Rusiya parlamenti Ukraynaya qoşun yeritməyə icazə verib

rusiya

Oyannews: Parlamentin üst palatası prezident Putinin müraciətini yekdilliklə təmin edərək Ukrayna ərazisində Rusiya silahlı qüvvələrinin istifadəsinə icazə verib.

Şənbə günü güc strukturlarını öz tabeçiliyinə keçirən Krımın yeni baş naziri Sergey Aksyonov Rusiya prezidenti Vladimir Putindən region ərazisində əminamanlığın təmin olunmasında dəstək istəyib.

Кiyev cümə günü vəzifəyə gələrkən səlahiyyətlərini genişləndirən Sergey Aksyonovun seçilməsini qeyri-qanuni tanıyıb.

Ukraynanın keçid hökumətinin rəhbəri deyib ki, ölkəsi “Rusiya təxribatlarına uymayacaq”.

Arseniy Yatsenyuk bu bəyanatla Viktor Yanukoviçin devrilməsindən sonra müvəqqəti hökumətin keçirdiyi ilk iclasında çıxış edib.

Cümə günü ABŞ prezidenti mümkün hərbi müdaxilə ilə bağlı xəbərdarlıqla çıxış edib.

Rusiya bayraqları

Şənbə günü əsasən rusdilli əhalinin yaşadığı və paytaxt Kiyevdən sonra Ukraynanın ikinci böyük şəhəri olan Xarkovdakı eyni adlı vilayət administrasiyası üzərində Rusiya bayrağı qaldırılıb, bu xəbəri UNİAN agentliyi yayıb.

Rusiya bayrağının cənub Mariupol şəhər bələdiyyəsinin üzərində də qaldırıldığı xəbər verilir. Rusdilli şərqdə yerləşən iri Donetsk şəhərində nümayişçilər vilayət hakimiyyəti binasındakı Ukrayna bayrağını cırdırqdan sonra Rusiya bayrağını asıblar.

Şənbə günü həbi formalı şəxslərin nəzarəti altına keçmiş Krım parlamenti əsgərlər tərəfindən mühasirəyə alınıb.

Hadisədən bir gün əvvəl isə hərbi nişanələri olmayan hərbçilər Krımdakı Sevastopol və Simferopol aeroportunda keşik çəkməyə başlayıblar.

Xəbərdarlıq

Amerika prezidenti Barack Obama Rusiya hərbçilərinin fəallaşması ilə bağlı xəbərlərin “dərin narahatlıq” doğurduğunu bildirib.

Onun sözlərinə “Ukrayna suverenliyi və ərazi bütövlüyünün hər bir şəkildə pozulması” ciddi qeyri-sabitliyə səbəb olaraq nə Rusiya, nə Ukrayna, nə də ki Avropa maraqlarına cavab vermir.

Barack Obama Ukraynaya müdaxilənin nəticələrilə bağlı xəbərdarlıqla çıxış edib. Lakin o müdaxilə təqdirində Amerikanın nə kimi reaksiya verəcəyini dəqiqləşdirməyib.

Ehtimal olunur ki, bu Rusiyanın istədiyi daha yaxın iqtisadi əlaqələri rədd etməklə müəyyən təzyiq şəklini ala bilər. Rusiyanın iyun ayında qəbul edəcək Böyük Səkkizlər sammitinin boykotu da həyata keçirilə bilər.

Əlavə qüvvə

Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Rusiyanı yarımadada mənzillənən Qara dəniz donanmasına yüzlərlə əsgər və əlavə hərbi texnika göndərməkdə suçlayıb.

Ukraynanın müdafiə naziri Krıma artıq 6 min əsgərin göndərildiyini bildirib.

Ukrayna sərhədləri yaxınlığında hərbi təlimlər keçirən Moskova aeroportların nəzarətə alınmasında əli olmadığını və yarımadadakı hərbi yerdəyişmələrin beynəlxalq sazişlərə uyğun aparıldığını bildirib.

Krımda Rusiya qoşunlarının qalmasını tənzimləyən sazişə əsasən hərbi-dəniz donanması ərazisi kənarındakı yerdəyişmələr Ukrayna hakimiyyətilə razılşadırılmalıdır.

Qaynaq: BBC Azəri

Yorum yazmaq istəyirsinizmi?