İki azərbaycanlı fəal 300 min tümən cərimələnib

20خرداد-5

Oyannews: Urmiya gölünə görə tutulmuş 5 azərbaycanlı fəal barəsində məhkəmənin çıxardığı hökm açıqlanıb.

Panoram.az-ın “Oyannews”a istinadən məlumatına görə, Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində Rəhim Həmlbərin sədrliyi ilə keçən prosesdə azərbaycanlı fəallar Abdulla Nuri və Vəhid Vəlizadənin hər biri 300 min tümən məbləğində cərimələnib.

Ancaq Miryasin Seyid Hüseyni, Əkbər Əbulzadə və Nima Abbaspura isə bütün ittihamlardan bəraət verilib. Təbrizin “Abresan” meydanında tutulmuş azərbaycanlı fəalların məhkəmə prosesi bu il avqustun 4-də və 22-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilib və onlar ictimai asayişi pozmaqda günahlandırılıblar.

Qeyd edək ki, iyunun 10-da axşam saatlarında Təbriz və Urmiya şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz olaraq aksiyalar keçirilib.

Onlar küçə və meydanlara çıxaraq “Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Urmiya gölü səslənir: susuzam haray, haray!” və “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!”, “Gəlin gedək ağlayaq, Urmiya gölün dolduraq!”, “Sədlərini sındırın, Urmiya gölün doldurun!”, “Ruhani, Ruhani, vədələrin bəs hanı?” kimi şüarlar veriblər.

Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz və Urmiya şöbələrinin əməkdaşları aksiyanın qarşısını almaq üçün dinc nümayişçilərə qarşı zor tətbiq edib, onlardan bəzilərinə xəsarətlər yetiriblər.

Nəticədə Təbrizdə 14, Urmiyada 12 azərbaycanlı fəal həbs edilib. Təbrizdə Urmiya gölü ilə bağlı tutulmuş azərbaycanlı fəallardan 5 nəfəri barəsində bir ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Belə ki, Təbriz İnqilab Məhkəməsi M.Hüseyni (Xoy sakini, Təbriz Universitetinin tələbəsi), Ə.Əbülzadə (Əhər sakini), N.Abbaspur (Təbriz sakini), A.Nuri (Təbriz sakini) və V.Vəlizadəni qanunsuz toplantılara qatılmaqla ictimai asayişi pozmaqda günahlandırıb.

Onlar iyunun 11-də Təbriz Mərkəzi Həbsxanasının karantin bəndində köçürülüblər. Eyni zamanda azərbaycanlı fəalların hər biri üçün 100 milyon tümən məbləğində mülk girovu təyin edilib. Ancaq Arman Zakir, Əfşin İsmayılzadə və digərləri ailələrinin qoyduğu mülk girovu qarşılığında azadlığa buraxılıblar.

N.Abbaspur, V.Vəlizadə və M.Hüseyni iyunun 16-da, Ə.Əbülzadə və A.Nuri isə iyunun 18-də Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıblar.

Bundan əlavə, Urmiya şəhərində də üç azərbaycanlı fəal – Nima Həsəni, Əta Kərimi və Yasir Əkbəridən başqa digər soydaşlarımız ailələrinin qoyduğu 1-4 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıblar. Onlar pantürkist qruplar təşkil etmək, siyasi yığıncaqlar və etirazlar təşkil etmək hazırlığında günahlandırılıblar.

Digər üç azərbaycanlı fəal üçün 20 milyon tümən məbləğində mülk girovu təyin edilib və onlar Urmiya Mərkəzi Həbsxanasının narkomanların saxlanıldığı kamerasına göndəriliblər. Y.Əkbəri, N.Həsəni və Ə.Kərimi iyunun 14-15-də bir həftə saxlanıldıqdan sonra ailələrinin qoyduğu 20 milyon tümən mülk girovu qarşılığında Urmiya Mərkəzi Həbsxanasından sərbəst buraxılıblar.

Yorum yazmaq istəyirsinizmi?