Dildə sinonim yoxdur

himmet shehbazi

Oyannews:

Hümmət Şəhbazi

Ağalar qut”un “türkiyəcə” anlayışı başlıqda sıra yazısını oxudum. Quzeyli-güneyli Ağaların yazılarının oxucusu çox olduğu qədər buraxdığı etki də genişdir. Yazıdan məncə iki müsbət-mənfi nəticə çıxarmaq olar. Birinci budur ki, ən azından güneydə gedən dil dəyişikliyi, dil yeniləşmə gedişi ləngiməyə tərəf gedə bilər. Quzeydə dil yeniliklərindən əlini üzərək türkiyədə yaranan yenilikləri öz içində sal-çıx edən güney bu yazı ilə iki yol ayrıcında qalacağı açiq-aydın görünür.

Ikincisi budur ki, dilin Ağalar bəy demişkən “necə gəldi” “yaradılsın” gedişatınin qabağı alinma ehtimalı var.

Ağaların hirsli yazısında bir çox həqiqətlər var. Özəlliklə onun bu sözü tam şübhə etmədən yerli-yerindədir: “Üstəlik, (türkiyədə) türk dilləri ailəsi içində təkləniblər, bizdən başqa heç kimi başa düşmürlər. Ancaq bu yanlışlarını aradan qaldırmaq üçün, çox pis mövqe tutublar: “Siz bizim sözlərimizi öyrənin, Dədə Qorqut-un, M. Kaşğari-nin sözlərini işlətsəniz belə, o sözləri bizim verdiyimiz mənalarda işlədin, biz sizi başa düşməsək də olar, siz bizi başa düşün, sonra da siz bizim dilimizdə danışın. Ortaq türkcə də bizim türkiyəcəmiz olsun.”

Ağaların yazısının bir çox bölümü ilə də razılaşmaq olmur.

Ümumiyətlə F.D.Sussure”a qədər dil məsələsində Gramerçilərin dedikləri hər şeydən ön sırada durur. Sussurela dilçilik yarandıqdan sonar, dilin sərt qayda-qanunları yumuşalaraq düşüncələr də Gramerçilərlə dilçilər arasında parçalanaraq fərqləndi. Ağaların indiyədək yazdığı və yaxud tərcümə etdiyi yazılarında ümumiyətlə ikinci axımı qabarıq şəkildə görmüşdüm. Deməyim budur ki, Ağalardan daha çox dilə fəlsəfə və dil fəlsəfəsi və yeni nəzəriyyəçilik baxımından yanaşmasını gözləyirdik.

Dilçilik bucağından məsələyə yanaşdıqda, yaranan hər bir kəlməninüzərində bir növ razılaşma olduğunu görürük. Daha doğrusu, Ağalar bəy sussuredan öncəki düçüncəni doğrultmaq qəsdindədir. 19.cü yuz illiyə qədər dili, əşya və anlayışlarla uyğun gəldiyi üçün normal sanırdılar. Yəni dildə bunların hər boyutu üçün uyğun bir kəlmənin olduğunu vurğulayırdılar. Onlardan qırağa çıxmaq isə böyük suç sayılırdı. Eyniylə Ağaların bu yazısında yürütdüyü düşüncə kimi. Sussure isə bu düşüncənin əleyhinə oldu; və dilin içində yaranan kəlmələri bir növ razılaşma adlandırdı. Bu razılaşma istənilən anda pozula bilər, dəyişilə bilər, gəlişdirilə bilərdi. Yəni onun nəzərində məsələn Ağalar demişkən “tualet” sözü başqa dillərdə mumkundur başqa başqa sözlərlə (elə belədir də) işarətlənirdi. Bu zaman, yəni razılaşma nəticəsində “uçaq” kəlməsinə “tualet” də demək olardı.

Deməyim budur ki, heç dildə ümumiyətlə sinonim kəlmələr yoxdur. Sinonimləri razılaşma nəticəsində bir-birinə yaxınlaşdırırıq. Çox sadə bir örnək deyirəm. siz dostunuzu evə dəvət etdikdə və heç çətinlik çəkmədən ona deyirsiniz ki: “buyur evə!”. Indi soruşuram “buyur sözünü “tualetə buyur” kimi də istifadə etmək olarmı? Yəni bunu dostunuz tualetə keçmək üçün də istifadə edə bilərmisiniz? Göründüyü kimi bir kəlmə muxtəlif məqamlarda yerləşdikdə heç zaman bir məna daşımır. Yekə, böyük və nəhəng sözləri sinonim kimidir. Ancaq cümlə quruluşunda sinonim ola bilmirlər. boyca büyük olana “yekə, zırpı” demək olur. Ancaq bu adamı duhalı, zəkalı və yasud mənəvi bir adam olması üçün “ zırpıdır” demək olmaz.

