“Səməd Behrəngi” ədəbi müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi

semed13

Oyannews: Mart ayının 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi və Diasporla iş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan litdiaspora.az-ın təsis etdiyi “Səməd Behrəngi” adına ədəbi müsabiqə iştirakçılarının mükafatlandırılma mərasimi keçirilib.

Oyannews’un AYB.az saytının xəbərinə görə,Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi “Cənubi Azərbaycan” şöbəsinin rəhbəri Sayman Aruz qonaqları salamladıqdan sonra müsabiqə haqqında iştirakçılara məlumat verib: “Səməd Behrəngi Bütöv Azərbaycanın və türk dünyasının tanınmış yazarı, nasiri, publisistidir. Zəngin ədəbi irsi olan yazıçının əsərləri italyan, fransız, ingilis, türk dillərinə tərcümə olunub”.

Daha sonra müsabiqənin qaliblərinə mükafatları təqdim edən Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinə təşəkkür edən Sayman Aruz onların Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin genişlənməsində, möhkəmlənməsində əvəzsiz xidmətlərindən söz açıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında Diasporla iş üzrə Dövlət Komitəsinə, TİKA-nın Azərbaycan nümayəndəliyinə layihəyə dəstək olduqları üçün təşəkkür edib: “Ümid edirəm ki, bu müsabiqə Bakıya bir Təbriz havası gətirəcək. Belə layihələrin həyata keçirilməsi böyük ehtirama layiqdir”.

Bəşəriyyətin düşünən insanları – ədəbiyyat insanları arasında sərhəd olmamalıdır. Vahid mədəniyyət, düşüncə əsrlər boyu dəyişmir. Ədəbiyyat siyasi sərhədləri həmişə aşır. Bu mükafatlar ölkələr arasında sərhədlərin aradan götürülməsinə xidmət edir” – bu fikirləri tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi səsləndirib.

Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Asiya və Qafqaz üzrə nümayəndəsi Əli Öztürk və Azərbaycan təmsilçisi Mustafa Haşim Polad, Diasporla  iş üzrə Dövlət Komitəsinin nümayəndəsi yazıçı Günel Anarqızı, xalq şairi Söhrab Tahir çıxışlarında mükafat alanları təbrik ediblər, belə tədbirlərin mütəmadi olmasını arzulayıblar.

Səid Muğanlı, Ünal Kar, Elşad Barat, Reyhan Şıxlı, Sabir Nəbioğlu (ölümündən sonra), Esmira Fuad, Mərdan Əzimov, Səxavət Sahil, Mehman Qaraxanlı, Pərvanə Məmmədli, Mərdan Əzimov “Səməd Behrəngi” ədəbi müsabiqəsinin qalibləri seçiliblər.

Məlahət Qənbərova

semed11 semed12 semed13

Yorum yazmaq istəyirsinizmi?