətkarlığının göstəricilərindən sayıla bilər.

Uzun illərdən sonra – 1979-cu ildə, Səlim Turan nəhayət ki, Türkiyəyə gəlmək şansı qazanır. Bu tarixə qədər – 30 ildən artıq zaman müddətində doğulduğu ölkəyə bir dəfə də olsun gələ bilməməsi, gəlməsinə izin verilməməsi, qürbətdə yaşaması, O.Qaraəsmənin ifadəsilə desək “bu məmləkətin üz qaraldacaq ayıblarından biridir. Və bu ayıblar arasında, xüsusilə, Səlim Turana haqsızlıq seçilməkdədir. Bu inanılmaz acını nə özü, nə də bu ağrıları onunla birlikdə yaşayan həyat yoldaşı Şahika xanım heç bir zaman gözə soxmadılar, onu bir şüar olaraq göstərmədilər və dərdlərini heç kimsəyə danışmadılar və bundan bir təbliğat, bir sərgi olaraq istifadə etmədilər. Bu üzüntünü illərlə içlərində, ürəklərində yaşadılar, yaşatdılar və əritdilər…”.

 

Həyatının sonrakı illərini gah Parisdə, gah da İstanbulda keçirən, ömrünün son 15 ilini bu iki möhtəşəm şəhər arasında paylaşan rəssamın sənət dünyasına yeni-yeni rəngarəng cizgilər əlavə olunur. Qəriblik hissindən doğan sıxıntılara, vətən həsrətinin yaratdığı pərişanlığa son qoyulduqdan sonra yaşanan ikili həyat tərzi, ona Qərb – Şərq sintezini də içərisində əritdiyi mücərrəd təfəkkür və sənət düşüncəsindən tutmuş ekzotik qavrayış tərzinə qədər yüksək bədii-estetik və fəlsəfi zövq sahibi olan şəxsiyyət titulu qazandırır. Sənətin belə bir zirvəsində İstanbul və Ankarada çeşidli sərgiləri açılır.

Paris – İstanbul sənət körpüsündə var-gəl edən sənətkar, vaxtilə üzərində çox çarpışdığı “Sarı qız” mövzusuna yenidən qayıdır. Fikrən çoxdan məşğul olduğu mövzunun layihəsini İstanbul və Parisdə cızır. Nəhayət, bu düşüncələrin və Ankaranın isti yay günlərinə təsadüf edən gərgin çalışmaların bəhrəsi olaraq açıq hava üçün nəzərdə tutulmuş orijinal bir heykəltəraşlıq əsəri meydana çıxır.

Səlim Turan Ankara və İstanbuldakı son çalışmalarından sonra döndüyü Parisdə (13 oktyabr 1994-cü il) əbədiyyətə qovuşur. Keramika ustası olan həyat yoldaşı Şahika Turan Kültür Bakanlığının dəstəyi ilə 2001-ci ilin fevral ayında İstanbul Atatürk Kültür Mərkəzində Səlim Turanın sənət həyatının bütün dövrlərini əks etdirən retrospektiv sərgi düzənləyir. 2003-cü ildə isə Şahika xanım Səlim Turanın 232 tablo və 11 heykəldən (qəlibləri ilə birlikdə) ibarət yaradıcılıq irsini daimi sərgidə nümayiş etdirilmək üçün İstanbul Universitetinə bağışlayır. Həmin ildəcə İstanbul Universiteti Kültür, Sənət və Bilim Mərkəzi rektorluğun yerləşdiyi əsas binanın gücləndirilməsi və restavrasiyasından sonra sərgi salonunu tamaşaçıların üzünə açır. Rəsm qalereyasında Səlim Turanın əsərləri ilə yanaşı, vaxtilə onun müəllimi olmuş Feyhaman Duranın və həyat yoldaşı Güzin Duranın çoxsaylı tabloları da sərgilənməkdədir.

İndi də bir neçə kəlmə sərgi barədə. Sözün düzü Bakıda az-az sərgi salonu tapılar ki, bununla müqayisəyə gəlsin. Enli koridoru əhatə edən və bir-birinə keçidləri olan on iki zal.

Zalların böyüklüyü, eksponatların çoxluğu, vaxt azlığı gördükləroimi yadda­şımda həkk etməyə imkan vermirdi. Mövzunun birini “həzm” etməmiş, yenisinə keçdikcə aləm bir-birinə qarışır, duyğularım kütləşir, sanki heç nə anlamırdım. Etiraf edim ki, burada digər rəssamların – Feyha­man Duran və Güzin Duranın da əsərlərinin olduğunu biz yalnız otaqların çoxsunu gəz­dikdən sonra bildik. Odur ki, tez-tələsik geri qayıdıb baxdıqlarıma yenidən seyr etdim. Bu dəfə artıq ekspozisiya haqqında məlumat verən xanımı daha çox danışdırmağa çalışır, dediklərinə diqqət kəsilirdim.

