Həsən Ərk zəmanətlə azadlığa buraxılıb

hasan ark

Oyannews: Həsən Ərk azərbaycanlı fəal və jurnalist azadlığa buraxılıb.

Panoram.az-ın “Oyannews”a istinadən məlumatına görə, Həsən Ərk bir gün saxlanıldıqdan sonra sentyabrın 12-də mülk girovu qarşılığında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin təcridxanasından (Saib) sərbəst buraxılıb.

Qeyd edək ki, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Həsən Ərk və onun qızı Solmaz Ərki sentyabrın 11-də səhər saatlarında mənzilindən aparıblar. Eyni zamanda mənzildə axtarış aparıldığı, azərbaycanlı jurnalistə məxsus bütün əlyazmaların, kitabların, kompyüter keysinin və noutbukun aparıldığı bildirilir. S.Ərk həmin gün axşam saatlarında bir neçə saatlıq sorğu-sualdan sonra buraxılıb.

Xatırladaq ki, H.Ərk ETTELAAT əməkdaşları tərəfindən dəfələrlə həbs edilib və inqilab məhkəmələrinin qərarı ilə azadlıqdan məhrum edilib.

Belə ki, H.Ərk 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində verilən iftar mərasimi zamanı Urmiya gölünün qurumasının qarşısının alınması yollarını müzakirə edərkən 28 azərbaycanlı fəalla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Bir müddət sonra zəmanətlə müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəal bir il həbs cəzasına məhkum edilib. 2012-ci ilin dekabrın 9-da həbs edilmiş H.Ərk 9 ay məhbəs həyatı yaşayıb. Ancaq bu müddət ərzində həbsxana rəsmilərinin məsuliyyətsizliyindən yalnız həbs cəzasının sonunda bir dəfə izn hüququndan istifadə edə bilib. H.Ərk 2013-cü il sentyabrın 7-də Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Bundan əvvəl soydaşımız GünAzTV-yə müsahibəsi zamanı İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyiyə və ölkə polisinə böhtan atmaqda günahlandırılaraq 2012-ci ilin mart ayında Təbrizin Ümumi Cəza Məhkəməsi tərəfindən 50 zərbə şallaq cəzasına məhkum edilib. Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanıldığı müddətdə həmin cəza icraya qoyulub. Lakin H. Ərkin səhhəti, yəni bel ağrısı, astma və ürək xəstəliyindən əziyyət çəkməsi şallaq hökmünün yerinə yetirilməsinə mane olub. Euni zamanda azərbaycanlı fəal Yeni GAMOH üzvlərinə dəstək məqsədilə bir müddət aclıq aksiyası da keçirib. H. Ərk nəşrinə qadağa qoyulmuş “Şəms-e Təbriz” (“Təbrizin günəşi”) qəzetinin redaksiya heyətinin üzvü olub.

İlgili xəbərlər:

Həsən Ərk qızı ilə birgə həbs edilib

 

Yorum yazmaq istəyirsinizmi?