Bakıda “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimatı keçirilib

14570258403276853283_1000x669

Oyannews: Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əli Poladın nəfis şəkildə yeni çapdan çıxmış “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimi keçirilib.

Təbrizin gələcəyi uğurunda mücadilə aparan Əziz Əliyevin xatirəsinə ithaf olunmuş kitabın təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, İrandan gəlmiş qonaqlar da iştirak ediblər.

Gecənin aparıcısı, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Təbriz sevgisindən və Əli Poladın doğulduğu yurda, torpağa sonsuz məhəbbətindən söz açıb.

R.Hüseynov deyib: “Təbriz yalnız şəhər deyil, o, azərbaycanlılar üçün öz təlqin etdiyi fəlsəfə ilə böyükdən böyük yoldur, həyat tərzidir. Təbriz həmişə yenilməz olub”.

Müəllifin bir-birindən dəyərli kitabları haqqında söz açan akademik deyib ki, Ə.Polad hər bir yeni əsəri ilə insanları düşündürür, onları kamilliyə səsləyir.

Bildirib ki, Əli Poladın Mirzə Əli Möcüzə, Ömər Xəyyama, həyat mənbəyi olan suya və digər mövzulara həsr etdiyi kitabların hər biri müəllifin böyük və gərgin zəhmətinin bəhrəsidir.

Diqqətə çatdırılıb ki, 862 səhifəlik “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabı 7 fəsildən ibarətdir. Nəşrdə 804 fotoşəkil yer alıb. Müəllifin Təbrizə sonsuz məhəbbətindən yoğurulan bu kitab beş dildə çap olunub.

Sonra Əli Poladın həyat yolundan bəhs edən videomaterial nümayiş etdirilib. Materialda müəllifin Təbrizdən başlanan və Türkiyədə davam edən həyat yolu, iş adamı kimi xeyriyyəçilik missiyası, müəllifi olduğu kitablar, reallaşdırdığı layihələr, qurub-yaratdığı müasir tikililər əks olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Azərbaycanın böyük ziyalısı Əli Poladın Səfəvilərin paytaxtı olmuş, Şəhriyarın şəhəri, qədim Təbrizi keçmişi, zəngin tarixi, insanları, həsrəti ilə Bakıya gətirdiyini söyləyib.

Tədbirdə çıxış edən digər natiqlər Əli Poladın mənəvi dünyasından, xeyriyyəçiliyindən, gördüyü işlərdən söz açıblar. Onun Vətənə, torpağa bağlılığını, insanlara və insanlığa münasibətini yüksək dəyərləndiriblər.

Bildirilib ki, böyük mənəviyyat adamı olan Əli Polad müəllifi olduğu bir çox kitabları pulsuz olaraq insanlara paylayıb.

Gecədə İrandan gəlmiş musiqi qruplarının ifasında Təbrizə həsr edilmiş mahnılar səsləndirilib. Bu ifaların sırasında Əli Poladın sifarişi ilə yazılmış bəstələr də yer alıb.

Tədbir çərçivəsində, həmçinin Təbrizə həsr edilmiş sənədli filmin və diskin təqdimatı keçirilib.

Tutduğu yola sadiq olan müəllif sonda “Mədəniyyətlərin beşiyi: Təbriz” adlı kitabını da təmənnasız olaraq oxuculara hədiyyə edib.

Qeyd edək ki, indiyə qədər Əli Poladın Türkiyə, Azərbaycan, İran və Rusiyada 24 kitabı işıq üzü görüb.

AZƏRTAC

 

14570258401809934367_1000x669 1457025840245548312_1000x669 14570258402647348130_1000x669 14570258403128730645_1000x669 14570258403276853283_1000x669 1457025840365627504_1000x669 14570258405252421903_1000x669 14570258406316855719_1000x669

 

Yorum yazmaq istəyirsinizmi?