Zalların ikisində Səlim Turanın 1950-ci illərə qədərki, yəni Türkiyə dövrü yaradıcılığı nümayiş etdirilir. Mövzu sərbəstliyi içərisində olmuş olsa belə, bu əsərlərdə realizm nişanəsi, hər kəsin görə biləcəyi həyat hadisələri, təbiət və məişət təsvirləri üstünlük təşkil edir. Xalq ruhuna, ənənəyə bağlılıq, folklordan, tarixi irsdən bəhrələnmə özünü daha aşkar büruzə verir bu əsərlərdə.

Sərginin böyük qismini abstrakt mövzulu əsərlər bəzəyir. Sərbəst vəzndə yazılmış şerləri xatırladır bu işlər. Qeyri-müəyyənliyin içərisində qəribə bir ahəng, tarazlıq, simmetriya, axıcılıq vardır. Sulu boya, quaş, qrafik və s. üslubda çəkilmiş tablolarda – portretlərdə, peyzajlarda, rəqs edən qadın rəsmlərində, hətta kiçik formalı heykəltəraşlıq nümunələrində insana rahatlıq gətirən, xoş, nikbin əhval yaradan izahedilməz təsir gücü ilə yanaşı, həm də düşündürücü və təlqinedici bir sehr də duyulur. Müsbət biotoklar ötürülür seyrçiyə, sanki rəssamın ruhu ilə tamaşaçı arasında ilahi bir rabitə yaranır.

Hərdən mənalandıra və mahiyyət kəsb etdirə bilmədiyim işlərin adlarını axtaranda (fantaziyama təkan versin deyə) və bunu görməyəndə təəccübümü gizlədə bilmirdim. Duruxduğumu görüb, ürəyimi oxuyurmuş kimi, bizə görə öglesini (günorta yeməyini) ötürmüş xanım bildirdi ki, buradakı heç bir əsərin üzərinə adı yazılmamışdır. Bu, “Şahika xanımın tövsiyəsidir” – dedi. Əvvəldən bu rəsmlərə müəllif tərəfindən ad qoyulub-qoyulmadığını deyə bilmərəm, amma güman etmək olar ki, belə bir orijinallıq, seçim, tamaşaçı üçün yaradılan improvizə sərbəstliyi Şahika xanımın Səlim bəylə mücərrəd əsərlər barəsindəki söz-söhbətldərinin, fikir mübadiləsinin bəhrəsidir. Çünki, müəllif fikrinin birbaşa açılışı, şərti adlarla diqqətin yönləndirilməsi abstrakt janrın xüsusiyyətlərinə, prinsiplərinə də yaddır. Hər bir tamaşaçıya mövzunu öz yozumunda qavrama imkanı vermək istəyindən doğur bu tələb.

Ərəb əlifbasının hərfləri ilə bəzədilmiş, daha doğrusu, müxtəlif hərf birləşmə­lərindən (sözlərdən) ibarət kompozisiyaları hər tamaşaçı qavraya bilməsə də, rəng seçiminə, simmetriyaya heyran olmaya bilmirsən.

Sərginin çoxsaylı eksponatları içərisində ara-sıra yerləşdirilmiş heykəllər adamda xoş ovqat oyadır. Fəlsəfi yanaşma bu işlərdə daha aydın sezilir. Qəlibçilikdən uzaq olan bu işlər, mövzu yaxınlığı, üslub oxşarlığı duyulsa belə, kompozisiyası, forması, plastik həlli baxımından bir-birini təkrarlamır. Onun sırf rəmzi mənalar daşıyan kompozisiyalarında personajların görkəmi, subyektiv-fərdi siması, sərbəst mövzu­ların təsviri hər hansı bir əhval-ruhiyyədən təcrid olunmuşdur. Bu səpgili əsərlərdə obraz özünü hərəkətin xarakteri, xüsusilə, formanın plastik traktovkası vasitəsilə büruzə verir.

“Tarazlıq”, “Mizan tərəzi”, “İnsan və kainat” və s. müxtəlif yozumlarda adlandırıla bilən əsərlərdə rəssamın həyatın mənası, insanın taleyi, məkanın hüdudsuzluğu, zamanın əbədiliyi kimi bəşəri mövzulara orijinal mənalandırmaları adamı heyrətləndirir.

Abstrakt janrın eskperiment və improvizə imkanlarından məharətlə istifadə edən Səlim Turanın yaradıcılığında Qərb-Şərq sintezi əsas leytmotivlərdəndir. Ə.Hüseyn­za­dənin rəssamlıq istedadından oğluna nə qədər pay düşdüyünü, bu irsdən, təcrübədən, ənənədən Səlim bəyin nə dərəcədə yararlandığını deyə bilmərəm, müşahidələrim təkcə bunu deməyə əsas verir ki, atasının “Üçlü düsturu” onun yaradıcılığından qırmızı xəttlə keçir. “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədayi” yetişdirən Ə.Hüseynzadə idealları Səlim Turanın sənət dünyasının şah damarıdır…

İstanbul – Bakı, fevral 2004

mubariz_suleymanli@yahoo.com

 

 

Yorum yazmaq istəyirsinizmi?