
Oyannews: Aprel ayının 13 də Təbrizin 8-ci bölgə bələdiyyə binasının önündə özünü yandıran Həmid Fərruxi Dizəc Məlik Təbrizin Sina xəstəxanasında dünyasını dəyişdi.
Oyannews xəbər verirki, Aprel ayının 19-da Sina xəstəxanasının yoğun baxımında vəfat edən Həmid Fərruxi bugün Təbrizin “Vadiye Rəhmət” qəbirsanlığında dəfn edilib.
Həmid Fərruxi satdığı məişət əşyaların bələdiyyə məsulları tərəfindən müsadirə edilməsi və geri qaytarılmaması səbəbindən özünü yandırıb.
Yanan şəxsin yaxınlarının Oyannews’a verdiyi bilgiyə görə, Həmid Fərruxi bələdiyyənin məsullarından birinin otağında özünü yandırıb. Onlar həmçinin qeyd ediblər ki, Təbriz bazarı tərəfdə satış edən Həmid Fərruxinin satış üçün icazəsi varmış.
“ANAC” xəbər agentliyinin bildirdiyinə görə, təbrizli satıcının satdığı məişət avadanlıqları bələdiyyə məsulları tərəfindən müsadirə edilib və satıcı mallarını geri almaq üçün bələdiyyəyə müraciət edib. Lakin cavab almayınca avadanlıqlarının ona qaytarılmadığı təqdirdə özünə od vuracağını bildirib. Bələdiyyə məmurları 43 yaşlı vətəndaşın təhdidinə etinasız yanaşıblar. Çarəsiz satıcı isə üzərinə benzin tökərək bələdiyyə binasının önündə özünü yandırıb.
Şərqi Azərbaycan Təcili Yardım bölməsinin sözçüsü Həbib Hüseynqulizadənin bildirdiyinə görə, xəsarət alan şəxsi Sina xəstəxanasına yerləşdiriblər.Onun bildirdiyinə görə, Həmid Fərruxi özünü bələdiyyə binasından uzaq bir yerdə yandırıb.
Xatırladaq ki, bu, ötən bir ay ərzində İranın qeyri-fars bölgələrində bələdiyyə hücumuna məruz qalan səyyar satıcıların mediada işıqladırılmış ikinci belə intihar xəbəridir.Ötən mart ayında Xuzistan vilayətində rəsmi adı Xürrəmşəhr olan, amma əhalinin Mohəmmərə adlandırdığı şəhərdə Yunus Əsakirə adlı bir ərəb səyyar satıcı da bələdiyyə binası önündə özünü yandırmışdı. Yunus Əsakirə bir həftə sonra xəstəxanada vəfat etmişdir.