Ağalar bəyin metodundan istifadə edərək bir sıra sözləri onun tərəfindən yanlış yozulduğunu da görürük. Məsələn “son uc” sözündə belə fikir irəli sürür ki bu söz ərəbcədə “axır” sözündən yaxa qurtarmaq üçün yaranmışdır. Belə deyil. Türkiyədə (bizdə də elə) “axır” kəlməsinin qarşılığı son uc yox, son sözüdür. Diqqətinizə yetirməliyəm ki ərəbcədə “axır” sözünün mənası “son uc” yox, “başqa”dır. Bunu həmi də fars qaynaqlarında “be ebaret_i oxra” yəni bizim dildə “başqa sözlə desək” ibarətində də açiq-aydın görürük.

Mən bu kimi işlərlə işim yoxdur. Onların kökü nə olur olsun, indilikdə onlarin anlamı dəyişilərək başqa cıhazda istifadə olunur. Məgər təkcə bizim dildə kəlmələr kökündə olan mənani dəyişibdirmi? Bütün dillərdə anlam dəyişmə prosesi görünür.

Məncə təmbəllik onları istifadə etməkdə deyil. Bu sınıxmışlıq da deyil heç. Təmbəllik özünə heç zəhmət vermədən ingilis, rus, fars, ərəb və b. dillərdə istifadə olunan sözləri eyni ilə dilimizdə istifadə etməkdədir. Doğa, durum, sonuc kimi sözlərin kökü (ağalarin yazısından da belə çıxır) bizim anadilimzdə də vardır. Doğa (doğmaq), durum(durmaq), və… ancaq işlək dairələri fərq edir. Birinin boyunu göstərmə üçün kaşğəridə belədir deyə: durumun 150 SM dir deyə bilmərik. Təbiyi ki kaşğəri zamanindan indiyədək sözlər anlamını təzələmişdir.və yaxud coğrafi baxımında “qərb” cəhətini göstərmək üçün “gün batan- batarı” deyə bilərik. Ancaq qərb ölkələri anlayışına nə deyəcəyik. Gün batar ölkələri demək olarmı?

Məncə bunların işlək yanlışlıqları onların yanlış məna doğurmasındadır. Yanlış və yaxud iki mənalıq törədən sözləri istifadə etməkdən çəkinməliyik. Örnək üçün: özümü tapdım yerinə “kəndimi tapdım” ibarətini istifadə etdikdə yanlışlıq yaranacaqdır. Ilk baxışda “kəndi” sözü coğrafi bir yer olduğu kimi seziləcəkdir.

Bir sorğu kimi soruşmaq istirəm. Ağalar bəy fəlsəfə və yeni nəzəriyyələr adamıdır. Görəsən bu nəzəriyyələri oxuduqda onlarda işlənən yani anlayışlı sözlərin ana dilində qarşılığına fikirləşibmi? Hətta yeni fəlsəfədə bir çox sözlər keçmiş anlaminda olduğu kimi işlənməyir. Bu sözlərə yeni anlayışlar yükləmişlər. bəs bu kimi prosenin qarşisinda nə etməsini düşünmüşlərmi? Bir sözlə quzeydəki təmbəlçiliyi davam etməli yoxsa türkiyədə yaranan sözlərdən yararlanmalıyıq?!

əgər yeni sözlərin yerinə yeni bir köksüz söz yaradırıqsa bu önəmlidir. Çünkü dildə dediyim kimi “razılaşma” birinci şərt kimi önəm daşıyır. Eyni halda türkiyədə yaranan sözlərin hamısınin da bizdə işlək dairəsinin fərqli olmasına riayət etməliyik. Strukturalizm”ə yapısalcılık deyilir türkiyədə. bizdə isə yerli yaraşıqlı qarşılığı var:”quruluşçuluq”. Quzeydə rahat yolu onun elə özünü istifadə etməkdə görmüşlər. Bunları riayət etdikdə türkiyədə işlənən sözlərin hansı zərəri var bizə? Daha doğrusu bizə hansı sınmışlıq, və yaxud qul şüuru verir: dilimizi yad və başa düşünülməyən rus, fars, ingiliz, ərəb … yoxsa ən azından bir qismi türk köklü olan türkiyədə yaranan sözlərmi?

Yorum yazmaq istəyirsinizmi?